Dağ Kəsəmən qızıl–polimetal yatağı Ağstafaçay və Həsənsu çayları arasında Üçgöl dağ silsiləsinin qərb yamacında, Üçgöl dağının zirvəsindən (814,1 m.) 1,5–2,0 km. qərb, şimal-qərbə Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin kənarına kimi uzanan quru çay dərəsinin yuxarı hissəsində yerləşmişdir.[1]
Yatağın geoloji quruluşunda Üst Konyak-Üst Santon yaşlı andezit, andezit-bazalt tərkibli vulkanogen süxurlar iştirak edir. Bu süxurlar Üst Santon yaşlı andezit-dasit və albitofir tərkibli subvulkanlarda və vulkan mərkəzləri ilə yarılmışdır. Yatağın şərq hissəsində Üst Konyak- Üst Santon çöküntüləri qeyri-uyğun olaraq Üst Santonun albitofir tərkibli litoklastik tufları ilə örtülürlər. Bu tufların əsasında bazalt qata bənzər qat qeyd olunur. Bu qat içərisində Alt Santon yaşlı karbonatlı qravelitlərdən ibarət süxur parçaları müşahidə edilir. Dağ Kəsəmən yatağının əmələ gəlməsi çox ehtimal ki, Santon vulkanizminin hidrotermal fəaliyyəti ilə əlaqədardır[1].
Yatağın strukturunda əsas rolu regional miqyaslı dərinlik qırılması və tektonik pozulmalar oynayır. Filiz sahəsinin mərkəzi ilə dərinlik qırılmasının subparalel istiqamətdə Dağ kəsəmən antiklinalının oxu keçir. Filiz əmələ gəlmənin inkişafında ən böyük əhəmiyyəti olan qırılmalar qərb və şərq təmasında əmələ gəlmişdir. Həmin qırılmalar boyunca albitofirlərin və andezitbazaltların subvulkanları yayılmışdır. Andezit-bazalt və onların tuflarından ibarət süxur parçalarının üstünlük təşkil etməsi göstərir ki, qırılmalar boyunca baş verən tektonik hərəkətlərdə albitofirlər əmələ gəlmiş çox fəal olmuşlar. Yataqda qazılmış quyularda qızılın orta miqdarı 0,2 q/t, gümüş 22,6 q/t, qurğuşun 0,24%, sink 0,65%, mis 0,21% təşkil edir. Yataq ərazisində bütün filizli zonalar şimal-şərq istiqamətli tektonik çatların filizli məhlullarla dolması nəticəsində formalaşmış və şərq tektonik qırılması ilə ayrılmışlar. Onların izlənilən uzunluğu təxminən 100–1300 m, eni isə 0,2–20,2 m.-ə qədərdir. Ümumiyyətlə yataq ərazisində 27 filizli zona aşkarlanıb ki, onların bir qismi hələki öyrənilməyib. Yatağın C1+C2 kateqoriyaları üzrə ehtiyatı təxminən Au-26,3 ton, Ag-113,9 ton, Zn-86880 ton, Pb-7755 ton və Cu-2238 ton hesablanmışdır[1].