Gəzinti mayakı (参観灯台, sankan today?) və ya bəzən dırmaşma mayakı (のぼれる灯台, noboreru today?) – Yaponiyada ictimaiyyətə açıq olan və içərisində gəzinti icazəsi verilən mayaklar. Hazırda Yaponiyada 16 belə mayak var.
Gəzinti mayakları sistemi Yaponiya Sahil Mühafizə Təşkilatının təşəbbüsü ilə yaradılmışdır və "Tokokay" təşkilatı tərəfindən idarə olunur. Mayakları ziyarət etmək üçün ziyarətçidən 300 yen tələb olunur.[1]
Gəzinti mayakları ictimaiyyətə açıqdır: mayakın yuxarısına dırmaşmaq və içərisində gəzişmək sərbəstdir. Lakin pis hava şəraitində mayaklara giriş məhdudlaşdırıla bilər. Bəzi gəzinti mayaklarında mayakın tarixindən və xüsusiyyətlərindən bəhs edən sərgi otağı olur. Gəzinti mayakı statusunda olan mayaklardan əlavə bəzi mayaklar Mayak Memorial Günü (1 noyabr) və Dəniz Günü münasibətilə ictimaiyyətə açıq olur.[2]
Yaponiyada müasir dəniz mayaklarının tikintisinə Meyci dövründə başlanmışdır. Həmin dövrdə mayaklara daxil olmaq üçün xüsusi icazə almaq lazım idi. 1931-ci ildə Yaponiyada mayakları ziyarət etmək barədə təlimat yaradılmışdır. İkinci Dünya müharibəsindən sonra turizm populyar olmuş və turistlərin sayı çoxalmışdır. Nəticədə, bəzi mayakların ziyarətə açılması barədə qərar qəbul edilmişdir.[2]
Gəzinti mayakı sistemi 1948-ci ilin martında başlamışdır. Sistem 13 gəzinti mayakı ilə yaradılmışdır: Kannonzaki mayakı, İnubosaki mayakı, Coqaşima mayakı, İzumo Hinomisaki mayakı, Nocimazaki mayakı, Şionomisaki mayakı, Şimizu mayakı, Dayozaki mayakı, Şioyazaki mayakı, Tsuruqisaki mayakı, Kuşirosaki mayakı, Çikiumisaki mayakı, Kattoşimisaki mayakı və Murotozaki mayakı.[2]
29 mart 2007-ci ildə Hatsuşima mayakı sayca 15-ci gəzinti mayakı olmuşdur.[3] 1 iyun 2018-ci ildə Şiriyazaki mayakı 16-cı gəzinti mayakı kimi ictimaiyyətə açıq elan olunmuşdur.[4]
Aşağıda Tokokay tərəfindən müəyyən edilmiş 16 gəzinti mayakının siyahısı verilmişdir:[1]