Elçin Əsgərov (dövlət xadimi)

Elçin Əsgərov (tam adı: Elçin Mirnizami oğlu Əsgərov; d. 4 avqust 1968, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini (24 avqust 2005 - 18 fevral 2011). İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, Avrasiya ölkələri üzrə Regional Mərkəzin İdarə Heyətinin sədri.

Elçin Əsgərov
Elçin Mirnizami oğlu Əsgərov
24 avqust 2005 – 18 fevral 2011
Əvvəlkivəzifə təsis olunub
SonrakıGündüz İsmayılov
Şəxsi məlumatlar
Doğum tarixi (55 yaş)
Doğum yeri SSRİ, Azərbaycan SSR, Bakı şəhəri
Atası Mirnizami Əsgərov
Uşağı 2 övladı var

Elçin Mirnizami oğlu Əsgərov 4 avqust 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1985-ci ildə Bakı şəhəri 20 saylı orta məktəbi bitirmişdir.

1993-cü ildə Bakı Dövlət Universitetinin "Tarix" fakültəsindən məzun olmuşdur.

2003-cü ildə Almaniya Federativ Respublikası Rur-Bohum Universitetində "Postsovet Dövründə Azərbaycan Respublikasında İslam təhsili problemləri (1989-2003)" mövzusu üzrə Ph.D səviyyəsində elmi iş hazırlamışdır.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1993-1994-cü illərdə Fasiləsiz Təhsil Mərkəzi Futurologiya İnstitutunda müəllim işləmişdir. 1994-1996-cı illərdə jurnalist kimi fəaliyyət göstərmişdir. 1996-2005-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında komissiya sədri, sədr müavini, İdarə Heyətinin sədri olmuşdur. Həmçinin, 1999-2002-ci illərdə "Qütb"-"Polyus" (azərb. və rus dillərində) aylıq ictimai fikir jurnalında baş redaktor; 1997-2005-ci illərdə Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində işləmişdir.

Dövlət Komitəsində

[redaktə | mənbəni redaktə et]

24 avqust 2005-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilmişdir[1]. 18 fevral 2011-ci ildə həmin vəzifədən azad edilmişdir.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunda

[redaktə | mənbəni redaktə et]

2011-ci ildə İslam Əməkdaşlıq Təşkilatı (o zaman İslam Konfransı təşkilatı) Gənclər Forumu Avrasiya üzrə Regional Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir, 2018-ci ilin oktyabr ayında Mərkəzin yeni yaradılan Beynəlxalq İdarə Heyətinə sədr seçilmişdir və hal-hazırda həmin vəzifəni icra edir.

Elmi-tədqiqat fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Elçin Əsgərov dini problemlərə həsr olunmuş 4 kitabın və İslamın əsasları üzrə 2 dərsliyin müəllifidir. Bundan başqa o, Azərbaycanda ilk dəfə nəşr olunan "Qısa İslam Ensiklopediyası"nın (Bakı, 2012) ideya rəhbəri və nəşrinin rəhbəri olmuşdur. Azərbaycandakı dini məsələlər, xüsusilə də missionerliyin tarixi mövzusunda ən yaxşı mütəxəssislərdən hesab olunan və bir çox beynəlxalq konfransın iştirakçısı olan müəllifin yerli və xarici mətbuatda 200-dən artıq elmi və publisistik məqaləsi dərc olunmuşdur.

  • Xristian təriqətçi-missioner təşkilatları Azərbaycanda: siyasi, mənəvi və ideoloji təxribat. Bakı, 1997
  • Mənəvi işğala son qoyulsun. Bakı, 1998
  • İslam: təhriflərə cavab. Bakı, 1997 (təkrar nəşr: Bakı, 2002)
  • Biz İslamı öyrənirik (6-8-ci sinif şagirdləri üçün dərslik). Bakı, 1997 (təkrar nəşr: Bakı, 2007)
  • İslamın əsasları: fəlsəfə, tarix və əxlaq baxımından. Bakı, 1999 (təkrar nəşr: Bakı, 2007)

Ailəlidir, 2 övladı var.