Carcar — bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda (xüsusilə Naxçıvan ərazisində) qədim kənd təsərrüfatı aləti. Taxıl döyümündə istifadə edilən ənənəvi əmək alətlərindən biri. Naxçıvan bölgəsində geniş yayılmış carcar üç əsas hissədən: çərçivə, pərli ox və oturacaq olmaqla üç hissədən ibarət düzəldilirdi. Dördbucaqlı formada olan carcar çərçivəsinin ortasına pərli ox keçirilirdi. Carcar xırmanda bir boyun qoşqu qüvvəsi vasitəsilə hərəkət etdirilirdi. Carcar hərəkət etdikcə ox fırlanır və dəmir dişlər küləşi doğrayıb əzirdi. Lakin carcar vasitəsilə sünbüllər kifayət qədər əzilmədiyindən onların bir qismi "diri" qalırdı. Ona görə də, taxıl sünbülü xırdalanıb "dənə düşəndən" sonra, çox vaxt carcardan sonra xırmanda ağac vəl sürülürdü.
Uzunluğu 2 m, eni 1.5 m olan və möhkəm ağac növlərindən hazırlanan carcar iki paralel qoldan, onları birləşdirən iki taxtadan, habelə iki oxa (çarxa) geydirilən ərsinəbənzər dəmir dişlərdən ibarət idi. Carcarın qolları üzərində onu idarə edən üçün oturacaq düzəldilirdi.
Carcara bir və ya iki öküz qoşulurdu. Alət hərəkətə gətirildikcə onun hər iki oxu fırlanaraq taxılı döyürdü. Carcar küləşin samana çevrilməsinədək işlədilir, daha sonra onu vəl əvəz edirdi.