Chelidonium

Dəmrovotu (lat. Chelidonium) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi.

Dəmrovotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Dəmrovotu bitkisi laləkimilər Papaveraceae fəsiləsinə aid çoxillik ot bitkisidir. Təbii şəkildə Avropa və Aralıq dənizi, Amerikada rast gəlinir. Müasir fikirlərə görə bu bitkinin yeganə növü böyük dəmrovotudur (Chelidonium majus). Bitkinin latınca adının tərcüməsi qaranquş otu deməkdir. Bu adı ona yunanlar vermişlər: onlar fikir vermişlər ki, dəmrovotu bitkisi qaranquşların gəlməsi ilə çiçəkləyir, uçub getmələrilə isə solur. Bitki əsasən Avropa və Aralıq dənizi ərazisində bitir. Dəmrovotu 1672-ci ildə Amerikaya kolonizatorlar vasitəsilə dəri xəstəliklərinin müalicəsində istifadə edilən dərman bitkisi kimi gətirilmişdir. Rusiyada bitkini bir çox sahələrdə ağır xəstəliklərin (hətta onkoloji) müalicəsində istifadə edildiyinə görə "rus jenşeni" də adlandırırlar.

Eramızdan əvvəl II əsrdə yaşamış yunan alimi Teofrast dəmrovotunun sarılıqların, qaraciyər şişləri və qəbizliklərin müalicəsində istifadə edildiyini qeyd etmişdir. İbn Sina isə bildirirdi ki, bu bitkini çeynədikdə diş ağrısı azalır, onun şirəsi görməni itiləşdirir, kataraktanı müalicə edir və s. Bunlardan əlavə qədimdə yaşamış cadugər və təbiblərin fikrinə görə təzə yığılmış dəmrovotu bitkisini hər 3 gündən bir üzərində gəzdirən insan depressiyadan azad olar. Üzərində qurudulmuş dəmrovotu gəzdirən insan isə hər yerdə sülh, razılıq əldə edər. XVI əsrdən bitkini nəinki dərman, həm də dekorativ bitki kimi də becərirlər.

Bitki əsasən meşələrdə, qayalıqlarda, yolların kənarlarında bitir. Dəmrovotuna daha çox bostan və bağlarda rast gəlmək mümkündür.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Böyük dəmrovotu düz budaqlanan, 50-100 sm-lik gövdəyə malikdir. Budaqlarını qırdıqda oradan narıncı rəngdə şirə xaric olur. Buna görə də bitkiyə bəzən sarı südləyən deyirlər. Yarpaqları dairə və ya ovalşəkillidir. Çiçəkləri sarı olub sadə çətir çiçək qrupunda toplanmışdır. Hər çiçəyin də 1 sm uzunluğunda 4 ləçəyi var. Dəmrovotu maydan avqust ayına qədər çiçəkləyir. Toxumları qara rəngdə olub çox da iri deyil. Dəmrovotunun toxumları üzərində qarışqaları cəlb edən xüsusi qida əlavələri olan elayosomlar mövcuddur ki, bunlar da bitkinin toxumlarının qarışqalar vasitəsilə yayılmasına kömək edir.

Kimyəvi tərkibi

[redaktə | mənbəni redaktə et]

Dəmrovotu bitkisi zəhərlidir. Belə ki, onun tərkibində homoxelidonin, heleritrin, sanqvinarin, protopin və s. kimi 20-dən çox alkaloid vardır. Xelidonin alkaloidi kimyəvi quruluşuna görə papaverin və morfinə bənzəyir. Həmçinin bitkinin tərkibində efir yağlarının izləri, vitamin C, karotin, flavonoidlər, saponinlər, acı maddələr, üzvi turşular (xelidon, alma, limon və kəhrəba turşuları) və s. vardır. Homoxelidonin qıcedici zəhər və yerli təsir edən güclü anestetikdir. Xeleritrin yerli qıcıqlandırıcıdır. Sanqvinarin qısamüddətli narkotik təsirə malik maddədir, həmçinin bağırsaqların peristaltikasını artırır. Protopin vegetativ sinir sisteminin reaktivliyini azaldır, uşaqlığın saya əzələsini tonuslandırır.

Bitki heyvanlar üçün də çox zəhərlidir, belə ki, onu yeyən istənilən iribuynuzlu heyvan zəhərlənir, həmçinin bu bitkinin təsirindən donuzlar nəinki güclərini itirir, həm də karlaşırlar. Bu bitki bir tək xallı marallar üçün zəhərli deyil.

Farmakoloji xüsusiyyətləri. Dəmrovotunun əsas xüsusiyyətləri spazmolitik, ağrıkəsici, sakitləşdirici, hipotenziv, ödqovucu, bakterisid, yerli anestesiyaedicidir. Bitkidən hazırlanmış preparatlar iltihab əleyhinə, qaşınma, göynəmə əleyhinə, yarasağaldıcı xüsusiyyətlərə malikdir.

Tibdə tətbiqi

[redaktə | mənbəni redaktə et]

Dərman kimi bitkinin yerüstü hissəsindən istifadə edilir. Dəmrovotu həm daxili (hipertoniya, ateroskleroz, leykoz, qida zəhərlənməsi, qrip, fibroma, hemorroy, qastrit, zob, podaqra, revmatizm, mədə və onikibarmaq bağırsaq xorası və s.), həm də xarici xəstəliklərin (ziyil, papilloma, ət xal, döyənək, polip, kondiloma, ekzema, qoturluq, göbələk, çiban, yanıq və s.) müalicəsində istifadə edilir. Əks göstəriş. Körpə uşaqlar, hamilə və südverən qadınlar, bronxial astma, stenokardiya, müxtəlif psixozlar, epilepsiya, I-II dərəcəli ürək çatışmazlıqlarından əziyyət çəkənlərə bitkidən istifadə qəti qadağandır. Reseptlər.

Dəmrovotu şirəsinin hazırlanması. Bitki ət maşınından keçirilir, alınmış kütlə ikiqat tənzifdən süzülərək şirəsi çıxarılır. Şirə boş bir butulkaya yığılıb ağzı sıx, hermetik bağlanır. Zamanla butulkanın ağzını açıb orada yaranmış qazı çıxarmaq lazımdır. 5-7 gündən sonra dəmrovotu şirəsi istifadə edilə bilər.

Dəmrovotu dəmləməsinin hazırlanması. 500 qr-lıq bankaya dəmrovotu yığılıb üzərinə bankanın yarısına çıxana qədər qaynar su əlavə edilir. Ağzı bağlanıb müəyyən müddətə dəmlənir. Daha sonra soyudulub gündə 3 dəfə yeməkdən 10-15 dəqiqə əvvəl 100 ml daxilə qəbul edilir.

Dəri xəstəlikləri. Dəmrovotu şirəsi dərinin zədəli nahiyələrinə çəkilir.

Mastit. Süd vəzi giləsinin çat olan nahiyələrinə 2-3 dəqiqəlik şirə yaxılır.

Qadın xəstəlikləri. Bitkinin dəmləməsi ilə şırınqa edilir.

Bağırsaq xəstəlikləri. Bu zaman bitkinin dəmləməsi ilə imalə edilir.

Zob. Zobun üzərinə dəmrovotu şirəsi yaxılır.

Ağız boşluğu və diş əti xəstəlikləri. Bitkinin dəmləməsi ilə ağız boşluğu qarqara edilir. Bitkinin şirəsini, dəmləməsini içməzdən öncə mütləq həkimlə məsləhətləşin!

Dəmrovotundan dərman preparatlarının hazırlanması

[redaktə | mənbəni redaktə et]

Dəmrovotu cövhəri. Bunu hazırlamaq üçün bitkinin təzə otundan həm də qurudulmuş hissəsindən istifadə etmək olar. Bunun üçün kolu kökü ilə yerdən qazıb çıxarın və torpaqdan, qurumuş yarpaqlarından təmizləyib, kökü ehtiyatla yuyun. Bitkini xırda hissələrə doğrayıb, yarım litrlik bankaya töküb, üzərinə qaynar su əlavə edin və ağzını qapaqla möhkəm örtüb tam soyuyana qədər saxlayıb süzün. Sonra alınmış dəmləmədən gündə 3 dəfə 100 ml yeməyə 15-20 dəqiqə qalmış qəbul edin. Cövhəri hər gün hazırlayıb təzə halda istifadə edin. Müalicə kursu uzunmüddətlidir. Müalicəni sağalana qədər davam etdirin. Bir həftə qəbul etdikdən sonra 2 gün fasilə verin.

Dəmrovotundan südəoxsar sirənin hazırlanması. Bunun üçün dəmrovotunu kök hissəsi ilə birlikdə qazıb çıxardın və torpaqdan təmizləyib, sakit axan suda yuyun. Sonra kökün ucunu kəsin, süd şirəsi kəsik yerdən qaba toplanmağa başlayacaqdır. Alınmış şirədən dəridə baş verən yaraların, səpgilərin, qaşınmaların üzərinə sürtüb müalicə edin. Kökün ikinci dəfə kəsilməsi 0,5-1,0 sm yuxarı hissəsindən aparılmalıdır. Bitkidən şirənin alınmasını südəbənzər maddənin axıb qurtarmasına qədər davam etdirin.

Dəmrovotu şirəsi. Bu üsul imkan verir ki, bitkidən dərman xammalı kimi uzun müddət istifadə edilsin.

Kökü ilə birlikdə çıxarılmış bitkini torpaq və qurumuş yarpaqlardan təmizləyib, ancaq kök hissəsini sakit axar suda yuyub bütöv halında ət maşınından keçirin. Əldə olunmuş yaş tünd-yaşıl kütləni sıxıb şirəsini çixarin və şüşə flakonlara doldurub ağzını tıxacla bağlayıb bərkidin. Flakonu elə doldurun ki, tıxacla şirə arasında 1-2 sm məsafə qalsın. Şirəni qaranlıq yerə qoyub 1-2 gün saxlayın. Sonra tıxacı çıxarıb havanı buraxın. Bu əməliyyatı flakonda olan havanın tamamilə çıxıb qurtarmasına qədər davam etdirin. Flakonları qaranlıq və sərin yerdə saxlayın. Alınmış şirəni soyuducuda saxlamaq olmaz. Bu üsulla hazırlanan dəmrov şirəsi uzun müddət (azı 5 il) qaldıqda belə öz təsir gücünü itirmir. Havanın tam çıxıb qurtardığı halda flakonda olan qıcqırma prosesi demək olar ki, tam qurtarmışdır. Bu zaman flakonda qalan şirə kəhrəba rəngində olmalıdır. Flakonun dibində çöküntü halında tünd-yaşıl kütlə əldə olunacaqdır. Dərman preparatından istifadə edən zaman elə davranılmalıdır ki, şirə çöküntü ilə qarışmasın. Alınan mazdan dəri üzərində əmələ gələn xərçəng, qırmızı qurdeşənəyi, dəri vərəmini müalicə etmək üçün gündə 3-4 dəfə sürtmək məsləhət görülür.

Dəmrovotu dəmləməsi. Bunun üçün təzə otundan çiçəklə birlikdə 4 xörək qaşığı götürüb 6 stəkan qaynar suya töküb, su hamamının üzərinə qoyub 5-7 dəqiqə qaynadın, 4-5 saat dəmləyib süzün. Sonra aldığınız ekstraktdan gündə 3 dəfə yeməyə 15-20 dəqiqə qalmış qəbul edin. Hər qəbuldan sonra 10 dəqiqə 2-3 xörək qaşığı süzgəcdən kecirilmiş sıyığı yeyin. Hər həftədən bir 2-3 gün ara verib müalicə kursunu davam etdirin. Dəmrovotundan vanna düzəldib qəbul etməklə yanaşı, onunla yuyunmaq da olar.

Ekstraktın hazırlanması. Bunun üçün 5 xörək qaşığı dəmrovotunun qurudulmuş ot və çiçək hissələrindən götürüb 400 ml 40%-li etil spirtinin üzərinə töküb, qaranlıq yerdə 10 gün saxlayın. Ekstraktı çalxalayıb süzün. Sonra alınmış cövhəri bir neçə qatdan ibarət olan tənzifə çökdürüb dəridə olan səpgi və yaraların üzərinə sürtün. Həmçinin 0,5 stəkan suya 5-10 damcı cövhər töküb qəbul etdikdən sonra 50 ml bağayarpağı şirəsi için.

Dəmrovotundan mazın hazırlanması. Dəmrovotundan alınmış ekstraktdan götürüb 1:2 nisbətində spirt və donuz piyi ilə qarışdırıb su hamamında qızdırın. Spirt buxarlanıb qurtarana qədər saxlayın. Sonra alınan kütləni soyudub tünd şüşə bankalara doldurub saxlayın. Aldığınız mazdan dərinizdə əmələ gələn çiban, civzə və yaraların üzərinə sürtün.

Dəmrovotu şirəsilə bal qarışığı. Dəmrovotu şirəsini balla bərabər 1:1 nisbətində götürüb su hamamında 60 °C temperaturda qızdırın. Qızdırmanı köpük qurtarana qədər davam etdirin. Alınmış məlhəmdən dəri xəstəliklərinin üzərinə sürtüb müalicə edin.

Dəmrovotu şirəsi ilə süd qarışığı. Bir xörək qaşığı doğranmış quru kök və yaxud 2 xörək qaşığı yaş kökündən götürüb 400 ml südün üzərinə töküb vam od üzərinə qoyun, süd yarısına kimi buxarlanana qədər saxlayın. Sonra alınmış kütləni əzib sıyıq halına salın, yenidən üzərinə süd əlavə edib 20 dəqiqə su hamamında qaynadın. Sonra tənzifdən süzün. Aldığınız məlhəmdən gündə 4-6 dəfə 2-3 xörək qaşığı süd və bitki nisbətinə riayət etməklə qəbul edin.

Dəmrovotu şirəsilə vazelin qarısığı. Bu dərman preparatını iki üsul ilə hazırlamaq olar. Təzə dəmrovotu şirəsi ilə vazelindən 1:4 nisbətində götürün və yaxşı-yaxşı qarışdırıb, qaranlıq, soyuq yerdə 6-8 saat saxladıqdan sonra istifadə edin. Qurudulmuş və toz halına salınmış dəmrovotundan götürüb 1:2 nisbətində vazelin ilə qarışdırıb 2-3 gün qaranlıq yerdə otaq temperaturunda saxlayın. Sonra aldığınız hər iki preparatdan dərinin xarici nahiyəsində əmələ gələn səpgi, çiban və yaraların üzərinə sürtüb müalicə edin.

Plantazar B mazının hazırlanması. Bu preparat əczaçılıq sənayesində istehsal olunaraq müalicə üçün apteklərə göndərilir. Preparatın tərkibi: 10 q dəmrovotu tozundan, 10 q lanolindən, 0,25%-li 10 damcı karbol turşusundan ibarətdir.

Azərbaycanın dərman bitkiləri

[redaktə | mənbəni redaktə et]
  • Böyük dəmrovotu (lat. Chelidonium majus L.)
  • Adi ziyilotu (lat. Lapsana communis L.)