Daniel qasırğası — son dərəcə ölümcül Aralıq dənizi siklonudur. Liviyada fəlakətli fəsadlar törətmiş və həmçinin Avropanın cənub-şərqinə təsir etmişdi.[1] Sentyabrın 4-də yaranan fırtına öncə Yunanıstan, Bolqarıstan və Türkiyəyə təsir etdi və orada geniş daşqınlara səbəb oldu, tezliklə subtropik xüsusiyyətlər meydana gəldi və Liviya sahillərinə doğru hərəkət etdi. Quruya çatmazdan əvvəl fırtına tropik oldu. Liviya sahillərində fəlakətli daşqınlar baş verdi, daha sonra qalıq aşağı səviyyəyə çevrildi. Fırtına Omeqa blokunun nəticəsində yarandı, çünki yüksək təzyiq zonası iki aşağı təzyiq zonası arasında sıxışaraq Yunan hərfi omeqa (Ω) əmələ gətirdi.[2][3]
Fırtına Liviya sahillərində fəlakətli nisbətdə daşqınlara səbəb oldu.[4] Liviya səlahiyyətlilərinin məlumatına görə, sentyabrın 12-nə 2300 nəfərin öldüyü və daha 7 minə yaxın insanın yaralandığı bilinirdi.[5] Sentyabrın 13-nə olan məlumata görə, ölənlərin sayı 7000 nəfəri ötüb,[6] daha 100 000 nəfər isə hələ də itkin düşmüş hesab olunurdu.[7] Sentyabrın 15-də ölənlərin sayı 11.300 nəfəri ötdü.[8]
Qasırğa sentyabrın 10-da Liviyanın şərqində baş verdi və Benqazi , Derna şəhərləri və Əl Cəbəl əl-Əxdar bələdiyyəsinə təsir etdi. Sel evləri və yolları dağıtdı, ən çox Derna şəhəri zərər çəkdi. Nəticədə şəhərin təxminən dörddə biri dağılıb, insanlar sularda boğulub. Balıqçılar cəsədləri çıxarmaq üçün torlarından istifadə etməli olublar. Derna meri Abdel Manam əl-Qaiti ölənlərin sayının 20 min nəfərə çata biləcəyini bildirib. Dərnədən 30 mindən çox insan təxliyə edildi.[9][10]
Liviya hakimiyyəti üç günlük milli matəm elan etdi.[11]Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əməkdaşları Liviyanın şərqinə əlavə humanitar yardım göndərdi. Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Marqaret Harris bildirib ki, təşkilat qurbanlara səyyar klinikalar vasitəsilə tibbi xidmət göstərməyi planlaşdırır, çünki bir çox xəstəxana seldən zərər görüb, bəziləri tamamilə dağılıb.[12]
Tunis, Əlcəzair, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, İtaliya və Fransa Liviyaya xilasedicilər və humanitar yardım göndərdilər . BMT Liviyaya yardım üçün 10 milyon dollar, Böyük Britaniya 1 milyon funt sterlinq (1,25 milyon dollar), Aİ 500 min avro (540 min dollar) ayırdı, Almaniya , Rumıniya və Finlandiya Liviyaya elektrik generatorları, çadırlar, çarpayılar, ədyallar, ərzaq yardımı təklif etdi.[13][14]