Crataegus × armena

Erməni yemişanı (lat. Crataegus × armena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.

Erməni yemişanı
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Crataegus ×armena

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Təbiətdə növün arealı Zaqafqaziyanın cənub rayonlarını (Zəngəzur və Meğri) əhatə edir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Endemikdir. Hündürlüyü təxminən 2–2,5 m olan koldur. Cavan zoğları tükcüklüdür; illik zoğları çılpaq, tünd albalı rəngli; qoca budaqların qabığı boz xallı və ya boz-qonurdur. Qoltuq tikanları azsaylı, uzunluğu 7–15 mm, yarpaq tikanları nazik, azsaylıdır. Çiçəkləyən zoğların aşağı yarpaqları çox vaxt ensiz, ucunda üç pərli və ya üç yerə bölünmüş, itihissəli, iri dişlidir. Yuxarı pərləri bəzən enli, kənarları bütöv və ya ucuna yaxın 1–3 dişlidir. Steril zoğların yarpaqları daha dərin bölünmüş, enli, kəsikli pərlidir. Çiçək qrupu — mürəkkəb qalxan, tükcüklü, əsasən 4–5 saplaqlıdır. Kasayarpaqları üçkünc və ya üçkünc-lansetvari, iti uclu, meyvələridə aşağıya əyilmişdir. Meyvələri uzunsov-ellipsvari, uzunluğu 10–12 mm, qırmızı, sarımtıl lətli almaya oxşardır. Çəyirdəyi əsasən bir, bəzən ikidir, yanlardan bir az batıq, dərin olmayan şırımlı, arxa tərəfi qabarıq, az bilinən 2–4 şırımlıdır. Meyvələri sentyabrda yetişir. Ehtimal olunur ki, bu növ əyilmiş sütuncuqlu yemişanın (Crataegus kyrtostyla) və Meyer yemişanının (Crataegus meyeri) hibrididir. Əyilmiş sütuncuqlu yemişana yaxındır və bu növdən tükcüklü yarpaqları və daha tünd rəngli meyvələri ilə fərqlənir.

Daşlı yamaclarda, kolların arasında, dəniz səviyyəsindən 1300–2500 m hündürlükdə bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqaz və Naxçıvan MR təbii halda rast gəlinir.

Çox dekorativ bitkidir. Canlı hasarların salınmasında geniş istifadə edilir. Meyvə bitkisi kimi maraq doğurur.