Dublin Universitet Kolleci (irl. An Coláiste Ollscoile, Baile Átha Cliath) — İrlandiyanda, Dublin şəhərində yerləşən və ölkənin ikinci ən böyük ali təhsil müəssisəsi.
Dublin Universitet Kolleci | |
---|---|
53°18′27″ şm. e. 6°13′11″ q. u.HGYO | |
Əsası qoyulub | 1854 |
Tip | Dövlət |
Tələbə sayı | 25000 |
Şəhər | Dublin şəhəri |
Ölkə | |
Sayt | ucd.ie |
Vikianbarda əlaqəli mediafayllar |
Dublin Universitet Kollecinin tarixi 1854-cü ildə yaradılmış İrlandiya Katolik Universiteti ilə bağlıdır. Həmin dövrdə irlandiyalı katoliklərə katolik azadlığından sonra daha yüksək dərəcəli təhsil vermək üçün kardinal Pol Kallenin rəhbərliyi altında universitet yaratmaq ideyası irəli sürülür.
XIX əsrdə İrlandiyada konfessional (dini) təhsil məsələsi mübahisəli idi. Katolik məktəblər iyerarxiyası Qoluey, Belfast, Kork şəhərlərində yerləşən "Allahsız kolleclər"ə təsir göstərmək, Dublin Triniti Kollecini katolik alternativi ilə təmin etmək niyyətində idilər. Dublin Triniti Kolleci anqlikan (İngiltərədə protestant dininin bir qolu) yönümlü ali məktəb olsa da, 1780-ci ildən burada katoliklər də təhsil almağa başlayır, lakin universitetin dini sənədində katoliklərin kollecin rəhbər orqanlarında vəzifə tutmasının istisnası haqqında göstəriş öz əksini tapır. 1850-ci ildə İrlandiyanın Törls şəhərində Katolik Universitet yaratmaq haqqında qərar qəbul olunur. Nəticədə, 1854-cü ildə İrlandiyada yeni Katolik Universiteti yaradılır və müqəddəs Con Henri Nyumen universitetin birinci rektoru təyin olunur. Daha sonra universitetin 3 binası fəaliyyətə başlayır: Maykl Flannerinin nəzarəti altında Sent-Patrik və ya Universitet binası, Ceyms Kuinnin rəhbərliyi altında Sent-Lourens və Nyumenin şəxsi nəzarəti altında Sent-Meri binaları.
Nyumenin rəhbərlik etdiyi Sent-Meri binasında ilk 8 tələbədən 2-si irland, 2-si İngilis, 2-si şotland və digər 2-si isə fransız olub. Bu tələbələr baron, qraf və lord övladları idi, sonradan onların arasına 2 belçikalı şahzadə də əlavə olunur. Nyumenin malik olduğu nüfuz universitetə tələbələrin axınına səbəb olur. Universitetin ilk tələbələri arasında İrlandiyanın siyasi lideri Daniil OTKonnelin nəvəsi də təhsil alıb.
Katolik Universiteti özəl ali məktəb olduğu üçün Kral xartiyası almır və bu səbəbdən maliyyə çətinliyi çəkir. 1857-ci ildə Nyumen universiteti tərk etdikdən sonra burada ciddi böhran yaşanır. Universitetə yeni rəhbər Varfolomey Vudlok təyin olunur və o, 1879-cu ilədək bu ali məktəbə başçılıq edir. V.Vudlok universitetin ərazisinin genişlənməsi üzrə işlər aparır. 1880-ci ildə İrlandiya Kral Universiteti yaradıldıqdan sonra bu tendensiya dəyişir. Katolik Universitetinin Sesiliya küçəsindəki Tibb Məktəbi, əsrarəngiz memarlıq abidələri hesab edilən 2 binası - Nyumen Haus və Sent-Stefan, eləcə də universitet kilsəsi universitetdən qalan ən gözəl nümunələrdir. Kollecin bir çox işçi və tələbələri sonradan İrlandiya dövlətinin inkişafında mühüm rol oynayır. Onlardan Patrik Pirs, Hyu Kennedi, Eoin Makneyll, Ceyms Rayan, Duqlas Hayd, Con Kostello və digərlərini qeyd etmək olar.
1908-ci ildə "İrlandiya universitetləri haqqında" qanun qəbul edilir, həmin sənədə əsasən Kral Universiteti ləğv edilir və İrlandiya Milli Universiteti ilə əvəz olunur. İrlandiya Milli Universiteti Dublin, Qoluey və Kork kolleclərinin birləşməsi nəticəsində yaranır.
Birinci Dünya müharibəsi dövründə İrlandiya könüllülərinin əksəriyyəti, eləcə də Dublin Universitet Kollecinin tələbə və müəllimləri britaniyalıları dəstəkləyir. 1940-cı illərin əvvəllərində Dublin Universitet Kolleci ölkədə üçüncü ən böyük dövlət ali məktəbinə çevrilir. Dublin şəhərinin mərkəzində kollecin kampusunun genişləndirilməsi üzrə bir neçə dəfə uğursuz cəhdlərdən sonra şəhərin kənarında ali məktəbin müasir kampusunun tikintisinə başlamaq qərarı qəbul olunur. Bu qərarın icrasına 1960-cı illərdə Dəqiq elmlər fakültəsinin Dublin şəhərinin kənarında 1,4 km² (350 akr) Belfild ərazisinə köçürülməsindən sonra başlanılır. Bir müddətdən sonra Belfild müasir binalardan, kollec, yataqxana, istirahət mərkəzlərindən ibarət əzəmətli kampusa çevrilir.
1997-ci ildə qəbul edilmiş "Universitetlər haqqında" qanundan sonra Dublin Universitet Kolleci İrlandiya Milli Universiteti çərçivəsində yaranan əsas təhsil müəssisəsinə çevrilir. 2004-cü ildə Dublin Universitet Kolleci yaradılmasının 150 illiyini təntənəli olaraq qeyd edir.
2007-ci ildə kollecin sonuncu departamenti Erlfort ərazisindən Belfild kampusuna köçürülür.
Dublin Universitet Kollecinin Belfild kampusu Dublin şəhərindən 4 km cənubda 133 hektar ərazidə yerləşir. Kampus akademik binalar, elmi-tədqiqat institutları, kitabxana, tələbə kəndləri, idman və istirahət kompleksləri, eləcə də digər müəssisələrdən ibarətdir.
Kampus ərazisindəki binalardan Ceyms Coys kitabxanası, Baytarlıq Məktəbinin binası və binanın qarşısındakı böyük "Noah yumurtası", İncəsənət, Biznes məktəbləri, Konvey İnstitutu, NovaUCD tədqiqat mərkəzi, Qlenomena yataqxana kompleksini qeyd etmək olar. Belfild kampusu müxtəlif beynəlxalq elmi və peşəkar konfransların, yay məktəblərinin təşkil olunduğu məkan kimi tanınır.
Dublin Universitet Kolleci məktəblərə bölünmüş 7 kollecdən ibarətdir:
Kənd Təsərrüfatı, Qida Elmləri və Baytarlıq Elmləri Kolleci universitetin ən böyük bölməsdir. Kollecə Kənd Təsərrüfatı, Qida Elmləri, Baytarlıq Elmləri; Biologiya və Ekologiya; Biomolekulyar və Biotibbi Elmlər; Kimya və Kimya Biologiyası; Tibb və Tibb Elmləri; Tibb Bacısı, Mamalıq və Səhiyyə Sistemləri; İctimai Səhiyyə, Fizioterapiya və Əhali Elmləri məktəbləri aiddir.
İncəsənət və Kelt Tədqiqatları Kolleci humanitar elmlər üzrə proqramlar təklif edir. Kollecdə Arxeologiya; İncəsənətin Tarixi və Mədəni Siyasət; Klassika; İngilis Dili, Drama və Kino; Tarix və Arxiv; İrland, Kelt Tədqiqatları, İrland Folkloru və Dilçiliyi; Dillər və Ədəbiyyatlar; Musiqi məktəbləri fəaliyyət göstərir.
Biznes və Hüquq Kolleci Biznes, Hüquq məktəblərindən ibarətdir. Beynəlxalq əhəmiyyətli nüfuza malik olan bu məktəblər ölkənin ən tanınmış şəxslərini yetişdirib.
Mühəndislik və Memarlıq Kolleci sənaye müəssisələri ilə əməkdaşlıq edərək təhsil və tədqiqat işləri həyata keçirir. Kollecə 6 məktəb (Memarlıq; Biosistem Mühəndisliyi; Vətəndaş, Struktur və Ekologiya Mühəndisliyi; Kimya və Bioproses Mühəndisliyi; Elektrotexnika, Elektronika və Kommunikasiya Mühəndisliyi; Mexanika və Materialşünaslıq) daxildir. Məktəblərdə maşınqayırma, memarlıq, energetika, biotibb, tibbi avadanlıq, nəqliyyat, kommunikasiya, tikinti, emal sənayesi və digər sahələr üzrə innovativ tədqiqatlar aparılır.
Tibb Kollecində tibb, fizioterapiya, ictimai səhiyyə, rentgenoqrafiya və digər sahələr üzrə tədqiqatlar həyata keçirilir. Kollecdə Tibb və Tibb Elmləri; Tibb Bacısı, Mamalıq və Səhiyyə Sistemləri; İctimai Səhiyyə, Fizioterapiya və Əhali Elmləri məktəbləri mövcuddur.
Humanitar Elmlər Kolleci universitetin ən dinamik inkişaf edən kollecidir. Kollec Tətbiqi Sosial Elmlər; İqtisadiyyat; Pedaqogika; Coğrafiya, Planlaşdırma və Ekoloji Siyasət; İnformasiya və Kitabxanaçılıq Elmləri; Fəlsəfə; Siyasət və Beynəlxalq Əlaqələr; Psixologiya; Sosial Ədalət; Sosiologiya məktəblərindən ibarətdir.
Dəqiq Elmlər Kolleci biologiya, kimya, geologiya, riyaziyyat, fizika, kompüter elmləri üzrə müxtəlif proqramlar təklif edir. Kollecdə Biologiya və Ekologiya; Biomolekulyar və Biotibbi Elmlər; Kimya və Kimya Biologiyası; Kompüter Elmləri və İnformatika; Geologiya Elmləri; Riyaziyyat Elmləri; Fizika məktəbləri vardır.
Dublin Universitet Kollecinin prezidenti 2004-cü ildən doktor Hyu Beydidir. Universitetin rektoru isə Filip Nolandır. Kollecdə ümumilikdə 4600 işçı çalışır. Əməkdaşların 1322 nəfərini professor-müəllim, qalanlarını isə inzibati heyət təşkil edir.
Ötən tədris ilində Dublin Universitet Kollecində 25000-dən çox tələbə təhsil alıb. Tələbələrin beş minini dünyanın müxtəlif ölkələrindən olan əcnəbi tələbələr təşkil edib. Kollecin tələbələri arasında bir çox ölkələrdən gələn İrlandiya diasporunun nümayəndələri üstünlük təşkil edir. Eyni zamanda kollecdə təhsil alan tələbələr Erasmus Mundus proqramı, "Universitetlər 21" qlobal tədqiqat universitetləri şəbəkəsi çərçivəsində digər ölkələrin ali məktəblərində təhsil almaq imkanlarına malikdirlər.
Kollecdə 50-yə qədər müxtəlif tələbə qruplaşması fəaliyyət göstərir. Bunlara incəsənət, ticarət-iqtisadiyyat, dini (Xristian, İslam, Dünyəvi Humanist), elmi, fəlsəfi, klassik, xeyriyyəçi və s. tələbə cəmiyyətləri aiddir. Kollecdə ən qədim cəmiyyət Ədəbiyyat və Tarix, ən çox üzvü olan isə Dublin Hüquq (5248 nəfər) cəmiyyətləridir. Dublin Universitet Kollecinin Tələbə Təşkilatı 1974-cü ildən fəaliyyət göstərir.
Dublin Universitet Kollecinin yataqxanalarında 3000-dən çox tələbə, eləcə də ali məktəbin əməkdaşları qalır. Yataqxanada qalanların həyat tərzini yüksəltmək məqsədilə burada ən müasir şərait yaradılıb. Belfild kampusunda tələbələrin məskunlaşması üçün xüsusi tələbə kəndləri mövcuddur. Onların arasında ən çox tələbə tutumuna malik olanları Qlenomena, Belqrov yataqxana kompleksləridir.
Dublin Universitet Kollecində çox güclü idman ənənəsi mövcuddur. Universitetin Herlinq komandası dəfələrlə ölkə çempionatının qalibi olub, hokkey, basketbol, qadınlardan ibarət voleybol, reqbi, tennis, futbol, kriket komandaları müxtəlif çempionatlarda qalibiyyət əldə ediblər. Universitet idmançıları tennis üzrə 8, qılıncoynatma üzrə 5, sonradan isə 10 il dalbadal çempionlar kubokunu qazanıblar. Belfild kampusunda İrlandiyanın ən yüksək səviyyəli idman kompleksləri yerləşir. Bunlardan milli hokkey stadionunu (burada qadın hokkeyçilərin dünya kuboku, kişi hokkeyçilərin Avropa Final çempionatı keçirilib), reqbi və futbol stadionlarını, ölkədə ən böyük fitnes mərkəzini, skvoş, tennis kortlarını, qapalı meydançaları, qayalara dırmaşma divarlarını, iki böyük idman zalını və s. qeyd etmək olar. Hazırda kollecdə 50-dən çox idman klubu fəaliyyət göstərir.
157 ildir ki, Dublin Universitet Kollecinin məzunları İrlandiyanın müstəqil Avropa ölkəsi kimi dinamik inkişafında mühüm rol oynayır. Kollec yüksək keyfiyyətli təhsil, tədqiqat və təqaüd proqramları həyata keçirir, biznes, hasilat, siyasət və xidmət sahələrinin gələcək inkişafı məqsədilə yeni metodlar tətbiq edir. Kollecdə iqlim dəyişməsi və sabit inkişaf, informasiya və kommunikasiya texnologiyaları, genetika, tibb və digər sahələr üzrə ən qabaqcıl elmi tədqiqatlar aparılır.
Yaradıcı və uğurlu fəaliyyəti ilə İrlandiyanın, bütövlükdə bəşəriyyətin çiçəklənməsinə xidmət edən Dublin Universitet Kolleci ali məktəbin prezidenti Hyu Beydinin qeyd etdiyi kimi, müasir və intellektual düşüncəli insanların üzünə həmişə açıqdır.
Dublin Universitet Kollecinə Avropa İttifaqı üzvü olan ölkələri təmsil edən tələbələrin qəbulu kollec tərəfindən deyil, Mərkəzi Ərizələr Ofisi (ing. Central Applications Office) tərəfindən aparılır. Abituriyentlər ali məktəbə qəbul olmaq üçün buraxılış imtahanlarında əldə etdikləri nəticələri təqdim etməlidirlər. Ofis kollecdə ayrılan yerlərlə abituriyentlərin göstəricilərini uyğunlaşdırdıqdan sonra avqustun ortalarında qəbulun nəticələri açıqlanır. Avropa İttifaqı üzvü olmayan ölkələri təmsil edən abituriyentlər kollecə qəbul olmaq üçün bir sıra mərhələlərdən keçməlidirlər. Əlillər, yaşlı və ya maddi durumu çətin olan tələbələr digər proqramlar əsasında bu ali məktəbə qəbul edilirlər.
2011-2012-ci tədris ilində Dublin Universitet Kollecində Avropa İttifaqı ölkələrindən olan tələbələrin təhsil haqqı bakalavr səviyyəsində onların oxuduğu kollec və məktəbdən asılı olaraq 5784-13915 avro, magistratura və doktorantura səviyyəsində isə 3200-5400 avro təşkil edir. Avropa İttifaqına daxil olmayan ölkələri təmsil edən tələbələrin təhsil haqqı bakalavr səviyyəsində tələbənin qəbul olunduğu kollec və məktəbdən asılı olaraq 14850-39200 avro, magistratura və doktorantura səviyyəsində isə 6700-11400 avro arasında dəyişir.
"Universitas 21"-ə daxildir[1].
Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə tərtib etdiyi dünya universitetlərinin reytinq cədvəlində Dublin Universitet Kolleci 100 ən yaxşı ali məktəb arasında 89-cu yeri tutmuşdur.
"Times Higher Education World University Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı araşdırmaya əsasən, Dublin Universitet Kolleci 94-cü, "QS World University Rankings"in açıqlamasına görə isə 114-cü yerdə qərarlaşmışdır.
Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: