Cenevrə müşavirəsi (1955) — SSRİ (N. A. Bulqanin), ABŞ (D. D. Eyzenhaver), Böyük Britaniya (A. İden) və Fransa (E. For) hökumət başçılarının iştirakı ilə Avropada təhlükəsizlik məsələlərinə dair müşavirə.[1]
Müşavirənin işində təmsil olunan dövlətlərin xarici işlər nazirləri və digər dövlət xadimləri də iştirak edirdilər (sovet nümayəndə heyətinin tərkibinə N. S. Xruşşov, G. K. Jukov, A. A. Qromıko və b. daxil idi). İyulun 18–23-də Cenevrədə SSRİ-nin təşəbbüsü ilə sovet nümayəndə heyəti tərəfindən Berlin müşavirəsində (1954) təklif olunmuş "Avropada kollektiv təhlükəsizlik haqqında ümum — avropa müqaviləsi" layihəsinin müzakirəsini davam etdirmək məqsədilə çağırılmışdı. Layihə bütün hərbi blokların ləğv edilməsini, Avropa dövlətlərinin hücum etməmək və təcavüz zamanı qarşılıqlı yardım göstərmək öhdəlikləri götürməsini nəzərdə tuturdu.[1]
Berlin müşavirəsi iştirakçılarının müqavilə layihəsinə mənfi münasibətini nəzərə alan sovet nümayəndə heyəti kollektiv təhlükəsizlik sisteminin mərhələli şəkildə (birinci mərhələdə həm Şimali Atlantika Müqaviləsi Təşkilatını, həm də Varşava Müqaviləsi Təşkilatını saxlamaq şərtilə) yaradılması planını müzakirəyə çıxartdı Bundan başqa, sovet tərəfi Avropa dövlətlərinin hərbi qüvvə tətbiqindən qarşılıqlı surətdə imtina etmək haqqında müqavilə bağlamaq (kollektiv təhlükəsizlik haqqında müqavilə bağlanana qədər qüvvədə qalmalı idi) təşəbbüsünü irəli sürdü. SSRİ nümayəndə heyəti Almaniya Demokratik Respublikasının AFR-in tərkibinə qatılmasına (sonuncunun Avropa müdafiə birliyində üzvlüyünün saxlanılması şərtilə) qarşı çıxdı, hər iki alman dövləti arasında münasibətlərin normallaşdırılmasının və onların Avropada kollektiv təhlükəsizlik sistemində iştirakının zəruriliyini qeyd etdi. SSRİ-nin təklifləri müşavirə iştirakçıları tərəfindən qəbul olunmadı. Müşavirənin yekun sənədində xarici işlər nazirlərinə hökumət başçılarının müzakirə etdiyi məsələlərə baxmağı davam etdirmək həvalə olundu.[1]