Cuku (塾?) – Yaponiyada özəl və ödənişli hazırlıq məktəbləri.[1] Əsas məktəbə və ya universitetə hazırlaşmaq üçün nəzərdə tutulub.[1]
Edo dövründə "cuku" termini fərdi alimlər və ya pedaqoqlar tərəfindən qurulan, döyüş sənətləri və ya fəlsəfi təlimləri öyrətmək üçün nəzərdə tutulan kiçik məktəbləri bildirmək üçün işlədilirdi.[1] Digər məktəb növlərinə gənc samuraylar üçün nəzərdə tutulmiş hankolar və avam adamların uşaqları üçün nəzərdə tutulmuş terakoyalar idi.[1]
Meyci dövrünün əvvəllərində Yaponiyada vahid ibtidai təhsil sisteminin qurulmasından sonra cukular özəl hazırlıq məktəblərinə çevrilmişdir və əsasən ingilis dili, abak, piano kimi fənnləri öyrətmək üçün nəzərdə tutulmuşdu.[1] 1970-80-ci illərdə Yaponiyada cuku təhsili öz pik nöqtəsinə çatmışdır.[1] 1976-cı ilin statistikasına görə həmin il ibtidai şagirdlərin 20%-i, orta məktəb şagirdlərinin isə 38%-i cukuya gedirdi.[1] Ölkədə isə 22.000-dən çox cuku fəaliyyət göstərirdi; hər cukuya 5 müəllim və 137 şagird düşürdü.[1]
Müasir cukular incəsənət və idman kimi qeyri-akademik fənnləri və ya ingilis dili, riyaziyyat, yapon dili kimi universitetə daxil olmaq üçün lazım olan akademik fənnləri tədris edir.[1] Bəzi cukular sadəcə ev şəraitində fəaliyyət göstərdiyi halda, şəbəkə şəklində fəaliyyət göstərən böyük cukular da mövcuddur.[1] Lisey tələbələri üçün nəzərdə tutulmuş cukular hazırlıq kursları olan yobikolarla rəqabət aparırlar.[1] İctimai və ya özəl məktəblərdən fərqli olaraq cuku tələbələrindən daha gərgin əmək, uzun saatlar və rəqabətlilik tələb edir.[1]
Cuku müəllimlərinin çoxu universitet tələbələri, keçmiş məktəb müəllimləri və ya ikinci iş istəyən müəllimlərdir.[2]