Con Vilson (ing. John Wilson; 1816, Olbani – 1868) – ABŞ fotoqrafı. Yaponiya fotoqrafiyasının qabaqcıllarından biri olan Şimooka Renconun müəllimi olmuşdur.
Con Vilson | |
---|---|
Doğum tarixi | 1816 |
Doğum yeri |
|
Vəfat tarixi | 1868 |
Fəaliyyəti | fotoqraf |
Con Vilson 1816-cı ildə Nyu-York ştatının Olbani şəhərində doğulmuşdur. 1860-cı ildə Yaponiyanın Yohokoma limanına gəlmişdir. 1860-cı ilin dekabrında bir neçə gün Prussiyanın Yaponiyadakı səfirliyinin rəsmi fotoqrafı kimi işləmişdir. Səfirlik əməkdaşları ilə Edo şəhərinə getmiş və Edo şəhərinin fotolarını çəkmişdir. Bu fotolardan beşi almandilli "Illustrirte Zeitung" jurnalının 25 may 1861-ci ildəki buraxılışında yer almışdır. 15 yanvar 1861-ci ildə yapon sui-qəsdçilərin hücumuna məruz qalan və üç saat sonra ABŞ nümayəndəliyində ölən Henri Hyuskenin cansız bədəninin fotosunu 22 yanvar 1861-ci ildə Vilson çəkmişdir. Bu foto Hyuskenin anasına göndərilmişdir.[1]
Vilson Yaponiyada çəkdiyi fotolarla Amerika və Avropada gəlir əldə etmək istəmiş və Yaponiya fotolarının rəsmlərindən ibarət nəhəng rulon hazırlamaq qərarına gəlmişdir. Birlikdə yaşadığı amerikalı tacir Rafael Şoyerin tövsiyəsi ilə Şimooka Renco və bir neçə rəssamı bu işə cəlb etmişdir. Gördüyü iş qarşılığında Şimookaya öz kamerasını, fotoqrafiya ləvazimatlarını və kimyəvi maddələrini vermişdir. Vilson 1862-ci ildə Londona gələrək rulonu və fotolarını sərgiləmişdir. Onun rulonu "Yaponiya imperiyasının kostyumlarını, məbədlərini, küçələrini, körpülərini, mənzərələrini və çaylarını" təsvir edirdi. Lakin onun satış biznesi uğursuz olmuşdur.[1]