Eşikağasıbaşı -«Üməra-ye dövlətxane-ye mübarək»in 4 əmirindən biri, sarayda mərasim qaydalarına baxan məmurların başçısı. Bəzi mənbələr onu “saray dərgahının rəisi” kimi səciyyələndirirlər. O, şah divanının bütün yasavullarının, eşikağasılarının, qapıçılarının və carçılarının rəisi olub, şah məclislərinin təşkil və tərtibinə məsul idi.
«Üməra-ye dövlətxane-ye mübarək» mübarək dövlətxana əmirləri qorçubaşı, qullarağası, eşikağasıbaşı, tüfəngçibaşı olmaqla 4 əsas vəzifədən ibarət idi. Saray daxili vəzifə sahiblərini bəzən "Ərkani dövlət-e qahirə" də adlandırırdılar.[1]
Eşikağasıbaşı bu əmirlərin 4-cüsü- sonuncusu idi. Eşikağasıbaşı vəzifəsi eşikağasıbaşı-i Divan və eşikağasıbaşı-i Hərəm olaraq iki hissəyə bölünür.[2][3]Adətən, kim eşikağasıbaşı vəzifəsinə təyin edilirdisə, Rey və Tehran ona tiyul verilirdi.[4]
Eşikağasıbaşı vəzifəsini I Şah İsmayılın hakimiyyəti dövründə Üləma sultan Təkəli icra edirdi. Naməlum müəllif tərəfindən qələmə alınan “Tarix-i aləmara-yi Şah İsmayıl” əsərində Şah İsmayıl dövründə eşikağasıbaşı vəzifəsini icra edən bir başqa şəxs kimi Durmuş xan Şamlının adı çəkilir. O, “xan-i ali-şan” (“yüksək şanlı xan”) rütbəsinə malik idi. Saray həyatı ilə bağlı bütün işləri nəzarətdə saxlayan bu şəxs həm də dövlətxananın keşiyinə rəhbərlik edir, xarici səfirlərin qəbulu və ya xüsusi mərasimlər zamanı əlində daş-qaşla bəzədilmiş dəbdəbəli əsa tutaraq, şahın yanında durur, bəzən şahın göstərişi ilə əyalət hakimlərinə məktublar yazırdı. Bundan əlavə, o, hərbi əməliyyatlarda da fəal iştirak edirdi.[5]
I Şah Təhmasib hakimiyyətə gəldikdən sonra Şahqulu xəlifə Qavurqalı uzun illər bu vəzifəni icra etmiş, 1532-ci ildə möhürdar təyin edilərək vəzifəsindən azad edilmişdi.[6][7] Bu barədə Əbdi bəy Şirazi yazır:
“O günlərdə Şah [Təhmasibin] möhrdarı Mahmud bəy Zülqədər qopuq oyunu meydanında hürkmüş atdan yıxılıb öldüyü üçün, eşikağası olan ġahqulu xəlifə Qurqulu Zülqədəri onun yerinə möhrdar [təyin] etdi. Qaravulçu Ərəbkirlunu onun (Şahqulunun) yerinə eşikağası qoydular.[8]”
Buradan aydın olur ki, Şahqulu xəlifədən sonra Ərəbkirlu adlı bir şəxs bu vəzifəni icra etməyə başlamışdır. Əbdi bəy həmçinin eşikağasıbaşı vəzifəsində Seyid bəy adı ilə tanınan Seyid Mənsur ibn Seyid Məhəmməd Kəmunənin adını çəkir.[9]
1554-cü ildə I Şah Təhmasib tərəfindən I Sultan Süleyman Qanuninin sarayına sülh danışıqları üçün göndərilmiş Qaradağ sufilərindən olan Fərruxzad bəy də bir müddət eşikağasıbaşı vəzifəsində işləmişdi.[10][6][11][12] Onun Osmanlı sarayına dövlət şurasının üzvü kimi göndərilməsi eşikağasıbaşı vəzifəsinin mərkəzi idarədəki nüfuzunu göstərir.
Dövrün qaynaqlarında eşikağasıbaşı vəzifəsinə Qızılbaş-Türk əsilzadələri ilə yanaşı, şahzadələrin də təyin olunmasına təsadüf edilir. Məhəmməd Yusif Qəzvini yazır ki, I Şah Təhmasib qardaşı Bəhram Mirzənin oğlu İbrahim Mirzəyə qızı Gövhər sultan bəyimi vermiş və ona ali divan eşikağasıbaşı vəzifəsini tapşırmışdı.[2][13]İbrahim Mirzə I Şah Təhmasibin vəfatından sonra da II Şah İsmayılın dövründə bir müddət bu vəzifəni icra etmiş 1576-cı ildə vəzifəsindən azad edilərək möhürdar təyin edilmişdi. Onun ardınca 1580-ci ildə Hüseynqulu sultan Şamlı eşikağasıbaşı təyin edilir.[14][15]
Onun ardınca oğlu Mehdiqulu bəy Şamlı[16] qısa müddət bu vəzifəni icra etmiş daha sonra Qorxmaz xan Şamlı eşikağasıbaşı olmuşdur.[17]
Məhəmməd Xudabəndənin hakimiyyəti dövründə Şamlı və ustaclı tayfaları ilə türkmən və təkəli tayfaları arasında baş verən ədavət zamanı Hüseynqulu xan Şamlı öldürülmüş Qorxmaz xan Şamlıya köməyi müqavilində eşikağasıbaşı vəzifəsi vəd edilmişdi.[18][19]
Mənbələrdə I Şah Abbasın hakimiyyətinin ilk illərində Qazı bəy, Qorxmaz xan, Piri bəy İnallu Şamlı adlı türk əyanlarının eşikağasıbaşı olmalarına təsadüf edilir.[19] I Şah Abbas 1592-ci ildə eşikağasıbaşı vəzifəsinə Şamlı elinin Ərəbgirli obasından Şamlı Məhəmmədqulu bəyi təyin edir. İsgəndər bəy Münşi 1602-ci ildə bu vəzifədə Mehdiqulu xanın olduğunu yazır. 1604-cü ildə isə Rumlu elindən Əlixan bəy eşikağasıbaşı idi. Əlixan bəydən sonra eşikağasıbaşı vəzifəsi Şamlı elinin Kəramətli obasından Əliqulu bəyə (xan) verilmişdi. I Şah Abbasın göstərişi ilə 1611-ci ildə Mərkəzi Asiyadan Səfəvi sarayına gələn özbək padşahı Vəliməhəmməd xanın İsfahanda qarşılanması ona tapşırılmışdı. O, 1625-ci ildə vəfat edir. Onun vəfatından sonra eşikağasıbaşı vəzifəsinə Şamlı elinin Bəydili obasından Zeynal bəy təyin edilir. Zeynal bəydən sonra 1628-ci ildə bu vəzifəyə Mehdiqulu xanın oğlu Şamlı elinin Kəramətli obasından Əliqulu xan təyin edilmişdi.[20]
I Şah Səfinin hakimiyyəti zamanı bu vəzifəyə təyin edilən şəxslər əsasən Qızılbaş-Türk əyanları arasından seçilirdi. Şah Səfi dövrünün ilk eşikağasıbaşı Zeynal xan Şamlı idi.[21] Zeynal xan Şamlı 1630-cu ildə osmanlılıar ilə savaşda səhvə yol verdiyi üçün edam edildi və vəzifəsi Mehdiqulu xan Şamlının oğlu Uğurlu xan Şamlıya tapşırıldı.[20]1634-cü ildə Uğurlu xan Şamlı saray dəftərxanasına nəzarətçi təyin edildiyi üçün eşikağasıbaşı vəzifəsi İmamqulu xan Şamlıya verilir. 1635-c ildə Canı bəy Şamlı bu vəzifəni icra etməyə başlayır. 1637-ci ildə isə eşikağasıbaşı Murtuzaqulu bəy Şamlı olur. Molla Kamal 1643-cü ildə eşikağasıbaşı Heydər bəyin etimadəddövlə Sarı Tağı ilə çəkişdiyini və vəzifədən istefa verib Qum şəhərinə getdiyini qeyd etmişdi. Heydər bəy 1629-cu ildə Şah Səfinin tacqoyma mərasimində iştirak etmişdi və Qaradağ sufilərindən Qızılbaş Əbulqasım bəy Evoğlunun oğlu idi. Heydər bəydən sonra bu vəzifəyə Mirzəli sultan Çələbi Evoğlunun oğlu Əliqulu bəy təyin edilir.[22]
II Şah Abbasın dövründə də bu vəzifəyə seçilən şəxslər türk-qızılbaş tayfalarından olan şəxslər idi. 1645-ci ildən 1661-ci ilə qədər Mehdiqulu xan Şamlı bu vəzifəni icra etsə də, 1661-ci ildə qardaşı Nəcəfqulu bəy Şamlı eşikağasıbaşı olur.[22]
İsgəndər bəy Münşi iki cür eşikağasıbaşı vəzifəsi olması barədə məlumat verir. Bunlardan biri divan eşikağasıbaşı digəri isə hərəm eşikağasıbaşıdır.
İsgəndər bəy Münşi hərəm eşikağasıbaşı haqqında divan eşikağasıbaşından sonra məlumat verir. Buna səbəb onların vəzifələrinin əhəmiyyət fərqi idi. I Şah Abbas dövründə də bu vəzifəyə təyin olunan şəxslər türklərdən seçilirdi. İsgəndər bəy Münşi hərəm eşikağasıbaşılardan aşağıdakıların adlarını çəkir:
Əbülqasım bəy Evoğlu, qardaşı Çələbi bəy, oğlu Heydər bəy Evoğlu, onun oğlu Əliqulu bəy Evoğılu
Onun vəzifələri ilə bağlı məlumatı bizə rus şərqşünas alimi Vladimir Minorski verir. O qeyd edir ki, hərəm eşikağasıbaşının vəzifə yeri sarayın əsas qapısın olan Ali-Qapının yanındakı saray idi və vəzifələrindən biri saray qapısında qaravul çəkmək idi. Lakin o ancaq mühaifəzçiləri gətirmək üçün saray qapısına gedərdi. Vəzifə yeri Sarayın çölündən tutmuş hərəmə qədər idi. Hərəm qapısının qarşısında hərəm eşikağasıbaşı dayanardı.[24] Minorskiyə görə hərəm eşikağasıbaşı, divan eşikağasıbaşından rütbəcə daha aşağı vəzifə idi. Və o da divan eşikağasıbaşının əmirlərinə tabe idi. Minorski yazır ki, sultana gələn hədiyyələrin 10%-i hərəm eşikağasıbaşına verilirdi. Bundan başqa xacəsarələr də onun tabeliyində idi.[25]
Səfəvilərin saray təşkilatında çox mühüm vəzifə olan hərəm eşikağası haqqında «Təzkirət əl-müluk»da göstərilir ki, bu vəzifə Şah sarayına məhrəm, yaşlı, təcrübəli, düzlükdə, doğruluqda sabit iman sahibi olan şəxslərə tapşırılırdı. Onlar gecə və gündüz hərəm qapısında dayanırdılar. Hərəmin qapıçıları, eşikağasıları ona tabe olub, onun əmrini yerinə yetirirdilər. O, hərəmdə ciddi intizam yaratmalı, kənar şəxsləri ora buraxmamalı idi. Hərəm qulluqçularını isə o təyin edir və məvaciblərini də özü müəyyənləşdirirdi. «Təzkirət əl-müluk»da təcrübəli, sabit iman sahibi deyildikdə, əslində müxtəlif dövlət vəzifələrində çalışmış yaşlı, etibarlı Qızılbaş əyanı nəzərdə tutulur. İsgəndər bəy Münşi Türkmanın bu vəzifəyə I Şah Abbas dövründəki təyinatlar barədə verdiyi məlumatlar da fikrimizin doğruluğunu təsdiq etməklə I Şah Abbasın dövlətin içəridən qorunmasını sələfləri kimi türklərə etibar etdiyini göstərir. İsgəndər bəy Münşi Türkman yazır ki, 1618-ci ildə Şamlı elinin Bəydili obasından olan hərəm eşikağasıbaşı Heydər sultan vəfat etdikdə, Şah bu vəzifəyə Qızılbaşlardan Əliqulu bəy Evoğlunu təyin etmişdi. I Şah Səfi dövründə isə hərəm eşikağasıbaşı yenə də həmin soydan Çələbi bəy Evoğlu olmuşdu.[26]
Sərhəd əmirlərinin eşikağasıbaşılarının yanına göndərdikləri ərizələr, ya da şahın qapısında qulluq edən əmirlərin hərəm qapıçısına göndərdikləri ərizələr, əvvələn müəyyən keşikxanası olan hörmətli hərəmin eşikağasıbaşına verilərdi. Hərəm eşikağasıbaşı isə bunları hərəm xacələrinin ağsaqqalına təqdim edərdi.[27]
«Təzkirət əl-müluk»da eşikağasıbaşının əmrində çalışan məmurlardan Ləşkərnəvis-i Divani Ali və Ziru Sərhatnəvis-i Divani Ali vəzifələrinin adları çəkilir. Onlar eşikağasıbaşının maliyyə müfəttişləri idilər. Eşikağasıbaşının əmrində çalışan şəxslərin bir yerə toplanması, onların səfərə göndərilmə əmri bu şəxslər tərəfindən qeyd edilirdi və ləşkərnəvislər tərəfindən eşikağasıbaşının hüzurunda oxunurdu.[28]Eşikağasıbaşının işçilərlə bağlı verdiyi qərarlar da ləşkərnəvis və sərxəttnəvis tərəfindən imzalanırdı.[28]
Vladimr Minorski müqərrəb əl-həzrətdən bəhs edərkən bildirir ki, onlar eşikağasıbaşına tabe idilər. Minorski yazır :“Bu sinfə etibarlı qulluqçuların vəzifələri daxildir. Lakin onlar padşaha yaxın deyildilər. Onlar iki qrupa bölündülər. Birincisi, Eşikağasıbaşı əbvab-ı cəmi, ikincisi, vəzirə bağlı olan Xassə-i Səltənətin rəhbərləri.[29]
Eşikağasıbaşının tabeçiliyində böyük bir saray məmurları kontingenti dururdu.