Çökmə süxurlar maddələrin əsasən su mühitində, az hallarda atmosfer agentləri və buzlaqların fəaliyyəti nəticəsində quruda və ya dənizdə və okeanda çökməsi nəticəsində əmələ gəlir
Çökmə süxurlara nümunə olaraq qum(çöküntü mənşəli süxurlardan əmələ gəlmiş), çaydaşı, çınqıl və gil bunlar tikintidə geniş istifadə olunur, Torf, daş kömür, əhəngdaşı və təbaşir kimi çökmə süxurlar da bitki və heyvan qalıqlarından yaranmışdır. Su hövzələrində və ya quruda toplanan süxurlar- çökmə süxurlar adətən laylı olub tərkibində bitki və heyvan qalıqları olur. Mənşəyinə görə çökmə süxurlar kimyəvi (daşduz, əhəngdaşı, gips, və s.), orqanogen (daş kömür, torf, mərcan qalıqları) və qırıntı süxurlara bölünür. Kimyəvi və orqanegen çöküntüklər isə quruda çökdürülür və müvafiq olaraq protogen və kontinental süxurlar adlanır. Yer səthinin 75%-i çökmə süxurlarla örtülmüşdür.
Çökmə süxurların rəngi ən mühüm əlamətlərindən biridir. Çökmə süxurların rəngi ilkin və törəmə ola bilər. İlkin dedikdə, adətən, süxurəmələgəlmənin ən başlanğıc mərhələsinə xas olan və eləcə də diagenez zamanı yaranmış rəng nəzərdə tutulur. Törəmə rəng, adətən, hipergen mənşəli olur, yəni aşınma və reqressiv epigenez (gizli hipergenez) prosesində əmələ gəlir. İlkin rəng süxurların tərkibini və genezisini əks etdirərək, stratiqrafik korrelyasiyaya kömək edir. Çökmə süxurların rəngi aşağıdakı amillərdən asılıdır: 1) süxurların tərkibində iştirak edən mineralların rəngi; 2) süxurlara bəzən çox az miqdarda mexaniki qarışan və ya onların dənələrini nazik pərdə şəklində örtən ən kiçik hissəciklərin rəngi. İlkin rəngin əsas əlaməti — müxtəlif rəngə boyanmış hissələrin sərhədinin laylanma müstəvisi ilə üst-üstə düşməsidir. Ağ rəng ilkin və törəmə ola bilər. Qırmızımtıl-qəhvəyi çalarlar rəngin singenetik və hipergen mənşəli olmasını göstərir. Yaşıl, boz və qara rənglər üzvi maddənin iştirakı ilə gedən intensiv diagenez, daha az reqressiv hipergenez prosesinə dəlalət edir və çox nadir hallarda ilkin (məs., alloxton kömürlü hissəciklərin və rəngli qırıntılı mineralların qarışığı nəticəsində) olur. Çökmə süxurların rəngi gözlə və ya cihazlarla (spektrofotometr) təyin edilir.
Çökmə süxurların bir sıra təsnifatı verilmişdir. Belə təsnifatlardan birinə görə süxurlar, əvvəlcə onları təşkil edən maddələrin mənşəyinə görə əsas genetik siniflərə bölünür: 1) əsasən mexaniki xırdalanma məhsulları; 2) adətən, məhlula keçməyən ilkin süxurların kimyəvi parçalanma məhsulları (gillər); 3) tam kimyəvi parçalanma nəticəsində məhlula keçən xalis kimyəvi və ya biogen yolla ayrı-ayrılıqda çökən müxtəlif birləşmələrin məhsulları; 4) əsasən əvvəllər mövcud olmuş süxurların hesabına deyil, hava və suda olan qazların, bitkilərin fotosintezi yolu ilə əmələ gələn məhsulları; 5) qarışıq tərkibli süxurlar. Mütləq təmiz süxur olmadığı üçün təmiz və qarışıq süxurların sərhədi şərti qəbul edilir və müxtəlif hallarda müxtəlif olur. Bu təsnifatın xüsusiyyəti ondan ibarətdir ki, əsas siniflərdə ayrılmış xalis çökmə süxurlar və onların növləri ilə yanaşı, habelə qalıq (elüvial) növləri də ayrılır. Bütün hallarda süxurlar təsnifatda aşağıdakı qanunauyğunluqla, yəni qırıntılı süxurların dənə ölçülərinin azalması ardıcıllığı, kimyəvi süxurların isə həllolma qabiliyyətinin artması qaydası ilə düzülür. Hazırda çökmə süxurların maddi tərkibi və genezisinə görə təsnifatı geniş yayılmışdır. Çökmə süxurların aşağıdakı qrupları və ya sinifləri ayrılır: 1) qırıntılı (piroklastik süxur daxil olmaqla); 2) gilli; 3) giltorpaqlı; 4) dəmirli; 5) manqanlı; 6) fosfatlı; 7) silisiumlu; 8) karbonatlı; 9) duzlar (sulfatlar, xloridlər və qarışıq tərkibli süxur); 10) kaustobiolitlər.
Dinamik çökmə süxur kompleksləri Yer qabığının həm geniş və həm də məhdud sahələrini əhatə edən ehtizazi hərəkətlərin müxtəlif mərhələlərində əmələ gələn kompleksləridir. Dənizin transqressiyasına uyğun gələn ərazinin çökəlməsi bu hərəkətlərin başlanğıcı kimi qəbul edilir; bu mərhələdə transqressiv dinamik kompleksi təşkil edən konqlomerat, qum və alevrolitlər, qismən gillər, humid zonalarda bunlarla assosiasiya təşkil edən Al, Fe, Mn filizləri, fosforitlər, bəzən kömürlər, arid zonalarda isə gipslər toplanır. Ərazinin çökəlməsi başa çatdıqdan sonra hövzənin sərhədləri və dərinliyi az dəyişən stabil mərhələ gəlir. Bu zaman humid zonada əsasən gil, karbonat və silisium süxurları; dənizkənarı paralik (sahiləyaxın) zonada — kömürlər; arid zonada — gil, dolomit və silisiumlu süxurlar, hövzənin kənar hissəsində isə fosforitlər, halogen süxurlar (gips, halitit, kalium duzları) əmələ gəlir. Bütün bu süxurlar stabil kompleks təşkil edir. Qalxma (dənizin reqressiyası) mərhələsində yenidən qırıntılı süxurlar toplanır. Humid zonalarda bu mərhələ ilə çox qalın kömür yığımları, arid zonalarda isə duzəmələgəlmə əlaqədardır.