Conbenet Remsi (ing. JonBenét Patricia Ramsey; d.6 avqust 1990-cı il, Corciya, Atlanta — ö. 25 dekabr 1996-cı il, Kolorado, Boulder) — ABŞ-də uşaq gözəllik müsabiqəsinin qalibi. 1996-cı ildə sərt bir cisimlə vurularaq və boğularaq öldürülmüşdür. Çoxsaylı versiyalara və fərziyyələr baxmayaraq, Remsinin qatili və ya qatilləri tapılmadı.
Conbenet Remsinin öldürülməsi | |
---|---|
Tarix | 25 dekabr 1996 |
Yeri |
|
Conbenet Remsi 6 avqust 1990-cı ildə Corciya ştatının inzibati mərkəzi olan Atlanta şəhərində Con Bennett Remsi və Patrisiya Remsinin ailəsində dünyaya gəlib. Onun özündən böyük Bork adında bir qardaşı var idi.[1] Conbenet bir yaşında ikən, 1991-ci ildə ailəsi Kolorado ştatı Boulder qəsəbəsindəki on beş otaqlı evə köçür. Atası proqram təminatının distributorluğu ilə məşğul olurdu, keçmiş "Miss Virciniya"(1977) titulu sahibi və "Miss Amerika" yarışmasında iştirak edən anası Patrisiya Remsi isə uşaqlara baxırdı – Conbenet və böyük qardaşına.[2]
Conbenet çoxsaylı uşaq gözəllik müsabiqələrində iştirak edib. O, bir sıra titullar qazanıb: "Colorado State All-Star Kids Cover Girl", "America’s Royal Miss", "Little Miss Charlevoix,", "National Tiny Miss Beauty", " Little Miss Colorado", " Little Miss Christmas".[2][3][4]
25 dekabr 1996-cı ildə saat 05:45-də Conbenetin anası Patrisiya Remsi polisə zəng eləyir və evin zirzəmisində qızının qaçırılması ilə bağlı məlumat verən bir məktub tapdığını deyir. Həmin məktubda qızının həyatı üçün atasından 118 000 dollar pul tələb olunurdu. Lakin Conbenetin itməsindən səkkiz saat sonra ailəvi dostu ilə zirzəmiyə enən Con Bennett Remsi qızının cəsədini tapır. Məhkəmə ekspertizasının rəyinə əsasən, qızın kəllə sümüyündə böyük bir çat olduğu, boğulduğu, döyüldüyü və təcavüzə uğradığı məlum olur. Conbenetin alt paltarında sonradan kişiyə aid olduğu aydınlaşdırılan qan izi aşkarlanmışdı.[3][4][5][6][7]
Conbenetin öldürülməsi 1990-cı illərdə ABŞ-də baş verən ən ağır cinayətlərdən biri oldu. İstintaq uzun müddət heç bir konkret nəticəyə əldə etmədi. Qızın valideynləri əsas şübhəli şəxs qismində nəzərdən keçirildi. Conbenetin qətli çoxsaylı şayiə və şübhələr yaratdı.[3][4][5][6][7][8][9] 2005-ci ildə genetik ekspertiza qurbanın alt paltarındakı qanın valideynlərə aid olmadığını müəyyən etdi. Həmçinin Federal Təhqiqat Bürosunun bazasında DNT nümunələri ilə heç bir uyğunluq tapılmadı.[3][4]
Conbenetin ölümündən sonra Remsi ailəsi Miçiqan ştatının şimalındakı kiçik Şarleuva şəhərinə köçdülər. Hələ yumurtalıq xərçəngi diaqnozu 1993-cü ildə qoyulan Conbenetin anası Patrisiya Remsi 24 iyun 2006-cı ildə dünyasını dəyişdi. Həmin ilin avqustunda Conbenetin ölümündə şübhəli bilinən keçmiş məktəb müəllimi Con Mark Karr tapıldı.[3][6][7][8][10] On il davam edən proses 2006-cı ildə Taylandda yaxalanan Con Mark Karrın hər şeyi etiraf etməsi ilə həll edilmiş kimi göründü. Ancaq DNT testləri və ziddiyyətli açıqlamaları ilə qatilin o olmadığı məlum olmuşdur. Nəticədə Con Mark Karr bəraət aldı.[11][12][13]
2010-cu ilin oktyabrında iş yenidən açıldı, yeni dindirmələr aparıldı, habelə ən yeni metodlardan istifadə olunmaqla DNT ekspertizası aparıldı.[14]
5 oktyabr 2013-cü il tarixində böyük münsiflər heyətinin 1999-cu ildə valideynlərin ölümünə səbəb olan qızlarına xəsarət yetirməkdə ittiham edilməsi ilə bağlı sübutlar səsləndirdiyini göstərən sənədlər açıqlandı, lakin o zamankı rayon prokuroru Aleks Hanter ittiham rəyini imzalamaqdan imtina edərək sübutların kifayət qədər olmadığını bildirdi.[15]