Dreyk (əsl adı: Obri Dreyk Qrem; 24 oktyabr1986[1][2][…], Toronto, Kanada[5]) — Kanadalı repçi, müğənni. O, populyar musiqi sənayesində nüfuzlu bir şəxs kimi öz adını təsdiqləyib. Çoxları onu müasir hip-hop musiqisinin səsini formalaşdırdığına görə təqdir edir. Dreyk 2001–2008-ci illərdə CTV telekanalının efirində yayımlanan "Degrassi: The Next Generation" serialında oynadığı roluna görə məşhurluq qazanıb. 2006-cı ildə o, "Room for Improvement" adlanan debüt miksteypini buraxaraq musiqi karyerasına başlayıb. "Comeback Season" və "So Far Gone" adlı iki miksteypini təqdim etdikdən sonra 2009-cu ildə Young Money Entertainment şirkəti ilə səsyazma müqaviləsi bağlayıb.[12]
Dreykin ilk üç studiya albomu: "Thank Me Later" (2010), "Take Care" (2011) və "Nothing Was the Same" (2013) böyük müvəffəqiyyət əldə etmişdir. Albomlara daxil olan sinqllar: "Find Your Love", "Take Care", "Started from the Bottom" və "Hold On, We're Going Home" ABŞ-də musiqi cərgələrinin zirvəsinə yüksəlmişdir.[13] Dreyk "Views" adlanan dördüncü albomunu 2016-cı ildə təqdim etmişdir. Bu albom 13 həftə ərzində Billboard 200 hit-paradına başçılıq edərək onun uğurunu növbəti səviyyəyə qaldırıb. Xüsusilə, albomda yer alan "Hotline Bling" və "One Dance" (WizKid və Kyla ilə) trekləri dünya miqyasında hitə çevrilmişdir.[14][15] Dreyk 2018-ci ildə sayca beşinci olan "Scorpion" adlı 25 trekdən təşkil olunmuş albomunu buraxıb. Alboma daxil olan bu üç sinql müxtəlif musiqi cərgələrinə liderlik edirdi: "God's Plan", "Nice for What" və "In My Feelings". Dreyk 2021-ci ildə altıncı albomu "Certified Lover Boy"-u təqdim etmişdir. Albomda yer alan 9 ədəd mahnı ABŞ-də hit-paradların ilk onluğuna daxil olaraq rekord qırmışdır. Özəlliklə, albomdan ilk sinql olan "Way Sexy" (Future və Young Thug-un iştirakı ilə) hit-paradların birinci sırasında qərarlaşmışdır. Dreyk 2022-ci ildə haus musiqi elementlərini özündə birləşdirən "Honestly, Nevermind" adlanan yeddinci albomunu buraxmışdır. Eyni il 21 Savage ilə birgə hazırladığı "Her Loss" albomunu yayımlamışdır. Dreyk 2023-cü ildə sayca səkkizinci olan "For All the Dogs" albomunu işıq üzünə çıxarmışdır. Albomdan üç mahnı bir nömrə olub: "Jimmy Cooks" (21 Savage ilə), "Slime You Out" (SZA ilə) və "First Person Shooter" (J. Cole ilə).
Dreyk 170 milyondan çox albom sataraq dünyanın ən çox satış edən musiqi sənətçilərindən biri olmağı bacarmışdır. O, ABŞ-də RIAA tərəfindən ən yüksək sertifikatlı rəqəmsal sinql sənətçisi titulunu qazanıb.[16] O, beş "Qremmi", altı "American Music Awards", 39 "Billboard Music Awards, iki "Brit Awards" və üç "Juno Awards" daxil olmaqla çox sayda mükafat qazanıb. Dreykin Billboard Hot 100 cərgəsində birinci pilləyə çatan 13 mahnısı var ki, bu da diqqətəlayiq bir nailiyyətdir. Bununla o, əfsanəvi müğənni Maykl Ceksonla çiyin-çiyinə dayanır, ona görə ki, hər ikisi qrafik tarixində kişi solo ifaçı tərəfindən ən çox hit olan mahnılara sahibdir.[17] Dreyk Hot 100 hit-paradına daxil olan ən çox mahnı sayına görə rekord qırıb, 77 sinqlı ilk onluğa daxil olub, üstəlik 329 mahnısı cərgələrə düşüb.[18]
Obri Dreyk Qrem[19] 1986-cı il oktyabrın 24-də Ontarionun Toronto şəhərində anadan olmuşdur. Atası Dennis Qrem Memfisdən olan afroamerikalı zərb ifaçısıdır və bir vaxtlar Cerri Li Lyuislə birlikdə çıxışlar edib.[20][21] Anası Sandra "Sandi" Qrem isə aşkenazi yəhudisi olan Kanadalıdır, əvvəllər ingilis dili müəllimi və çiçəkçi kimi çalışıb.[22][23][24][25][26] Atası Torontodakı cazklubda musiqi ifa edərkən həmin vaxt orada olan Dreykin anası ilə tanış olmuşdu. Drake həm ABŞ, həm də ki, Kanada vətəndaşıdır. Atası amerikalı olduğu üçün o, avtomatik olaraq ABŞ vətəndaşı olub.[27][28][29] Dreyk uşaq yaşlarında yəhudi inanclarını tədris edən özəl məktəbə getmişdir. O, yəhudilərin bar mitzva adlanan ənənəvi yetkinlik mərasimində də iştirak edib.[30][31]
Dreykin valideynləri o, beş yaşında olarkən ayrılıblar. Valideynləri boşandıqdan sonra Dreyk anası ilə Torontoda qaldı, atası isə Memfisə qayıtdı. Atası sonralar narkotiklə bağlı ittihamlara görə həbs edilib və bir neçə il cəza çəkmişdir.[32] Atasının kifayət qədər pulu yox idi və hüquqi problemləri vardı. O, bu səbəblərə görə ABŞ-ı tərk edib oğlunun yanına gedə bilmirdi. Həbs olunmazdan əvvəl atası hər yay Torontoya gedir və Dreyki ABŞ-ə, Memfisə gətirirdi.[33][34][35] Müsahibəsində atası iddia etdi ki, Dreykin musiqisində onu olmayan ata kimi təsvir etməsi kommersiya məqsədləri üçün şişirdilmişdir.[36] Bununla belə, Dreyk bu fikirlərlə qətiyyən razılaşmır.[37]
Dreyk uşaqlıqda Torontoda iki fərqli məhəllədə yaşamışdır. O, altıncı sinifə qədər Weston Road-da yaşayıb və dördüncü sinfə qədər "Weston Memorial Junior Public School"-a gedib. Məktəbdə oxuyarkən "Weston Red Wings" komandasının üzvü kimi xokkey oynamışdır.[34][38] Dreyk uşaq yaşlarında hokkeydə sağ cinah oyunçusu kimi istedad göstərmişdi. O, Yuxarı Kanada Kollecinin xokkey düşərgəsinə qatılmışdı. Bir oyun zamanı rəqib oyunçu tərəfindən boyunundan zədələndikdən sonra anasının tələbi ilə xokkeyi buraxmağa qərar vermişdir.[39] 2000-ci ildə Dreyk Torontonun varlı məhəlləsi olan Forest-Hillə köçüb.[40][41] O, köçməsi ilə bağlı ona verilən sualı cavablandırıb: "Yaşamağa yarım evimiz var idi. Biz başqa insanlarla bir evi paylaşmışdıq – onlar üst mərtəbədə, biz isə aşağı mərtəbədə yaşayırdıq. Mən evin zirzəmi adlanan aşağı hissəsində, anam isə mənim üstümdə, birinci mərtəbə adlanan mərtəbədə yaşayırdı. Ev çox geniş və ya dəbdəbəli deyildi. Bizim imkanımız çatacaq qədər idi".[42] Dreyk 1997-ci ildə hokkeyçilər üçün keçirilən mükafatlandırma mərasimi zamanı televiziyada yayımlanan skeç videosunda göründü. Bu gülməli videoda karyeraları ərzində bir neçə dəfə qol vurmağa nail olan yeganə qapıçılar Martin Brodeur və Ron Hextall haqqında zarafatlar edilmişdi.[43]
Dreyk orta məktəb təhsilini "Forest Hill Collegiate Institute"-da başa vurdu.[44] Daha sonra təhsilinə davam etmək üçün Torontonun Oakwood-Vaughan məhəlləsindəki "Vaughan Road Academy"-yə daxil oldu. Dreyk bildirib ki, daxil olduğu bu yeni məktəb "olduqca çətin və tələbkar olması ilə tanınır".[34] Dreyk yeniyetmə yaşlarında ana tərəfdən babası Reuben Sher-ə məxsus olan mebel fabrikində işə düzəlmişdir.[45] Dreyk irqi və dini mənşəyinə görə məktəbdə ayrı-seçkilik və təqiblərə məruz qalırdı.[46] Dərslərin çox vaxt aparması onun aktyorluq karyerasına diqqətini çətinləşdirdi. Beləliklə, hədəflərinə çatmaq məqsədilə məktəbi tərk etmək qərarına gəlir.[47] Dreyk orta məktəb diplomunu 2012-ci ilin oktyabrında 25 yaşında olarkən alıb.[48]
Dreyk doğma şəhəri Torontoda "The Embassy"[49] adlandırdığı 35.000 kvadrat metrlik dəbdəbəli malikanəsində yaşayır. 100 milyon dollar dəyərində olan bu mülk 2017-ci ildə xüsusi sifarişlə tikilib.[50][51] Onun hit mahnısı olan "Toosie Slide" üçün klip məhz burada çəkilib.[52][53] Dreykin Kaliforniya ştatının Hidden-Hills şəhərində 2012-ci ildən 2022-ci ilə qədər "YOLO Estate" adlanan evi var idi.[54] 2022-ci ildə o, Robbi Vilyamsdan 70 milyon dollara Beverli Krestdə ev alıb.[55] Onun CN teleqülləsi yaxınlığında bahalı mənzili var.[56] Dreykin Boeing 767 təyyarəsi də var.[57][58] 2021-ci ildə o, Beverli-Hillzdə 65 milyon dollarlıq mülk icarəyə götürüb.[59][60][61]
Dretkin bədənində müxtəlif döymələr var, o cümlədən Cek fənəri, "Oktyabr Aslan Ürəyi" kimi tərcümə olunan ifadə, bayquş şəkilləri və The Beatles qrupunun "Abbey Road" albomunun üz qabığından ilhamlanan rəsm.[62] Onun bədənində ailə üzvləri və Lil Wayne, Sade, Aaliyah, Jesús Malverde, Denzel Vaşinqton, 40 kimi onun üçün vacib olan insanları, həmçinin CN teleqülləsi və 416 nömrəsi kimi Toronto şəhəri üçün əhəmiyyətli olan simvolları təmsil edən döymələr var.[63]
18 avqust 2021-ci ildə Dreyk pandemiya zamanı COVID-19 virusuna yoluxduğunu bildirib. Xəstəlik nəticəsində onda saç tökülməsi baş verib. 2020-ci ilin mart ayında Dreyk virus üçün analizdən keçən ilk məşhur insanlar arasında idi.[64] 2022-ci ildə o, ikinci dəfə virusa yoluxdu, buna görə də Lil Wayne və Niki Minaj ilə konsertlərini yenidən planlaşdırılmalı oldu.[65]
Dreykin musiqiçi olan iki əmisi var.[66] Atasının qardaşları Larry Graham və Teenie Hodges gitara ifaçıları və mahnı yazarlarıdır. Larry "Sly and the Family Stone" adlı bir qrupa üzv idi,[67] Teenie isə öz növbəsində Al Green üçün "Love and Happiness", "Here I Am (Come and Take Me)" və "Take Me to River" kimi mahnıların yazılmasında töhfə vermişdir.[68][69]
Dreyk, 2008–2009-cu illərdə SZA ilə münasibətdə olub.[70] 2009–2016-cı illərdə isə Rihanna ilə ara-sıra münasibət qurub.[71] O, hər bir albomunda Rihannaya olan heyranlığından danışıb.[72] Dreyk 2016-cı ildə mükafat təqdimatı zamanı ona olan sevgisini bildirib.[73]
Dreykin 11 oktyabr 2017-ci ildə oğlu Adonis doğulub. Uşaq onun fransız rəssamı və keçmiş modeli Sophie Brussaux ilə münasibətindən dünyaya gəlib.[74][75][76] TMZ 2017-ci ilin əvvəlində onların münasibəti haqqında yazdıqdan sonra insanlar Brussaux-nun hamilə olması barədə fərziyyələr irəli sürdülər.[77] Dreykin düşməni Pusha T "The Story of Adidon" adlı mahnısında Dreykin oğlu və uşağının anası ilə əlaqəsi haqqında təfərrqüatları bölüşmüşdür. Dreyk həmin ilin sonunda bu məsələyə birbaşa özünün "Scorpion" albomunda toxunub. O, övladı olduğunu təsdiqləyib və uşağın şəxsi həyatının sirrini saxlamaq və onu ictimai diqqət mərkəzindən qorumaq arzusunda olduğunu bildirib.[75][78]
Dreyk 31 may 2009-cu ildə Torontonun Kiçik İtaliya səmtində qarət olunub. Silahlı hədə-qorxu nəticəsində qızıl və brilyant boyunbağısını, Audemars Piguet saatını və 2000 dollar pulu verməli olub. Qarətçilər çox keçməyib ki, saxlanılıblar və barələrində cinayət işi açılmışdır. Buna baxmayaraq onlara sürülən bəzi ittihamlar ləğv olunur. Onlar altı ay şərti cəza alıqdan sonra sərbəst buraxılıblar.[79] 2017-ci ilin aprelində bir şəxs Dreykin evinə soxulub. Bununla belə, ona qarşı heç bir cinayət işi açılmayıb. Sözügedən şəxs 2021-ci ilin iyununda Dreykə qarşı 4 milyard dollarlıq iddia qaldırıb.[80] Həmin ilin dekabrında iddia rədd edildi.[81] Dreyk 2022-ci ilin martında uzaqlaşdırma əmri tələb edərək həmin şəxsdən müdafiə olmaq üçün qanuni tədbir görüb.[82] Bu tələb həmin ilin aprelində məhkəmə tərəfindən təsdiq edilib.[83] 2021-ci ilin mart ayında bıçaqlı bir qadın Dreykin Torontodakı evinə girməyə cəhd edərkən polis tərəfindən saxlanılıb.[84] 2023-cü ilin yanvarında Dreykin Los-Ancelesdəki evini soymağa çalışan bir adam da tutulub.[85]
2012-ci ildə müğənni Erikka Li "Marvins Room" mahnısında səsindən istifadə etdiyinə görə Dreyki məhkəməyə vermişdi. Li Dreykin mahnısındakı vokallara sahib olduğunu və qonorar şəklində təzminata layiq olduğunu iddia etmişdir.[86] Dreykin vəkilləri Li-nin mahnı müəllifi kreditlərinə və qonorarlara layiq olmadığını açıqladılar. Daha sonra onlar Lini razı saldılar ki, albomun layner notlarında adı qeyd olunsun. Onlar 2013-cü ilin fevralında məhkəməyə getmədən məsələni həll etdilər.[87]
↑"Drake Responds To Dennis Graham's Claims: 'It's Sad When Family Gets Like This'". BET. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01. I had a conversation with Drake about that. I've always been with Drake. I talk to him if not every day, every other day," Graham told Cannon. "We really got into a deep conversation about that." Graham admitted he was a bit hurt and confused by Drake's words. "I said, 'Drake, why are you saying all of this stuff about me, man? It's not cool,'" he explained. When he went to his son about it, the rap star allegedly replied, as Graham tells it, "Dad, it sells records." "I said, 'OK, well cool,'" the musician concluded.