Kvinslend Universiteti (ing. The University of Queensland) — Avstraliyanın Kvinslend ştatının Brisben şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.
Kvinslend Universiteti | |
---|---|
The University of Queensland | |
27°29′50″ c. e. 153°00′47″ ş. u.HGYO | |
Əsası qoyulub | 1909 |
Tip | Dövlət |
Tələbə sayı | 46,826 (2012) |
Şəhər | Brisben şəhəri |
Ölkə | |
Sayt | uq.edu.au |
Vikianbarda əlaqəli mediafayllar |
Kvinslend Universiteti 1909-cu il dekabrın 10-da Kvinslend ştatının Yeni Cənubi Uels müstəmləkəsinin tərkibindən çıxmasının 50 illiyi münasibətilə ştat parlamentinin sərəncamına əsasən yaradılıb. 1911-ci ildə Brisben şəhərindəki Corc stritdə hökumət evində yerləşən Kvinslend Universitetinə 23 qız daxil olmaqla ümumilikdə 83 tələbə qəbul edilir.
I Dünya müharibəsi dövründə ali təhsil ocağının inkişafı ləngisə də, müharibədən sonra universitet sürətlə irəliləməyə başlayır. Corc stritdə Kvinslend Universitetinin binaları çoxaldığından universitetdə böyük kampusa ehtiyac duyulmağa başlayır. 1922-ci ildə Viktoriya parkı ərazisi (ərazinin yarısı hazırda Mayne Tibb Məktəbi tərəfindən tutulub) Kvinslend Universitetinin daimi yeri kimi müəyyən edilir.
1927-1929-cu illər ərzində doktor Ceyms O'Nil Mayne və onun bacısı miss Meri Emelia Mayne universitetə Sent-Lüsia ərazisində 274 akrlıq yer bağışlayırlar. Əvvəllər bu ərazidə pambıq, qarğıdalı, ananas və s. qida məhsulları becərilirdi. Maliyyə çatışmazlığı ərazinin inkişafını dayandırır. 1938-ci ildə bu ərazidə Forqan Smit binasının tikintisi başlanılır və 1939-cu ildə başa çatır. II Dünya müharibəsi fövründə Forqan Smit binası hərbi məqsədlər üçün istifadə olunur; Sakit okeanın cənub-qərb hissəsində müttəfiqlərin quru qoşunlarının qərargahına çevrilir.
1946-1972-ci illərdə Kvinslend Universiteti Corc stritdən Sent Lüsiaya köçür. 1990-cı ildə universitet Kvinslend Kənd Təsərrüfatı Texnikumu (hazırda UQ Qatton adlanır) ilə birləşdirilir. 1999-cu ildə Avstraliyada tamamilə veb-şəbəkəyə qoşulmuş ilk xüsusi kampuslardan birincisi olan Kvinslend Universitetinin İpsviç kampusu tikilir.
Brisben Avstraliyanın Kvinslend ştatının paytaxtıdır və yaşamaq üçün çox əlverişli şəhərdir. Avstraliyanın üçüncü ən böyük şəhəri olan Brisben subtropik iqlimə malikdir. Şəhərin əhalisinin sayı 1,8 milyondan çoxdur və burada yaşayan insanlar çox mehribandırlar. Dövlət dili ingilis dili olsa da, bir çox başqa dillər də işlədilir. Günəşli Sahil çimərliyi, Milli park, zoopark şəhərin ən gəzməli yerləri hesab olunur.
Universitetin bütün Kvinslend ştatında elmi-tədqiqat mərkəzləri yerləşir. Buna baxmayaraq, Brisben şəhərində universitetin əsas 4 kampusu mövcuddur: Sent-Lüsia, İpsviç, Qatton və Herston. Kvinslend Universitetinin ümumi ərazisi 1464 hektardır.
Sent-Lüsia kampusu 1937-ci ildə tikilməyə başlayıb. Bu kampusu Avstraliyanın ən gözəl universitet şəhərciyindən biri adlandırırlar. Brisben şəhərinin mərkəzindən 7 km aralıda Brisben çayının döngəsində 114 hektar ərazidə yerləşən Sent-Lüsia kampusunda geniş landşaft bağları, göllər, idman meydançaları, velosiped cığırı var. Yarımkürə şəklində tikilən binaların mərkəzində məşhur Böyük həyət yerləşir. Kampusda Kvinslend Bədii İncəsənət Muzeyi, Ceyms və Meri Emelia Mayne Mərkəzi, kilsə, klublar mövcuddur.
Qatton kampusu Brisben şəhərindən 90 km qərbdə Uorreqo şosesində yerləşir. Bu kampusda Təbii resurslar, Kənd təsərrüfatı, Baytarlıq fakültələri yerləşir. Kampusda kənd təsərrüfatı, heyvandarlıq, atçılıq, vəhşi heyvanların öyrənilməsi üçün 1000 hektarlıq ərazi ayrılıb. Burada bu sahənin tədqiqatı üçün xüsusi müəssisələr, laboratoriyalar, kitabxanalar var. 2010-cu ildə universitetin bütün baytarlıq məktəblərinin Qatton kampusuna köçürülməsi nəzərdə tutulub.
İpsviç tələbə şəhərciyi 1999-cu ildə yaradılıb və universitetin ən yeni kampusudur. Əvvəllər burada İpsviç Psixiatriya Xəstəxanası (1878-ci ildə açılıb) yerləşib, 1997-ci ildən isə kampusun ilk binalarının tikintisinə başlanılıb. Meşə ilə örtülmüş təpələrin arasında 25 hektarlıq ərazidə salınan kampusda 20-dən çox bina var. Binaların hamısı qırmızı dam örtüyünə malikdir və yaşıllıqların arasında yerləşən şəhərcik əsrarəngiz gözəlliyi, səliqəliliyi ilə seçilir.
Universitetin Turizm, İncəsənət, Biznes, Tibb bacısı və mamalıq, İnformasiya texnologiyaları və elektrotexnika, Sosial fəaliyyət və insan haqqında tətbiqi elmlər, Təhsil, Jurnalistika və kommunukasiya məktəbləri, Humanitar və riyaziyyat elmləri, Biznes, iqtisadiyyat və hüquq, Sağlamlıq, Sosial və əxlaq elmləri fakültələri, Kiberməktəb kitabxanası burada yerləşir.
Herston kampusu Kvinslend Universitetində tibbi elmi-tədqiqatların aparıldığı əsas məkandır. Kampusda Royal Brisben, Royal Uşaq, Royal Qadın xəstəxanaları, Mayne Tibb Mərkəzi, Kvinslend Tibbi Tədqiqatlar, Kvinslend Radium institutları, Tibb, Səhiyyə, Tibb Bacısı və Mamalıq məktəbləri, Kliniki Tədqiqatlar Mərkəzi, Sağlamlıq elmləri kitabxanası yerləşir. Şəhərciyin binaları müasir üslubda tikilib və əsasən çoxmərtəbəli binalardan ibarətdir.
Kampuslardan əlavə, ştatın müxtəlif ərazilərində Kvinslend Universitetinin təhsil və tədqiqat müəssisələri yerləşir. Turbot strit ərazisində ali məktəbin Stomatologiya fakültəsi, Pincarra Hillsdə akvamədəniyyət və daxili ekologiya problemləri üzrə tədqiqatlar həyata keçirən Pincarra Su Elmi-Tədqiqat Stansiyası, Heron adasında koral rifi ekologiyası tədqiqatları aparan və 30 binadan ibarət olan Heron Adası Elmi-Tədqiqat Stansiyası, Nort-Stradbrok adasında Morton-Bey Tədqiqat Stansiyası və s. tədqiqat mərkəzləri, kənd təsərrüfatı fermaları, fizika, seysmoqraf stansiyaları var.
Kvinslend Universitetinin nəzdində İncəsənət, Biznes, iqtisadiyyat və hüquq, Mühəndislik, memarlıq və informasiya texnologiyaları, Sağlamlıq elmləri, Təbii resurslar, Kənd təsərrüfatı, Baytarlıq, Elmlər, Sosial və əxlaq elmləri fakültələri, Molekulyar bioelmlər, Avstraliya Biomühəndislik və Nanotexnologiya, Sabit minerallar, Kvinslend Beyin, KU (Kvinslend Universiteti) Diamantin Xərçəng, İmmunologiya və Metabolik Təbabət, Sosial tədqiqatlar, Qlobal dəyişiklik və s. institutlar (ümumilikdə 118 mərkəz və institut) fəaliyyət göstərir. Universitetdə, həmçinin, Heyvanların öyrənilməsi, Biologiya, Tibb, Tibb bacısı və mamalıq, Tibbi-biologiya elmləri, Tibb və reabilitasiya elmləri, Stomatologiya, Əczaçılıq, Baytarlıq, Səhiyyə, Memarlıq, Biznes, İqtisadiyyat, Hüquq, Təhsil, Psixologiya, Siyasi elmlər və beynəlxalq tədqiqatlar, İctimai elmlər, Sosial fəaliyyət və xidmət, Turizm, Kimya texnologiyası, Kimya və molekulyar bioelmlər, Vətəndaş quruculuğu, Yer haqqında elmlər, İngilis dili, Media elmləri və incəsənət tarixi, Coğrafiya, planlaşdırma və ətraf mühitin idarə olunması, Tarix, fəlsəfə, din və klassika, İnsan hərəkəti tədqiqatları, İnformasiya texnologiyaları və elektrotexnika, İnteqrativ sistemlər, Jurnalistika və kommunikasiya, Torpaq, məhsul və qida elmləri, Dillər və müqayisəli kulturologiya, Musiqi, Riyaziyyat və fizika, Mexanika və dağ-mədən maşınqayırması məktəbləri mövcuddur. Hər fakültə və məktəb ayrılıqda bir neçə bölmə və alt bölmədən ibarətdir. Universitet bakalavr, magistr və doktorluq dərəcələri təklif edir.
Kvinslend Universitetinin kitabxana sistemi müxtəlif kampuslarda yerləşən 14 kitabxanadan ibarətdir və Avstraliyanın ən zəngin akademik kolleksiyaya malik kitabxana sistemlərindən biridir. Ali məktəbin kitabxana sisteminə 2,5 milyon cild kitab, 75 mindən çox çaplı və elektron jurnal, 1000 şəbəkəyə qoşulmuş verilənlər bazası, 500000-dən artıq elektron kitab, 38792 DVD disk və videokaset, zəngin əlyazma, mikroforma, rəsm kolleksiyası daxildir. Kitabxana sisteminin kolleksiyası İnternet şəbəkəsinə qoşulub və bütün dünya istifadəçilərinin xidmətindədir. Həmçinin oxucular məsləhət və kömək üçün şəxsən telefonla, vebsayt, elektron poçt və ya onlayn söhbət vasitəsi ilə kitabxanaya müraciət edə bilərlər.
Kvinslend Universitetinin kitabxanası Kvinslend ştatının Dövlət Kitabxanası, Kvinslend Dövlət Arxivi, Muzeyi, Parlament, Ali Məhkəmə kitabxanaları və Kral Tarixi Cəmiyyəti ilə əməkdaşlıq edir.
Eləcə də universitetin nəzdində Bədii muzey və Meri Emelia Mayne Mərkəzi mövcuddur.
Kvinslend Universitetində 22 üzvdən və 3 rəsmi şəxsdən ibarət senat, qubernator tərəfindən təyin edilmiş 8 nəfər, müəllim və tələbələr tərəfindən seçilmiş 8 nəfər və Senat tərəfindən təyin edilmiş 3 nəfərdən ibarət şura fəaliyyət göstərir. Universitetin kansleri cənab Con Stori, vitse-kansleri, professor Meri Maxoni, prezidenti və vitse-kansleri isə professor Paul Qrinfilddir. Universitetdə fəaliyyət göstərən fakültələrə dekan, məktəblərə isə direktorlar rəhbərlik edirlər. Ali təhsil ocağında 6126 nəfər işçi çalışır, bunların da 2615 nəfərini akademik, 3511 nəfərini isə inzibati işçilər təşkil edirlər.
Kvinslend Universitetinin tələbələrinin ümumi sayı 2009-2010-cu tədris ilində 40583 nəfər olub. Tələbələrin 29856 nəfərini bakalavr, 10727 nəfərini isə magistr və doktorantlar təşkil ediblər. Universitetdə dünyanın 128 ölkəsindən 8824 nəfər əcnəbi tələbə təhsil alıb. Ali məktəbdə 24000-dən çox üzvü olan 150 tələbə klubu və cəmiyyəti, eləcə də 33 idman klubu var.
Bu ali məktəbdə tələbələrə istənilən xidmətlər (işlə, nəqliyyatla təminolunma, təhlükəsizlik, sağlamlıq, bank və poçt, dini, uşaqlı, əlil tələbələrə qayğı və s.) təklif olunur.
Kvinslend Universitetində 11 yataqxana-kollec var. Bunlar 190 tələbə yerlik Kromvel, 150 yerlik Daçens, 350 yerlik Emmanuel, Beynəlxalq, 180 yerlik qızlar üçün Qreys, Qızlar, 260 yerlik Kral, Müqəddəs Con, Müqəddəs Leo, 440 yerlik Qatton Holl rezidensiyaları kollecləridir. Yataqxanalarda 36 həftə qalmaq üçün tələbə, otaqdan asılı olaraq qidalanma, kommunal xərclər daxil olmaqla, 11100-16500 Avstraliya dolları ödəyir. Bununla yanaşı, tələbələr kampus xaricində evlərdə və mənzillərdə kirayədə qala bilərlər.
Kvinslend Universitetində yüksək səviyyəli idman kompleksləri və fitnes mərkəzləri fəaliyyət göstərir. Ali məktəbin üzgüçülük mərkəzi və tennis kortları Brisben şəhərində ən yaxşısıdır. Fitnes mərkəzində pilates, yoqa, çəki azaltmaq üçün məşq zalları və s. tələbələrin xidmətindədir. İdman növlərindən basketbol, futbol, netbol, hokkey, döyüş sənəti, tennis, yüngül atletika təklif olunur.
Kvinslend Universiteti təhsilinin, xüsusi ilə bioloji elmlər sahəsinin inkişafına görə beynəlxalq nüfuza malikdir. Universitetin son zamanlar sürətlə inkişafının əsas səbəbi burada bahalı fakültələrdə oxuyan əcnəbi tələbələrin, magistr və doktorantların, tədqiqatçıların sayının çoxalmasıdır. Universitetin məzunları məşğulluq və gəlirlərinin səviyyəsinə görə dünyada öncül yerləri tuturlar. Kvinslend Universitetinin diplomu bütün dünyada işəgötürənlər tərəfindən yüksək qiymətləndirilir. Bu ali məktəbi bitirmiş mütəxəssislər bütün Yer kürəsində güclü şəbəkə formalaşdırıblar.
Kvinslend Universiteti Avstraliyanın "Səkkizlik Qrupu"nun, "Universitas 21"[2] beynəlxalq elmi-tədqiqat assosiasiyasının üzvüdür.
2009-cu ildə Kvinslend Universitetinin illik gəlirləri 125900000 Avstraliya dolları olub. Həmin məbləğin 53%-i Avstraliya hökumətinin qrantları, 5%-i Kvinslend ştatı və yerli hökumət yardımları, 18%-i təhsil haqqı (xüsusi ilə əcnəbi tələbələrin) və vergilər (yığım), 3%-i investisiya, 5%-i məsləhət və sazişlər, qalanı isə digər vasitələr hesabına əldə olunan gəlirlərdir.
Həmin il universitetin illik xərcləri 1198000000 Avstraliya dolları təşkil edib. Xərclərin 56%-ni əməkhaqqı və əməkdaşların müavinəti, 7%-ni amortizasiya, 3%-ni qrant və borcların ödənilməsi, 2%-ni təmir və texniki xidmət, qalanlarını isə müxtəlif məsrəflər təşkil edib.
2009-2010-cu tədris ilində Kvinslend Universitetində bakalavr pilləsində təhsil alan avstraliyalı tələbələrin təhsil haqqı fakültə və məktəbdən asılı olaraq 4343 (biotexnologiya) - 8859 (biznes, kommersiya) Avstraliya dolları, əcnəbi tələbələrin təhsil haqqı isə 18300 (musiqi, təhsil, beynəlxalq tədqiqatlar və s.) - 48000 (tibb, cərrahlıq) Avstraliya dolları olmuşdur.
Kvinslend Universitetinin təqaüd proqramı Avstraliyada ən zəngin proqramdır. Universitetdə maliyyə durumundan, mənşəyindən asılı olmayaraq istənilən tələbə təqaüd ala bilər. Tələbələrə təqaüd verilməsinin əsas məqsədi tədqiqat aparmaqda onlara kömək etmək, təhsilə maraq oyatmaq, bütün sahələrdə gənclərə dəstək olmaqdır. Çoxlu sayda donorların, müəssisələrin səxavətli himayəsi hesabına burada tələbələrə geniş çeşiddə təqaüdlər təklif olunur. Bakalavr pilləsində təhsil alan avstraliyalı tələbələr aşağıdakı təqaüdləri alırlar:
Magistratura pilləsində oxuyanların təqaüdü ildə 22500 Avstraliya dolları təşkil edir. Universitetdə oxuyan əcnəbi tələbələr də müxtəlif məbləğli təqaüdlər alırlar. 2010-cu ildə Kvinslend Universitetində tələbələrə 200-dən çox təqaüd təklif olunub. Aborigen tələbələrə burada xüsusi şərait yaradılıb və təqaüdlər ayrılmışdır.
Kvinslend Universiteti hələ yaradıldıqdan 4 ay sonra ştatın birinci, ölkənin isə beşinci ən yaxşı ali məktəbinə çevrilmişdir.
2015/16[3] | 2014/15[4] | 2013/14[5] | 2012/13[6] | 2011/12[7] | 2010/11[8] |
---|---|---|---|---|---|
46 | 43 | 43 | 46 | 48 | 43 |
2003[10] | 2004[11] | 2005[12] | 2006[13] | 2007[14] | 2008[15] | 2009[16] | 2010[17] | 2011[18] | 2012[19] | 2013[20] | 2014[21] | 2015[22] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
102-151 | 101-152 | 101-152 | 102-150 | 102-150 | 101-151 | 101-151 | 101-150 | 86 | 90 | 85 | 85 | 77 |
Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: