Cornus mas

Adi zoğal (lat. Cornus mas) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin zoğal cinsinə aid bitki növü.

Adi zoğal
Elmi təsnifat
Beynəlxalq elmi adı

Zoğal cinsinin 4 növü məlumdur ki, bunlardan yalnız biri – adi zoğal yayılmışdır. Adi zoğal yabanı halda Qafqazda, Zaqafqaziya respublikalarında, Krımda, Orta Asiyada, Moldaviyada bitir. Azərbaycanda, Böyük və Kiçik Qafqaz sıra dağlarının ətəklərində, orta dağ döşlərində, açıq və güney yerlərdə balaca meşəliklər təşkil edir. Başqa meşə ağacları arasında da tək-tək bitir.

Zoğal yarpaqlamazdan çox əvvəl fevral-martda çiçəkləyir. Sarı çiçəkləri bir yerə toplanıb çətir kimi sallanır. Meyvələri avqustun axırı və sentyabrda yetişir. Meyvələri yumru, oval, armudaoxşar və silindrik olur. Meyvəsinin rəngi qırmızı, tünd qırmızı, qara qırmızı və bəzi formaları açıq sarı olur. Adi zoğal meyvəsi iriliyinə, formasına və rənginə görə çox müxtəlifdir. Yabanı zoğal xırda olmaqla 2-6 qr, mədəni halda bağlarda becərilənlər isə 20-22 qr çəkisində olur. Ətliyi çəyirdəyindən ayrılan və ayrılmayan formaları da vardır. Ətliyi bərkdir, lakin yetişib ötdükdə və dərildikdən bir müddət sonra yumşalır. Bu zaman biokimyəvi proseslərin təsirindən zoğalın dadı şirinləşir. Dadı turş, turşaşirin və müxtəlif dərəcədə şirin olur. Tam yetişməmiş meyvələrdə aşılayıcı maddələrin miqdarı çox olduğundan ağız büzüşdürücüdür. Çəyirdəyi çox bərkdir, ucları şiş və ya küt olur.

Zoğalın tərkibində 10%-ə qədər şəkər (əsasən invert şəkəri), 2-3,5% üzvi turşu, 0,62-1,6% pektinli maddə, 1,14% azotlu maddə, 1,03% sellüloza, 1,18% minerallı maddə, 0,71-1,24% aşılayıcı və rəngləyici maddə vardır. Zoğalın tərkibində 55 mq%-ə qədər C vitamini olduğundan sinqa əleyhinə tətbiq edilir. Zoğalın ətri onun tərkibindəki efir yağının miqdarından asılıdır. Çəyirdəyində 30% yağ olur.

Zoğaldan şirə, mürəbbə, kompot, povidlo, jele, pastila, şərbət, spirtli içkilər (likör, nalivka, punş, şərab, araq), sirkə, sərinləşdirici içkilər, lavaşana hazırlanır. Zoğal çəyirdəkli və çəyirdəksiz qurudulur. Qurudulmuş zoğal axtası və tamlı zoğal ekstraktı (məti) aşpazlıqda işlədilir.

Zoğal texniki yetişmə dövründə dərilir. Lavaşana, sirkə və şirə hazırlamaq üçün dərilmiş meyvələr saxlanılır və yumşaldılır (lalıxlayır). Zoğalın büzüşdürücü xassəsi və tərkibində fitonsidlərin olması, ondan müalicəvi məqsədlə mədə-bağırsaq xəstəliklərində istifadə olunmasına imkan verir. İshala qarşı zoğalın sulu məhlulundan istifadə edilir, uşaqlara isə zoğal kiseli verilir. Zoğal mürəbbəsini qarın ağrısına və soyuqdəyməyə qarşı tətbiq edirlər. Maddələr mübadiləsinin pozulmasında, qan azlığında və dəri xəstəliklərində zoğaldan istifadə olunur.

Zoğalın yarpaqlarından və cavan budaqlarından alınan sulu məhlul öd və sidikqovucu vasitə kimi istifadə edilir. Zoğalın kökləri və oduncağının qabığı xinin əvəzində isitməyə qarşı tətbiq edilir. Bəzi yerlərdə cavan yarpaqlarını qurudub çay əvəzinə işlədirlər.

Zoğal bütün meyvələrdən əvvəl çiçəkləyir. Çiçəkləri ətirli və çox nektarlı olduğundan arılar sarı tozcuqlarla birlikdə zoğal nektarını çox həvəslə toplayırlar. Oduncağı sarı rəngdə, olduqca möhkəmdir. Şəmşid ağacı kimi bərk olduğundan toxuculuq alətləri (eşmə aləti, məkik, masura, mil) hazırlamaq üçün işlədilir.

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Kol və ya kiçik ağacdır. Hündürlüyü 2–4 m, cavan zoğları xırda sıx tükcüklüdür. Yarpaqları qısa saplaqlı, qarşı-qarşıya düzülmüş, sadə, uzunluğu 4-10 sm, eni 3-5 sm, bütövkənarlı, yumurtavari və yumurtavari-ellipsvari formadan lansetvari formaya qədər olur, iti və uzun itiləşmiş uclu, hər iki tərəfdən sıx tükcüklüdür. Qaidəsi dairəvi və ya pazvari, hər iki tərəfdən tüklüdir. Çiçəklər yarpaqlardan əvvəl açılır. Çətiri 15-25 sayda çiçəklidir. Ləçəkləri üçkünc-lansetvari, iti, sarı rənglidir. Meyvələri uzunsov, lətli çəyirdək olub, 10–30 mm uzunluqda, qırmızı və ya tünd qırmızı, bəzən isə sarı rəngli olur, çəyirdəyi ellipsvaridir.

Böyük Qafqazın qərbi və şərqi, Quba sahəsinin rayonlarında aşağı dağ qurşağından orta dağ qurşağına qədər yayılmışdır. Meşədə və kolluqlarda bitir.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 117.