Cahid Süleyman oğlu Quliyev (10 yanvar 1928, Ağdam — 16 iyul 1991, Bakı) — Fəlsəfə elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm xadimi
Cahid Quliyev | |
---|---|
Cahid Süleyman oğlu Quliyev | |
Doğum tarixi | 10 yanvar 1928-ci il |
Doğum yeri | Azərbaycan SSR, Ağdam |
Vəfat tarixi | 16 iyul 1991-ci il |
Vəfat yeri | Bakı şəhəri |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Tamilla Quliyeva |
Uşağı | 5 |
Elm sahəsi | fəlsəfə |
Elmi dərəcəsi | fəlsəfə elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | ADPU |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Mükafatları |
Quliyev Cahid Süleyman oğlu 10 yanvar 1928-ci il tarixində Azərbaycan Respublikasının Ağdam şəhərində anadan olmuşdur. 1944-cü ildə Ağdam şəhərində orta məktəbi bitirdikdən sonra Ağdam şəhərindəki iki illik müəllimlər institutunun fizika-riyaziyyat ixtisasına daxil olmuş, 1946-cı ildə həmin institutu bitirmişdir. Həmin il Cahid Süleyman oğlu Quliyev S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuş, 1951-ci ildə bu təhsilini də müvəffəqiyyətlə başa vurmuşdur. 1951-ci ildə universitetin fəlsəfə şöbəsini bitirdikdən sonra C. S. Quliyev taleyini Azərbaycan Dövlət Pedaqoji İnstitutuna bağlamış, ömrünün 40 ilini respublika üçün müəllim kadrların hazırlanması işinə həsr etmişdir. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin elmi sovetində "Fəhlə və kəndlilərin ittifaqını möhkəmləndirmək kommunizm quruculuğu üçün mühüm şərtdir" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmlər namizədi alimlik dərəcəsi almışdır. 1962-ci ildə ona dosent elmi adı verilmişdir. Fakültə dekanı vəzifəsində çalışan C. S. Quliyev 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin elmi sovetində "İncəsənətdə humanizm" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almışdır. 1974-cü ildə ona professor elmi adı verilmişdir. Bu illərdə C. S, Quliyev elmi kommunizm kafedrasının müdiri vəzifəsində çalışmışdır.
1957-ci ildə Quliyeva Tamilla Talıb qızı ilə ailə həyatı qurmuş, 16.07.1991-ci il tarixində dünyasını dəyişmişdir. Beş övladı, on bir nəvəsi, on bir nəticəsi var.
"Şərəf nişanı" ordeni ilə təltif edilmiş C. S. Quliyev 01.02.1990-cı il tarixində elmimizin inkişafındakı xidmətlərinə görə Azərbaycan SSR Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür.
C. S. Quliyev 30-dan çox elmlər namizədi və elmlər doktoru yetişdirmiş, 50-dən artıq elmlər namizədi və elmlər doktoru adını almaq üçün keçirilən müdafiələrdə rəsmi apponent kimi çıxış etmişdir. 25 kitab və kitabçanın, 100-dən artıq qəzet və jurnal məqaləsinin müəllifi kimi tanınmışdır. Onun "Tale varmı?" adlı ilk məqaləsi 1955-ci ildə "Azərbaycan müəllimi" qəzetində çap olunmuşdur. C. S, Quliyevin yazdığı əsərlər iki istiqamətdə olmuşdur: elmi-nəzəri və tədris-metodiki.