Daşınan Zenit Raket Sistemləri (DZRK) — müasir piyadaların arsenalında mövcud olan təsirli silahdır. DZRK — daşınması və istifadəsi bir əsgər tərəfindən yerinə yetirilən zenit kompleksidir.
Daşınabilən hava hücumundan müdafiə sistemi | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Nisbətən kiçik ölçüsü sayəsində modern DZRK-ları asanlıqla daşımaq və gizlətmək (maskalamaq) mümkündür. Kiçik ölçüləri, yüksək məhsuldarlığı və nisbətən ucuz qiyməti onları çox populyar hala gətirib. Daşına bilən Hava Hücumundan Müdafiə sistemləri hərbi sahədə, xüsusilə də aşağı intensivlikli silahlı münaqişələrdə real bir inqilab etdi. Tank və piyada birliklərini helikopter və hücum təyyarələrinin hava hücumlarından müdafiə etmək üçün artıq bahalı və irihəcmli hava hücumundan müdafiə batareya və divizionlarını yerləşdirməyə ehtiyac qalmadı.
Hava hədəfləri ilə effektiv mübarizə aparmaq üçün piyadaların təchiz edilməsi ideyası, aviasiyanın döyüş sahəsində böyük rol oynayadığı İkinci dünya müharibəsi dövründə peyda oldu. Müharibənin sonunda Üçüncü Reyx konstruktorları yaratdıqları təsirli, sadə və nisbətən ucuz "Panzerfaust" tank əleyhinə qumbaraatan konsepsiyasını düşmən təyyarələri ilə mübarizə aparmaq üçün istifadə etməyə cəhd göstərdilər. Onların araşdırmalarının nəticəsi olaraq kütləvi istehsal mərhələsinə çatmayan, idarə olunmayan zenit raketlərinə sahib "Luftfaust-B" daşınan çoxlüləli kompleks yaradıldı. Əslində bu kompleks müasir DZRK sistemlərinin sələfləri olan zenit qumbaraatanları kimi qəbul edilməlidir.
Müasir dövrdəki daşınan ZRK-nın inkişafının başlanğıcı termini 1950-ci illərə aiddir. Lakin idarəolunan raketlərlə təchiz olunan DZRK-nın ilk modeli yalnız 1960-cı illərin sonlarında silahlanmaya qəbul edilməyə başlandı. Bu komplekslərdən 1969-cu ildə Ərəb-İsrail müharibəsi dövründə kütləvi şəkildə istifadə olundu. Döyüş şəraitində sınaqdan keçirilən ilk sovet DZRK-sı "Strela-2" idi. 1970-ci illərdən etibarən, bu komplekslər dünya səviyyəsində müxtəlif intensivlik dərəcəsində olan müharibə və hərbi münaqişələrdə yalnız ordular tərəfindən deyil, həm də düşmən təyyarələri ilə ucuz və effektiv vasitələrlə mübarizə aparmağa üstünlük verən müxtəlif partizan dəstələri, üsyançılar və hətta terrorçular tərəfindən də fəal şəkildə istifadə olunmağa başladı.