Ceyms Medisonun birinci inaqurasiyası — ABŞ-nin dördüncü prezidentinin şənbə günü, 4 mart 1809-cu ildə Vaşinqton şəhərində Kapitolidə Nümayəndələr Palatasının zalında keçirilmiş inaqurasiya mərasimi. İnaqurasiya mərasimi Ceyms Medisonun prezident vəzifəsinin ilk dörd illik müddətinin və Corc Klintonun ikinci dəfə vitse-prezident vəzifəsinə gəlməyinin qeyd edilməsi ilə yadda qalmışdır. Prezidentin andiçmə mərasimi ABŞ Ali Məhkəməsinin Sədri Con Marşallın iştirakı ilə baş tutmuşdur. Prezident 100% ABŞ istehsalı yun kostyum geymişdi. İlk rəsmi inaqurasiya balı məhz bu mərasim zamanı Lonqz Otelində keçirilib. Balın bilet qiymətləri 4 dollar (indiki məzənnə ilə 65 dollar) təşkil edirdi.[1] Klinton vəzifəyə gəldikdən 3 il 47 gün sonra vəfat edir və onun postu boş qalır. 1967-ci ildə ABŞ Konstitusiyasına iyirmi beşinci düzəliş ratifikasiya edilənədək vitse-prezidentin boş qalan səlahiyyət müddətinin yeni vitse-prezident tərəfindən icra edilməsi ilə bağlı konstitusion müddəa mövcud deyildi.
Ceyms Medisonun birinci inaqurasiyası | |
---|---|
Tarix | 4 mart 1809 |
Yeri | Kapitol, Vaşinqton şəhəri |
İştirakçılar |
ABŞ Prezidenti Ceyms Medison ABŞ Ali Məhkəməsinin Sədri Con Marşall ABŞ vitse-prezidenti Corc Klinton |
Medison martın 4-də Vaşinqton və Corctaun süvari dəstələrinin onu müşayiət etməsi ilə at belində Kapitoliyə gedir. Cefferson hökumətinin üzvləri ilə Nümayəndələr Palatasının zalına daxil olur. Mərasimdə Prezident Cefferson da iştirak edir və zalın qarşısında Medisonla yanaşı əyləşir. Mərasimi müşahidə edənlərin dediklərinə görə, Medison ilk öncə astadan titrək səslə nitqinə başlayır, lakin çıxışına davam etdikcə palataya daha yüksək səslə müraciət edirdi. Yeni prezidentin əynində qara kostyum vardı.
İnaqurasiya və andiçmə mərasiminin ardınca Medison və həyat yoldaşı Dolli Medison F Stritdə yerləşən, böyük izdihamın yaşandığı evlərində qonaqları qarşılayırlar. Daha sonra isə Lonqz Oteldə keçirilən inaqurasiya balında iştirak edirlər. Məxmər libasda bala qatılan yeni Birinci xanım Dolli çox sayda pərəstişkarının diqqətini çəksə də, Ceyms bal mərasimini olduqca yorucu və xoşagəlməz hesab edirdi.[2]
4 mart 1809-cu ildə and içən Ceyms Medison ABŞ-nin dördüncü prezidenti kimi səlahiyyətlərinin icrasına başlayır. Keçirdiyi hisslər ilə əlaqədar xalqına müraciət edir. Medison prezident seçildiyi zaman sözlə ifadə edə bilmədiyi qədər şərəf və məsuliyyət hiss edirdi. ABŞ-nin çox sayda problem və çətinliyin yaşandığı bir ölkə olduğunu və bu yükün ona ağır gəldiyini etiraf edirdi. O, ABŞ-nin nə qədər böyük olduğunu xatırladır və qısa müddət ərzində bir ölkə olaraq nə qədər irəlilədiyindən bəhs edir.
Ölkənin barışığa və bütün dövlətlərlə, xüsusən də müharibə edən dövlətlərlə yaxşı münasibətlər qurmağa çalışdığını insanlara bildirir. Amerikalılar irəliləyərkən və dövlətlərini qurarkən neytral bir ölkə kimi qalmaq istədiyini ifadə edir. O, ABŞ-nin çox qanlı-qadalı və amansız müharibələrdən keçdiyini yada salır. "Ədalətə riayət edərək sülhü inkişaf etdirmək ABŞ-nin əsl qürur yeri oldu."
Medison təhlükəsizliyi təmin etmək və öz əsas maraqlarını digər dövlətlərlə razılaşdırmaq üçün ABŞ şuraları ilə görüş keçirəcəyinə söz verdi. Güclü ordu qurmaq və maliyyələşdirmək, respublikanı və xalqın hüquqlarını müdafiə etmək istəyirdi.
Medison çıxışını keçmişdə Amerika Birləşmiş Ştatları üçün böyük işlər görmüş insanlara minnətdarlıqla başa vurdu və bu gənc, inkişaf edən ölkənin gələcəyi üçün ən yaxşısını arzuladı.[3]