Dəstgah

Dəstgah (fars. دستگاه‎, dəst – komplekt, gah – mövqe, məqam, məkan) — müəyyən muğam tərkibinə daxil olan bütün şaxələr, şöbələr, guşələr, rədiflər, rənglər və təsniflərin küll halında, məntiqi inkişaf qaydası üzrə mütəşəkkil məcmusu.[1] İran klassik musiqisinin növü. Məşhur İran tar ifaçısı M.Marufinin təsnifatına görə 7 əsas hissədən ibarətdir: Şur, Segah, Cahargah, Mahur, Hümayun, Rast-Pəncah, Nəva.[2]

Qacarlar öz Təbriz saraylarında (vəliəhdin qaldığı yer) Azərbaycan dilində, rədif-dəstgah ənənəsinə bənzər musiqi ənənəsinə himayəlik edirdilər. Bu saray musiqisi Azərbaycan muğamının əsasını təşkil etmişdir. Etnoqraflar tərəfindən rədif-dəstgahın farsdilli ərazilərin musiqi normalarına uyğun gəlmədiyi bildirilmiş, Jin Durinq isə bu sistemin birbaşa 12 muğam sistemindən gəlmədiyini, mənşəcə azərbaycanlılara uyğun göründüyünü qeyd etmişdir.[3] Ehtimal edilir ki, dəstgah sisteminin İrana gəlməsi mənşəcə Azərbaycandan olan, Tehran saraylarına Azərbaycan və türk musiçilərini gətirən Qacarların işidir.[4]

Ümumi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Dəstgah hər hansı bir muğamın («Rast», «Şur», «Cahargah» və s.) tərkibinə daxil olan bütün şaxələri, şöbə və guşələri, rədifləri, rəngləri, təsnifləri özündə birləşdirən məntiqi ardıcıllıqdır.

Üzeyir Hacıbəyov yazırdı ki:

" «Xanəndə və sazəndə dəstəsi əksər ovqat üç nəfərdən ibarət olur ki, onlardan biri oxuyar, təğənni edər, digəri «tar» və üçüncüsü isə kamança» çalar; bu dəstənin əhli bütün muğam və dəstgahları lazımınca bilməlidirlər: Baxüsus xanəndə bir çox şer, qəzəl və təsniflər hifzində saxlamalıdır; tarçalan dəxi dəstgahların yollarını yaxşıca bilməlidir ki, xanəndəyə «rəhbərlik» etsin, yəni xanəndə bir «guşə»ni oxuduqdan sonra onun dalınca gələn guşəni çalıb xanəndəni qızışdırsın, kamançaçı isə əksərən tarçalanın dalınca gedir; xanəndə gözəl səsə malik olub ustadanə təğənni etməkdən əlavə bir də «zərb» alətində olan «qaval»ı da ustadlıqla çala bilməyə borcludur ki, «rəng» və «təsnif»lərə keçdikdə «bəhr» tuta bilsin... musiqidə dəxi məcazən o mənada işlənilir, yəni müxtəlif muğam parçaları bir-birinə yaraşmaq və uyğun olmaq şərtilə cəm edilib bir dəstgah əmələ gəlir: məsəla, rast dəstgahını təşkil edən əsas muğam parçaları müxtəsərən boylədir: rast, üşşaq, hüseyni, vilayəti, xocəstə, (şikestəyi-fars), əraq, pəncgah, gərayi, rast ki, bunların hər parçasına bəzən şöbə, bəzən guşə və bəzən avaz deyilər.

Dəstgahların qəzəlləri mütləqən əruz vəzni ilə yazılmış olmalıdır; barmaq hesabı yazılmış şer və qəzəllər dəstgahlar üçün yaraşmaz, əruzla yazılmış qəzəlin vəzni dəstgahın musiqisi üçün dəxi vəzn məqamini tutur... Dəstgahın hava, vəzn və bəhri qeyri-müəyyən olsa da, onun yolu, yəni pərdələri müsbət surətdə müəyyəndir və muğam və dəstgahları bir-birindən ayıran və hər birisinə xüsusi bir hüsn verən başlıca pərdələridir. Bu pərdələr sayəsindədir ki, məsələn, «Segah» «Şur»a, «Şur» da «Çahargah»a bənzəməyib, hər birisinin də təsiri bambaşqadır...»[5].

"

SSRİ xalq artisti, professor Bülbül dəstgahları bir-biri ilə üzvi surətdə əlaqəli və məntiqi olaraq birindən digərinə keçən muğamlardan ibarət olduğunu qeyd etmişdir. O, göstərirdi ki, «Şur» dəstgahının məhz aşağıdakı muğamlardan «Şahnaz», «Bayatı-türk», «Şikəstə», «İraq», «Bayatı-kürd», «Səmayi-şəms», «Sarənc» («Sarəng»), «Nişibi-fəraz», «Şur»-dan ibarət olduğunu qeyd etmişdir. Azərbaycanda muğam dəstgahları «Rast», «Şur», «Segah», «Çahargah», Bayatı-Şiraz», «Şüştər», «Hümayun» və s. ibarət olub, yeddi lad əsasında əmələ gəlmişdir. Bu ladlar nəinki Azərbaycan muğam dəstgahlarında, hətta bütün musiqi janrlarının əsasını təşkil edir. Üzeyir Hacıbəyovun qələmə aldığı «Azərbaycan xalq musiqisinin əsasları» (1945; 1965; 1985 və s.) adlı fundamental tədqiqatı lad sistemlərindən bəhs edir. Azərbaycanda mövcud olan musiqi janrlarının hamısı bu lad sistemlərinə əsaslanmışdır.[6]

Dəstgah təkcə muğamın ifası ilə bağlı deyil, həm də muğamın forması, quruluşu ilə bağlı anlayışdır. Muğam dəstgah ifası xüsusi və konkret forma, kompozisiya xüsusiyyətlərinə malikdir. Birincisi, dəstgahın kompozisiyası muğamdakı şöbə və guşələrin məntiqi ardıcıllığına, şöbələrin dramaturji rol daşımasına və şöbələrin vahid bədii məzmun yaratmasına əsaslanır. İkincisi, dəstgahlarda vokal və instrumental ifa, yəni xanəndənin oxuması ilə instrumental sazəndə muşayiəti və çalğısı bir-biri ilə vəhdət təşkil edərək muğamın vahid formada qavranılmasını təmin edir. Üçüncüsü, dəstgah muğamın forması vokal və instrumental ifaların növbələşməsi prinsipinə, yəni xanəndə və sazəndənin ifasının növbələşməsinə, ardıcıllığı prinsipinə əsaslanır.

Dəstgahın strukturu

[redaktə | mənbəni redaktə et]

Bütün muğam dəstgahları dəraməd ilə başlayır. Dəraməd insturmental janr olub, rəngin bir növüdür. Dəraməd ağır, orta, sürətli tempdə olub marşvari, rəqsvari, lirik xarakter daşıyır. Özünəməxsus kompozisiyası olan dəramədlər formaca ya kiçik, ya da iri həcmli olurlar. Dəraməd dəstgahın instrumental girişi olmaqla, dinləyicini muğamın lad-intonasiya, bədii-emosional məzmunu ilə tanış edir, dinləyicini muğamın bədii ovqatına, lad məntiqinə, melodik ifadəliliyinə kökləyir. Dəstgah muğamlarda dəraməddən sonra ilk şöbə kimi bərdaşt çalınır. Mürəkkəb quruluşa malik dəstgahlar guşə və şöbələr adlı hissələrdən qurulur. Guşə şöbəyə nisbətən kiçik melodik quruluşa malikdir. Bəzən, bir şöbə bir neçə guşədən də ibarət ola bilir. Şöbə və guşə dəstgah muğamlarda struktur rolu oynayırlar. Hər bir şöbə özünəməxsus melodiya xəttinə və lad-melodik məzmuna malikdir. Dastgahlarda şöbələr arasında instrumental rənglər və vokal-instrumental təsniflər ifa edilir.[7]

  1. "Muğam ensiklopediyası". 2021-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-21.
  2. Hormoz Farhat. The dastgāh concept in Persian music. Cambridge, New York: Cambridge University Press, 1990.
  3. Lucas, Ann E. "Ancient Music, Modern Myth." Music of a Thousand Years: A New History of Persian Musical Traditions, 1st ed., University of California Press, 2019, pp. 1–22. JSTOR, http://www.jstor.org/stable/j.ctv1f884pp.8 Arxivləşdirilib 2023-03-05 at the Wayback Machine. Accessed 5 Mar. 2023.
  4. Laudan Nooshin (1998) The song of the nightingale: Processes of improvisation in dastgāh Segāh (Iranian classical music), British Journal of Ethnomusicology, 7:1, 69-116, DOI: 10.1080/09681229808567273
  5. Hacıbəyov Ü. Əsərləri. II cild, Bakı, 1965
  6. Bülbül. Seçilmiş məqalə və məruzələri. Bakı, 1968.
  7. "Muğam dəstgahları". 2019-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-21.