Corvisartia helenium

Uca andız (lat. Inula helenium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.

Uca andız
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü (60) 80–150 sm və daha hündür olan, gövdəsi düzduran, qalın, şırımlı, qısa tüklü, yuxarı hissədə qalxanşəkilli və ya uzun ensiz salxımşəkilli süpürgə şəklində süpürgəvari budaqlanan çoxillik iri ot bitkisidir. Yarpaqları iridir, uzunluğu 40–50 sm, üst tərəfdən zəif tüklü və ya çılpaq, alt tərəfdən sıx yumşaq məxmər tüklüdür, aşağı yarpaqları saplaq üzərindədir, uzunsov-elliptik, xırda dişli və ya mişarlı, yuxarı yarpaqları oturaqdır, uzunsov-yumurtaşəkilli, sivriləşmiş, qaidəsi ürəkşəkilli, yarımgövdə həcmini artırandır. Səbətləri çoxsaylı deyil, iridir, eni 20–35 mm olub, qismən uzun saplaq üzərindədir. Qının bayır yarpaqcıqları otşəkilli, çoxsaylı, demək olar ki, qalın dərilidir, yumurtaşəkilli, boz keçə tüklü, uzunluğu 1–2 (2,5) sm-dir, ortadakılar enli tünd törəməlidir, daxili yarpaqcıqları daha ensiz, kürəkşəkilli və kütdür. Dilcikşəkilli çiçəkləri sarı rəngli, çoxsaylı, ensiz xətvaridir, təpə hissədə sivriikidişlidir, qından uzundur. Toxumlarının uzunluğu 4–5 mm, prizmaşəkillidir, çılpaqdır; kəkili qəhvəyi rəngli, 2–2,5 dəfə toxumdan uzundur. İyun-sentyabr ayında çiçəkləyir, avqust-oktyabr aylarında meyvə verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, KQ şimal, KQ cənub, Nax. dağ. Aşağı dağ qurşağından subalp qurşağına qədər. Meşə talalarında və kənarlarında, kolların arasında, çay və göllərin sahilində, bağlarda və tarlalarda bitir.[2]

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Meşə talalarında, meşə kənarında, kollar arasında, çay və göllərin sahilində, bağ və tarlalarda rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Dərman məqsədilə istifadə olunur, quru köklərindən göy rəngli boyaq almaq olar.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Uca andız boreal coğrafi tipinin avropa sinfinə aiddir. Atlantik, Orta və Cənubi Avropa, İran, Əfqanıstan, Monqolustan, Şimali Amerika, Yaponiya, Rusiya və Qafqazda yayılmışdır. Azərbaycanda uca andız Böyük və Kiçik Qafqazın bütün rayonlarında, Samur-Dəvəçi ovalığında və Naxçıvanın dağlıq hissəsində yayılmışdır. Aşağı dağ qurşağından subalp qurşağına kimi (dəniz səviyyəsindən 500–2600 m qədər) rast gəlir.

Ekoloji qrup və bitdiyi yerlər

[redaktə | mənbəni redaktə et]

Kseromezofitdir, meşə, meşə-kol və alaq bitkilik tiplərində rast gəlir. Əsasən meşələrdə, kolluqlarda, çay kənarlarında və bağçalarda tək-tək, çox vaxt kiçik qruplar əmələ gətirir.

Kimyəvi tərkibi

[redaktə | mənbəni redaktə et]

Saponin, seskviterpenoid, kumarin, flavonoid, efir yağları, C və E vitaminləri, steroid, karotin, acı maddələri, qatran və digər bioloji aktiv maddələrlə zəngindir.

Təsiri və tətbiqi

[redaktə | mənbəni redaktə et]

Uca andız farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, praktiki, eksperimental və xalq təbabətində, eləcə də homeopatiya və farmakologiyada geniş tətbiq edilir. Əsasən mədə-bağırsaq, nəfəs yolları, öd və sidik kisəsi, qaraciyər, ağciyər vərəmi, şəkərli diabet, bronxit və bronxial astma, allergiya, dəri, revmatizm, epilepsiya, artrit, ateroskleroz, malyariya, qadın xəstəlikləri, eləcə də irinli yara və xoralar, işləmə, podaqra və çibana qarşı istifadə olunur. Antihelmint, antibakterial, antifunqal, antiprotozoy, gistamin, hərarəti salan, bəlğəmgətirici, tərlədici, hemostatik, sedativ, iltihab proseslərinə qarşı və sidikqovucu təsirə malikdir.

Əkstəsirləri

[redaktə | mənbəni redaktə et]

Böyrək xəstəliklərində və hamiləlik zamanı istifadəsi məsləhət deyildir.

İstifadə olunan hissələri

[redaktə | mənbəni redaktə et]

Müalıcə məqsədilə bitkinin yerüstü hissəsi, yarpaqları, çiçəkləri, kökü və kökümsovu istifadə edilir.

İstifadə formaları

[redaktə | mənbəni redaktə et]

Cövhər, dəmləmə və mazlar.

Digər faydalı xüsusiyyətləri və istifadəsi

[redaktə | mənbəni redaktə et]

Dekorativ, boyaq və bal verən bitkidir.

Məhəmməd Mömin (vəfatı 1697 il) qeyd edir ki, andızın yarpaqlarının cövhəri bağırsaqlarda yelin (qazın) yığılmasında xeyirlidir, mədəni möhkəmləndirir, həzm orqanlarında ağrının qarşısını alır. 12 q andız opopanaksla güclü işlətmə dərmanıdır. Soyuqdan baş vermiş mədə spazmalarını aradan qaldırmaq üçün 4,5 q andızı 0,05 q opopanaksla qarışdırıb qəbul etmək lazımdır. Andızdan, rəvənd cövhərindən və acı badam yağından buruna tökmək üçün damcılar hazırlayırlar. Bu damcılar kənziki (burun-udlağı) təmizləyir, unutqanlıqda, əzginlik və zökəmdə çox xeyirlidir. Andız otunun tozu xarici (bədənin üzərində olan) yaraları birləşdirərək sağaldır. Bununla, belə andızın bağırsağa ziyanı var. Onu ərəb qatranı tarazlaşdırılır. Andızı mərzə ilə əvəz edirlər. Andız cövhərinin dozası – 23, 5 q təzə yarpaqların isə – 9 q-dır.

İbn Sina qeyd edir ki, andız oturaq sinirinin iltihabında, oynaq ağrılarında, soyuqdəymədə və əzələ qırılmalarında kömək edir. Andızın həlimi bəlğəmgətirici təsirə malikdir. Gövdəsinin həlimi, xüsusilə şərbəti, sidikqovucu və aybaşıqovucu kimi istifadə olunur.

Ənənəvi Tibet təbabətində andız mədə həzmetməməsində, iştaha azlığında, kostusla və boz mirobalanla bərabər isə ürək xəstəliklərində, dalaq və qabırğaarası sancılarda istifadə edilir.

Andızın başqa növü monqol xalq təbabətində işlədilir. Çiçəklərini şişlərdə və sinqa xəstəliyində (C vitamininin çatışmazlığı) istifadə edirlər. Andız mürəkkəb qarışığın tərkibində olaraq monqol və Tibet təbabətində sıxıcı peysər ağrılarında, mütamadi əsnəməkdə, baş ağrılarında, ruh düşkünlüyündə, unutqanlıqda və həddindən artıq yorğunluqda müalicə üçün istifadə edilir.

Azərbaycan xalq təbabətində andız çiçəklərinin dəmləməsi (çayı) bəlğəmgətirici vasitə kimi işlədilir. Kökü və gülünün sulu cövhəri və həlimi mədə-bağırsaq traktının xəstəliklərində yumşaldıcı vasitə kimi və qarın ağrılarında istifadə edilir. Yarpaq və çiçəklərinin dəmi ələş xəstəliyinə (hidropos, bədən boşluqlarına suyun dolması) qarşı vasitədir. Quru kökünün tozu yaranın üzərinə səpilərək trofik xoraların, məlhəmi (mazı) isə çibanların müalicəsində tətbiq edilir.

Bolqar alimləri məsləhətinə görə, 2 çay qaşığı xırdalanmış xammalın üzərinə 2100 mm su tökülməli və kənarda 10 saat saxlanmamı (soyuq ayırma). Sonra bu tərkibi filtrdən keçirərək 1 gün ərzində içmək lazımdır. Başqa bir vasitə (isti ayırma): 5–10 q xammalı (toz halına salınmış kökü) həlimin yarısı buxarlanıb uçana qədər 400 ml suda qaynatmaq həlimi soyutmaq filterdən keçirmək və hər iki saatdan bir 1 xörək qaşığı qədərində qəbul etmək.

Müasir tibb elmində andızın əsas müalicə xüsusiyyətləri: iltihaba qarşı, bəlğəmgətirici və qurtqovucu. O, həzm traktının sığallı əzələsinə spazmagötürücü təsir göstərir. Andız kökünün həlimindən öskürəkdə, bronxitdə və soyuqdəymədə istifadə edirlər. Andızın kökündən mədə xorası və onikibarmaq barğırsağın müalicəsi üçün nəzərə tutulmuş allanton adlı preparat alınıb.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Kökümsov və köklərinin tərkibində efir yağı, alontolakton (1–3%), triterpenoid laktonları və 44% inulin saponinləri, psevdoinulin, inulenin, qatran, aşı maddələri, β-sitositerin, triterpen saponinlər, palmitin, sirkə və benzoy turşuları vardır. Yarpaqlarının tərkibində 3% efir yağı, C və E vitaminləri, aşı maddələri (9,32%), lakton (1,19%), fumarin, sirkə və propion turşuları vardır. Orqanlarında efir yağları, mürəkkəb tərkibli qalenin, lakton, alantol və proazulen maddələri vardır. Bundan başqa tərkibində efir yağı (1–3%), alontolakton, izoalontolakton, dihidroalontolakton, alontol turşusu, proazulen, çoxlu miqdarda inulin (44%-ə qədər), rsevdoinulin, inulein, alkaloidlər, qatran, sirkə və benzoy turşuları vardır. Bu bitkini Hippokrat yüksək qiymətləndirmişdir.

  • Aster helenium (L.) Scop.
  • Aster officinalis All.
  • Corvisartia helenium (L.) Mérat
  • Helenium grandiflorum Gilib.
    • Inula helenium subsp. helenium
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 881.
  2. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva, Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019