Denudasiya

Denudasiya (lat. Denudatio - "çılpaqlaşma") — Yer səthində süxurların su, külək, buz və s. ilə dağılması, yüksək sahələrdən alçaq sahələrə aparılması proseslərinin məcmusu. Yer səthi relyefinin dəyişilməsində və yeni relyef formalarının əmələ gəlməsində denudasiyanın rolu böyükdür. O, süxurları parçalayıb dağıdaraq relyefi alçaldır, hamarlayır, dağlıq sahələri denudasion düzənliklərə (peneplenlərə) çevirir. Denudasiya prosesinə aşınma, eroziya, abraziya, korroziya, deflyasiya kimi proseslər daxildir.

Denudasion proses

[redaktə | mənbəni redaktə et]

Denudasion proses aşınma məhsullarının daşınmasıdır. Prosesin başlıca hərəkətverici qüvvəsi ağırlıq qüvvəsidir. Bu qüvvə birbaşa və yaxud müxtəlif mütəhərrik mühitlərin vasitəsilə yaranır. Denudasion proses dar mənada müəyyən bir səthin yuyulması və qravitasion hərəkətlər vasitəsilə aşınma materiallarının daşınması kimi başa düşülür. Geniş mənada isə denudasion proses aşınma məhsullarının aparılması və sonradan onların təbii meyil bucağı az olan səthlərdə toplanması proseslərinin məcmusudur. Denudasion proses xətti, lokal və ya səthi və sahəvi ola bilər: sonuncu halda aşınma hər hansı bir lokal sahədə cəmləşmir (səthi yuyulma, qravitasion yerdəyişmə, qitə buzlaqlarının, küləyin fəaliyyəti). Xətti, lokal denudasion proses, denudasion amillərin Qravitasion relyef forması yerdəyişmə, axar sular, vadi buzlaqları və b. fəaliyyəti) təsiri altında baş verir. Denudasion proses intensivliyi yeni tektonik hərəkətlərin intensivliyi və istiqaməti, habelə iqlim və süxurların aşınmaya davamlılığı ilə müəyyən edilir. Sonuncu halda selektiv  Denudasion proses adlanır.[1]

Denudasion amillər ağırlıq qüvvəsinin təsiri altında aşınma məhsullarının yerdə­yişməsi və daşınması morfogenezinin ekzogen amilləri. Denudasion amillər iki cür olur: 1. Yerüstü Denudasion amillər təsiri altında skulptur relyef (aşınmış relyef) əmələ gəlir. Bu amillərə aşağıdakılar aiddir: qravitasia hərəkətləri (yerdəyişmə), Eroziya, karst, suffoziya, nivasiya, ekzarasiya, abraziya, Deflyasiya, korroziya; orqanizmlərin fəaliyyəti ilə daşınma, insan fəaliyyəti ilə süxurların çıxarılması və nəql edilməsi. 2. Sualtı  - qravitasion yerdəyişmə (sürüş­mə), su axınları ilə yuyulma (daimi, qabarma-çəkilmə), sunami dalğaları ilə yuyulma, bulanıq axınlarla (suspenziya) yuyulma. 

Denudasion düzənlik

[redaktə | mənbəni redaktə et]

Denudasion düzənlik tektonik qalxmış ərazilərdə müvəqqəti və ya uzunmüddətli denudasion proseslərin üstünlük təşkil etdiyi şəraitdə əmələ gəlmiş düzən səth. Düzlənmə sahəsinə (Denudasion düzənlik) özünün düzlənmiş akkumulyasiya sahəsi uyğun gəldikdə  denudasion düzənlik poligenetik düzlənmə səthinin bir hissəsini təşkil edir. Denudasion proseslərin tektonik proseslər üzərində qısamüddətli üstün­lüyü şəraitində - pediplen, uzun müddətli olduqda isə - Peneplen əmələ gəlir. Daşınma sahəsinin quruluşundan asılı olaraq denudasion düzənlik, bünövrənin yer səthinə çıxan dislokasiyaya məruz qalmış süxurlarından və ya platforma örtüyünün, demək olar ki, üfüqi yatan süxurlarından əmələ gələ bilər. Birinci halda denudasion düzənlik kürsülü, ikinci halda isə laylı düzənlik adlanır. Sinonium: Skulptur düzənlik.

Denudasion (erozion) dağ­lar

[redaktə | mənbəni redaktə et]

Denudasion (erozion) dağ­lar adətən kəskin və dərin parçalanmış, mütləq hün­dürlüyü yüz və hətta min metrlərə çatan, laylı düzənlərin və platoların parçalanması nəticəsində əmə­lə gələn dağlardır. Məsələn, Üstyurt platosu və b. suayrıcılarında platonun düzən səthinin, xüsusən bərk süxurlarla örtül­müş hissəsinin qa­lı­ğı mühafizə olunduqda denudasion dağ­lar yastı dağlar, "şahid" dağlar və ya yastı qalıq qaya adlanır.

  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı: Elm: 2008.
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]