Ciro Uşio (牛尾 治朗, Uşio Ciro?, 12 fevral 1931, Hyoqo prefekturası – 13 iyun 2023) – Yaponiya biznesmeni. 1964-cü ildə "Ushio Inc." şirkətini qurmuşdur. Yaponiya siyasətində təsiri olmuşdur.
Ciro Uşio | |
---|---|
yap. 牛尾 治朗 | |
Doğum tarixi | 12 fevral 1931 |
Doğum yeri | |
Vəfat tarixi | 13 iyun 2023 (92 yaşında) |
Təhsili | |
Fəaliyyəti | iş adamı |
1931-ci ildə Yaponiyanın Hyoqo prefekturasında doğulmuşdur. 1953-cü ildə Tokio Universitetindən məzun olmuş, 1956–1957-ci illərdə Berkli Kaliforniya Universitetində təhsil almışdır.[1] Uşio Yaponiyaya qayıtdıqdan sonra ailə biznesinə – "Ushio Industry" şirkətinə qatılmışdır. 1964-cü ildə ailə şirkətindən ayrılaraq öz şirkətini ("Ushio Inc.") qurmuş və prezidenti olmuşdur. Tez bir zamanda informatika təchizatı, elektronika, yeni materiallar və kosmos kimi yeni texnologiya sahələrinə daxil olmuş, şirkətini böyütmüşdür.[1] 1969-cu ildə Yaponiya Beynəlxalq Gənclər Palatasının sədri seçilmişdir. Rahat korporativ mədəniyyətin tənqidçisi olmuşdur.[2]
Uşio 1995–1999-cu illərdə ölkənin ən vacib biznes qurumlarından olan Yaponiya İcraçı Direktorlar Assosiasiyasına rəhbərlik etmişdir. O, təşkilata ilk dəfə 1959-cu ildə qoşulmuşdur. Sədrliyi dövründə hökumətin kiçildilməsini və özəl sektorun iqtisadiyyatı qabağa aparması üçün deregulyasiyanı müdafiə etmişdir. 2001-ci ilin yanvarında hökumətin İqtisadi və Fiskal Şurasının özəl sektor üzvü olmuşdur. 2006-cı ilin sentyabrındakı gedişinə qədər Cuniçiro Koyzuminin struktur islahatlarını dəstəkləmişdir.[2]
Uşio "KDDI" telekommunikasiya şirkətinin sədri və "Japan Post Holdings" şirkətinin xarici direktoru olmuşdur. O, 13 iyun 2023-cü ildə pnevmoniyadan ölmüşdür.[2]