Eduardo Xose Neri da Oliveyra (port. Eduardo José Nery de Oliveira; 2 sentyabr 1938[1][2], Fiqeyra-da-Foş[d][3] – 2 mart 2013[1], Lissabon[3]) – Portuqaliya rəssamı və sənətkarı.
Eduardo Neri | |
---|---|
port. Eduardo José Nery de Oliveira | |
Doğum tarixi | 2 sentyabr 1938[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 2 mart 2013[1] (75 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı, rəssam, fotoqraf |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
1938-ci ildə Fiqeyra-da-Foş şəhərində doğulmuşdur. Anası yazıçı, atası isə mühəndis idi. 1939-cu ildə ailəsi ilə birlikdə Lissabona köçmüşdür. 1948–1954-cü illərdə Kamoeş liseyində oxumuşdur.[4]
Abstrakt illüzionizm və op-art hərəkatlarının nümayəndəsi olan Neri rəssamlıq, qravüra, boyakarlıq, fotoqrafiya, qobelen, kirəmit, mozaika, vitraj, divar relyefi kimi incəsənət sahələri ilə məşğul olmuşdur. Şəhərdə piyada yolların dizaynı və memarlıq komplekslərinin fasadları üçün rəng layihələrində işləmişdir.[5] Onun əsas işlərindən biri Lissabon metrosunun Kampu-Qrandi stansiyası üçün 1993-cü ildə hazırladığı azuleju panelləri olmuşdur.[6] Makao Beynəlxalq Hava Limanının terminalı üçün hazırladığı azuleju panelləri 1998-ci ildə Makaoda buraxılmış poçt markalarının üzərində təsvir olunmuşdur.[7]
Neri 1964-cü ildən etibarən Lissabonda 40-dan çox fərdi sərgisini keçirmiş, 1958-ci ildən bəri isə Portuqaliyada 300-dən çox qrup sərgisində iştirak etmişdir. Onun işləri Portuqaliya, ABŞ, Tayvan, Kanada, Norveç və başqa ölkələrin muzeylərində sərgilənmişdir.[5]
Eduardo Neri fəaliyyətinə görə bir sıra mükafatlara layiq görülmüşdür. Portuqaliyada Bordalo mükafatı, Plastik İncəsənət Mükafatı və Bento Pessoa–Kasino Fiqeyra milli mükafatlarından birini qazanmışdır. İtaliya (1975/1977) və İspaniyada (1977) 6 mükafata layiq görülmüşdür. 1969-cu ildə Portuqaliya Tənqidçilər Mükafatını qazanmışdır. 1987, 1991, 1992 və 1995-ci illərdə Lissabon Şəhər Şurası tərəfindən "Jorje Kolazu" kirəmit mükafatına layiq görülmüşdür.[5]
8 iyun 2012-ci ildə Portuqaliya prezidenti Anibal Kavaku Silva tərəfindən "Şahzadə Henri" ordeni ilə təltif olunmuşdur.[8]