Dəftərdar Üveys Paşa

Dəftərdar Üveys Paşa (ö. sentyabr 1591) — II SəlimIII Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.

Dəftərdar Üveys Paşa
ƏvvəlkiDəftərdar Sinan Paşa
SonrakıXədim Əhməd Paşa
Şəxsi məlumatlar
Doğum tarixi XVI əsr
Vəfat tarixi
Vəfat yeri Misir əyaləti, Osmanlı imperiyası
Atası Qazı Mehmed Əfəndi

Doğum tarixi haqqında məlumat yoxdur. Atası Aydının köklü ailələrindən olan Qazı Mehmed Əfəndidir. Bu səbəblə atasından aldığı dini təhsilin ardından Tirə qazısı olaraq dövlət xidmətinə başladı. Bu vəzifəsi əsnasında Şahzadə Muradla tanış oldu və onun xidmətinə alınaraq şahzadənin dəftərdarı oldu. Şahzadənin 1574-cü ildə taxta çıxmasıyla o da İstanbula gəldi və Sokollu Mehmed Paşa ilə rəqabət aparmasına baxmayaraq Sultan Murad tərəfindən baş dəftərdar təyin edildi. 1578-ci ildə edam edilən Budin bəylərbəyi Sokollu Mustafa Paşanın yerinə Budinə yollandı. 1579-cu ildə bölgəyə gələn Üveys Paşa o əsnada Avstriya ilə davam edən sülh müzakirələrində iştirak etdi. Bundan başqa əyalət gəlirlərini də artıran Üveys Paşa, düşmən basqını nəticəsində yaranan itkilərdən məsul tutuldu və 3 iyun 1580-ci ildə vəzifədən alındı.

1585-ci ilin aprelində yenidən baş dəftərdar olan Üveys Paşa 1587-ci ilin aprelində Misir bəylərbəyliyi ilə yenidən paytaxtdan uzaqlaşdı. Bu vəzifədə ikən illik 500 min florin olan Misir xəzinəsi gəlirini 600 min florinə qədər artırmış, bu səbəblə mükafat olaraq 1590-cı ildə vəzir rütbəsi almışdır. Ancaq həmin ilin sentyabrında vəfat etmişdir.

  • Sicill-i Osmani V, səh. 273