Dizmar mahalı — Cənubi Azərbaycanın Qaradağ vilayətində mahal.
Yaqut əl-Həməvi yazır: "Dizmar – Azərbaycanda, Təbrizin yaxınlığında qəzaların birində böyük bir qaladı". Həmdullah Mustovfi Qəzvini əski Dizmardan bəhs edərək yazır: "Dizmar – Təbrizin quzeyində yerləşən bir qəzadır. Qəzanın əlli adda bəlli kəndi var. Ən böyükləri Duzal, Kürdəşt, Qulan, Xarar, Xur və Azaq kəndləridir. Baxmayaraq ki, tez-tez istilər olur, iqlimi mülayimdir. Suyu dağlardan axan çaylardan götürürlər. Bu çaylar axıb Araza qarışır. Tarlaların barı-bəhrəsi taxıl, pambıq və dürlü meyvacatdır. Burdan Təbrizə herağac tərəvəz gətirirlər. Qəzanın vergisi 40800 dinardır". Fəzlullah Rəşidəddin yazır: "Dizmardan Təbrizə o qədər mal gətirilirdi ki, həmin mallardan ötəri ayrıca bir xan var idi. Bu xan "Xəşab" adlanırdı. Xəşab zənginliyi ilə başqa xanlardan seçilirdi". (Xan yollar üstündə tikilən karvansara biçimli tikiliyə deyilirdi.) Dizmar mahalı Qaradağ vilayətində meyvələrin ən bol olduğu yerdir. Mahalda "Arazbarı", "Dizmarı", "Kürdəşti" növlü üzümlər, narlar yetişir. Fəzlullah Rəşidəddin qeyd edir ki, Arazbar və Dizmar mahalları 15 min man nar tədarük edir. Dizmar mahalının başkəndi Duzal şenliyi (məntəqəsi) idi. Duzal kəndi Araz çayına yaxın bir ərazidə yerləşir.
Yarı Duzaldan aldı,
Sevdim Duzaldan aldım.
Qismət, xeyir, bərəkət,
Hamın düz əldən aldım.
Araz üstü Duzaldı,
Üstümü quduz aldı.
Şil şatır olmaq üçün,
Yeddi evdən duz aldı.
Düşübdü gün Duzala,
Vaxt keçə, gün düzələ.
Gecə gördüyüm yuxu,
Keçəydi gündüz ələ.
Dizmar mahalı 1534-cü ildə bir müddət osmanlıların əlinə düşdü. Mahal Dizmar sancağı adlandı. Dizmar sancağı Mərdannaqim, Sindiyan, Üzümdil, Gərgər və Zunuz nahiyələrinə bölünürdü.
Dizmar mahalı xanlıq dönəmində iki yerə bölündü. Birinci Şərqi Dizmar, ikinci Qərbi Dizmar mahalı adlandı.
Dizmar mahalı xanlıq dönəmində iki yerə bölündü. Birinci Şərqi Dizmar, ikinci Qərbi Dizmar mahalı adlandı.