Qara kotan

Qara kotan - mürəkkəb quruluşa malik qədim şum aləti.

Azərbaycanda VIII-IX əsrlərdə yaranmışdır. VIII-IX əsrlərdən məlum olan qara kotan əkinçilik texnikasının inkişafı baxımından təkmilləşmiş və yüksək məhsuldarlığa malik şum aləti hesab olunurdu. Qara kotanı digər şum alətlərindən fərqləndirən başlıca cəhət onun kəsilmiş torpaq layını aşırıb çevirməsindən ibarət idi. Əkinçilik təsərrüfatında qara kotanın yüksək şum aləti kimi dəyərləndirilməsi də məhz bununla, şum layını çevirməsi ilə bağlı idi. Kotan qoşqu heyvanlarına boyunduruq və «çatal» adlanan ağac yedəklər vasitəsilə qoşulurdu. Qara kotana, adətən, dörd boyun kəl, bəzən isə 6-8 boyun öküz və ya kəl qoşulurdu. XIX əsrin sonlarından başlayaraq, Azərbaycanın kənd təsərrüfatında təkmilləşdirilmiş yeni tipli metal kotanlar meydana çıxmışdır. Bundan sonra qara kotan tədricən təsərrüfat həyatından sıxışdırılıb çıxarılmağa başlamışdır.

Əsasən, üç hissədən ibarətdir. I əsas hissə binə, daraq, taxta, qılınc və əyribazı birləşdirir, II hissədə isə kotanın çarxları, oxu, topları və qırı yerləşir. Şum alətinin qoşulması üçün nəzərdə tutulan III hissə çatal, oturacaq taxtları və boyunduraqlardan ibarət idi.

Torpağın quruluşundan, şumun dərin və şırımın enli aparılmasından asılı olaraq kotana 8-10, bəzən isə 12 cüt öküz, yaxud kəl qoşulurdu.