Dünya sənin, dünya mənim (mahnı)

"Dünya sənin, dünya mənim"Məmməd Arazın sözlərinə Niyaməddin Musayev tərəfindən bəstələnən mahnı

"Dünya sənin, dünya mənim"
Niyaməddin Musayev tərəfindən ifa olunmuş mahnı
Dil Azərbaycan
Müddət 1986[1]
Bəstəkar Niyaməddin Musayev
Sözlərin müəllifi Məmməd Araz

Şeir 1977–1978-ci illərdə Məmməd Araz tərəfindən yazılıb. Şeirə məşhurluq gətirən Niyaməddin Musayevin mahnı bəstələməsi olub. Niyaməddin Musayev mahnının necə yaranması ilə bağlı demişdir:

" 1986-ci ildə xəstəxanada yatırdım. O vaxt filologiya elmlər doktoru Maarifə Hacıyeva məni ziyarətə gəlmişdi. Onunla ailəvi münasibətimiz vardı. Mənim Xalq Təsərrüfat İnstitutunda təhsil almağımda o xanımın böyük rolu olub. Maarifə xanım gələndə bir qazan yemək və bir kitab gətirmişdi. O gedəndən sonra kitabı vərəqlədim, gördüm, Məmməd Arazın kitabıdır, üstündə yazılmışdı ki, "Dünya sənin, dünya mənim, dünya heç kimin". Bu şeiri oxuyanda isə kövrəldim. Onda vəziyyətim yaxşı deyildi. Dedim, ay Allah, uşaqlar körpədir, mən dünyamı dəyişsəm, onları kim saxlayacaq, kim onlara havadar olacaq? Bu, mənə çox pis təsir elədi, elə o nəğməni o xəstəxanada stolun üstündə çırtma vura-vura yazdım. "

[2]

Niyaməddin Musayevin ifasında mahnı məşhurluq qazanmışdır. Youtube kanallarında 10 milyondan çox izlənmə olub. Ondan sonra mahnını müğənni Əhməd Mustafayev ifa etmişdir.[3] 19 mart 2023-cü ildə "Səs Azərbaycan: Doğma nəğmələr"in qalibi Zülfü Əsədzadənin "Dərviş band" qrupu[4] ilə birgə "Dünya sənin, dünya mənim" ifası sosial şəbəkələrin trendinə çevrilmişdir.[5].

Niyaməddin Musayev "Dərviş band" qrupunu tanıdığını və onların bu ifasını çox bəyəndiyini bildirib:

" "Bu qrupla mən yaxından tanışam. O qrupda olan oğlanla mən "Dünya sənin, dünya mənim" mahnısını studiyada birgə oxumuşuq. Ən çox diqqət elədiyim məsələ isə aranjimandır. Onlar çox düzgün şəkildə nəğməni aranjiman ediblər. Mahnının kökünə dəyməyiblər. Ən əsas da aranjimanda xoşagəlməz, qulağı incidən dəyişikliklər etməyiblər. Hər şey yerindədir. Çox bəyənirəm". "

[6]

Türkiyəli müğənnilərin ifasında

[redaktə | mənbəni redaktə et]

Türkiyənin tanınmış müğənnisi Neşe Karaböcek ifa etmişdir.

Orijinal mətni

[redaktə | mənbəni redaktə et]

Bir taleyin oyununda cütlənmiş zərik, Yüz il qoşa atılsaq da qoşa düşmərik. Bir zərrənin işığına milyonlar şərik, Dünya sənin, dünya mənim, dünya heç kimin.

Çevrəsindən çıxsa əgər sevda fırfıran, Bir ümidin ətəyindən tutub da fırlan, Eşidərsən: pıçıldayır yıxılan, duran, Dünya sənin, dünya mənim, dünya heç kimin.

Bu get-gəllər bazarına dəvədi dünya, Bu ömür-gün naxışına həvədi dünya. Əbədiyə qəh-qəh çəkər əbədi dünya, Dünya sənin, dünya mənim, dünya heç kimin.

Ayaq saxla, dövrənə bax ötəri belə, Min illərdir Araz belə, Həkəri belə. Axşamların, səhərlərin təkəri belə, Dünya sənin, dünya mənim, dünya heç kimin.

Gülünclərə gülünc gələn bu ada güldüm, Yüyəninə hər əl yetən bu ata güldüm, Mən özümlə oynadığım şahmata güldüm…
Dünya sənin, dünya mənim, dünya heç kimin.

— may-iyun, 1986[7]

  1. "Niyaməddin Musayev: "Qardaşım mənə dedi ki, bu nə saçlardır uzadırsan?"". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-25.
  2. ""Dünya sənin, dünya mənim" mahnısını xəstəxanada yazmışam" –NİYAMƏDDİN MUSAYEV /MÜSAHİBƏ". 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-25.
  3. "Arxivlənmiş surət". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-23.
  4. "Sosial şəbəkələrdə viral olan "Dərviş band": "Bu, son sürpriz deyil" - Video". 2023-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-23.
  5. ""Dünya sənin, dünya mənim", dünya Dərvişin — Mahnı yeni ifada çox sevildi". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-23.
  6. "Niyaməddin Musayevdən mahnısını oxuyan "Dərviş band"ə REAKSİYA". 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-25.
  7. "DÜNYA SƏNİN, DÜNYA MƏNİM..." 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]