Cedaizm (ing. Jedi census phenomenon) — qeyri-ənənəvi inanclardan biri.
"Ulduz müharibələri" filminin rejissoru Corc Lukas yəqin ki, onun filmi əsasında yeni bir dinin yaranacağını və həmin dinin ardıcıllarının hansısa ilahi gücün varlığına inanacağını ağlına belə gətirmirdi. Mütəxəssislər haqlı olaraq cedaizmin dindən daha çox, submədəniyyət anlayışına uyğun gəldiyini bildirirlər. Belə ki, onun ardıcılları öz icmalarını yaratmayıblar, heç bir dini binası, ayin və ibadətləri yoxdur.
Bilindiyi kimi, filmin müsbət qəhrəmanları hansısa gizli gücə malik, onları qüdrətli döyüşçülərə çevirən "Ceday" ordeni cəngavərləridir. Onlar özləri kimi qüdrətli, qara gücə sahib "sithlər" ilə mübarizə aparırlar. İşıqlı qılınclarla silahlanmış xeyir və şər təmsilçiləri çox uzaq qalaktikada nüfuz əldə etmək uğrunda döyüşürlər. "Ulduz müharibələri" mifologiyasına görə, həmin gizli güc kainatı bir-birinə bəndləyir və bütün maddi varlıqların içindən keçir.
Yeni dinin tərəfdarları başlanğıcda güclü təbliğat işlərinə girişdilər. 2001-ci ildə bir çox internet istifadəçisi anonim məktublar aldı. Məktublarda deyilirdi ki, Böyük Britaniyada əhalinin növbəti dəfə siyahıya alınması zamanı ən azı 10 min nəfər öz inancını cedaizm kimi göstərsə, hökumət yeni dini rəsmi olaraq qəbul etmək məcburiyyətində qalacaq.
Təşviqat öz nəticəsini göstərdi: 10 min nəfərlik sərhəd ilk dəfədən aşıldı və Britaniyanın Ədliyyə Nazirliyi yeni dini "Jedi Knight", yəni "Ceday cəngavəri" kimi qeydiyyata aldı.
2003-cü ildə siyahıya alınmanın yekun nəticələri əsasında məlum oldu ki, Böyük Britaniyada cedaistlərin sayı buddist və yəhudilərdən də çoxdur. Dəqiq məlumata görə, Krallıqda 390 min cedaist yaşayır. Bu isə əhalinin 0,7%-i deməkdir. Statistikaya əsasən, cedaistlərin əksəriyyəti Brayton, Kembric, Oksford kimi iri universitet mərkəzlərinin ərazisində yaşayırlar.