Elm günü — Hər il 27 mart tarixində Azərbaycanda qeyd olunur. Bu tədbir elmlə məşğul olar hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır.
2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb[1]. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. Respublika həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında AMEA-nın böyük xidmətləri var. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması və fəaliyyəti ilə elm sahəsində daha böyük uğurlar əldə etməyə nail olub.
Azərbaycanda elmin inkişafı istiqamətində həyata keçirilən islahatlar Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi, elm də inkişafın yeni mərhələsinə qədəm qoyub. Azərbaycan elminin inkişaf etdirilməsinə dövlət səviyyəsində böyük qayğı göstərilib, ölkədə alimin və elmin nüfuzu yüksəlib. 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adı verilib[2].
Heydər Əliyev AMEA-nın keçdiyi yolu Azərbaycan xalqının tarixində böyük səhifə kimi dəyərləndirib:
“Çoxəsrlik tariximizdə böyük elmimiz olubdur. Ancaq Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil və bu qədər qüvvətli, güclü, çoxsahəli olmayıb. Müstəqil Azərbaycanın Elmlər Akademiyası bütün elmi potensialı özündə cəmləyərək, xalqımızın yaradıcılıq sahəsində nəyə qadir olduğunu dünyaya göstəribdir”. |
Müstəqillik illərində Azərbaycanda elmin inkişafı istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilir. Nəticədə AMEA-nın strukturu, idarəetmə və təşkilati sistemi əsaslı olaraq təkmilləşdirilib, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü koordinasiyası üçün mühüm işlər görülüb. Akademiyanın Rəyasət Heyəti ən aktual elmi, elmi-innovativ və elmi-təşkilati məsələlərin professional və multidissiplinar səviyyədə müzakirə olunduğu intellektual beyin mərkəzinə çevrilib. AMEA-nın strukturunda müasir dövrün tələblərindən irəli gələrək Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Elm Tarixi İnstitutu, Qafqazşünaslıq İnstitutu, Neft və Qaz İnstitutu, Biofizika İnstitutu yaradılıb, bir sıra institutlar, o cümlədən Fəlsəfə İnstitutu, Hüquq və İnsan Haqları İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu müasir elmi prioritetlər əsasında yenidən qurulub[2].
Müstəqillik illərində əldə edilən uğurlardan biri kimi Azərbaycanın kosmos dövlətinə çevrilməsini xüsusi qeyd etmək lazımdır. Bu nailiyyət ölkə rəhbərinin İKT sahəsində məqsədyönlü və uzaqgörən siyasətlərinin həyata keçirilməsi, eləcə də ölkəmizdə ən yeni texnologiyaların tətbiqinin reallaşdırılması sayəsində əldə olunub.
Azərbaycanda elmi fəaliyyət əsasən Milli Elmlər Akademiyasını, ali təhsil müəssisələrini, dövlət qurumlarının tərkibindəki elmi təşkilatları, qismən də özəl sektoru əhatə edir. Belə bir infrastrukturda qərarlaşmış elmi fəaliyyətin vahid prinsip əsasında idarə edilməsi üçün Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası fəaliyyət göstərir. Respublika üzrə koordinasiya məsələlərinin geniş müzakirəsi məqsədilə Azərbaycan elminin tarixində ilk dəfə olaraq 2014-cü il dekabrın 19-da AMEA, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycan Alimlərinin I Qurultayı keçirilib[2].
Müstəqillik illərində ölkəmizin beynəlxalq əlaqələrinin inkişafına, dünyada nüfuzunun artmasına adekvat olaraq beynəlxalq elmi əlaqələr sahəsində də xeyli uğurlar qazanılıb. Alimlərimiz beynəlxalq elmi qurultay, konfrans və simpoziumlarda elm və texnikanın aktual problemlərinə dair məruzələrlə çıxış edirlər. AMEA-nın təşəbbüsü və təşkilatçılığı ilə vaxtaşırı beynəlxalq elmi müşavirə və konfranslar keçirilir[2].
Son illər “Horizon – 2020” layihəsi üzrə fəal iş aparılıb, həmçinin NATO ilə əməkdaşlıq istiqamətində çox əhəmiyyətli irəliləyişlər əldə olunub. Elm üçün əlamətdar örnəklər kimi fiziklərin CERN-də, geoloq və geofiziklərin MIT-də, Dubnadakı elmi layihələrdə və Avropanın digər böyük layihələrində iştirakını göstərə bilərik. Beynəlxalq elmi əlaqələrin genişləndirilməsi sahəsində atılan ən mühüm addımlardan biri də elmi tədqiqat müəssisələrində xarici alimlərin iştirakı ilə birgə layihələrin həyata keçirilməsidir[2].
Son illər AMEA-da ABŞ-nin, Almaniyanın, İtaliyanın nüfuzlu elmi mərkəzləri ilə birlikdə xeyli sayda beynəlxalq laboratoriyalar yaradılıb. Ölkədə informasiya cəmiyyətinin formalaşması və inkişaf tendensiyasına müvafiq olaraq e-Azərbaycanın tərkib hissəsi kimi e-elmin formalaşması istiqamətində də mühüm irəliləyiş əldə edilib, onun e-təhsil və digər onlayn mühitlərə inteqrasiyası təmin olunub. Mürəkkəb hesablama və böyük yaddaş resursları tələb edən elmi problemlərin həlli üçün “AzScienceNet”in bazasında böyük imkanlara malik verilənlərin emal mərkəzi yaradılıb. Bu şəbəkə Avropanın yüksək sürətli elm və təhsil üçün xüsusi internet şəbəkəsinə (GEANT) inteqrasiya olunub. Ölkə səviyyəsində elmi fəaliyyətin koordinasiyasının səmərəliyini artırmaq və informasiya təminatı bazasının formalaşması məqsədilə elmi problemlərin və dissertasiya işlərinin reyestrləri yaradılıb[2].
Elmi fəaliyyət sahəsində hüquqi islahatların ən böyük uğuru Milli Məclisin 2016-cı il iyunun 14-də qəbul etdiyi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli Fərmanı ilə ölkədə tətbiq olunan “Elm haqqında” Azərbaycan Respublikası Qanunudur. Bu sənəd müstəqil dövlətimizin elm siyasətinin əsaslarını təşkil edir[2].
Ölkədə elmin populyarlaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Elmi yeniliklərə cəmiyyətin mütəmadi məlumatlandırılması üçün “Azərbaycan Milli Elmlər Akademiyasının xəbərləri məcmuəsi” və “Elm dünyası” jurnalları təsis edilib, “Elm və həyat” jurnalının işi təkmilləşdirilib. Xatırladaq ki, 2014-cü il noyabrın 10-11-də AMEA-nın təşkilatçılığı ilə ölkəmizdə, eləcə də regionda ilk dəfə olaraq Bakı Elm Festivalı keçirilib. Festivalın keçirilməsində əsas məqsəd elmimizin nailiyyətlərini, yeni innovasiyaları nümayiş etdirmək, informasiya-kommunikasiya texnologiyaları və digər müasir innovativ üsullar əsasında elmin təbliğinə nail olmaq, cəmiyyətdə elmə olan marağı artırmaq, həmçinin elm-təhsil-istehsalat arasında əlaqələri gücləndirmək olub. Elmi gəncliyin əməyinin stimullaşdırılması istiqamətində də bir sıra mühüm addımlar atılır. Azərbaycan Respublikasının Prezidentinin “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi haqqında” 2013-cü il 2 iyul tarixli Fərmanına əsasən elm üzrə namizədini təqdim etmək səlahiyyəti AMEA respublikada aparılan fundamental tədqiqatların əsas mərkəzi kimi[2].
Bu gün AMEA respublikada aparılan fundamental tədqiqatların əsas mərkəzinə çevrilib. Akademiyanın tərkibində fizika-riyaziyyat və texnika elmləri, kimya elmləri, Yer elmləri, biologiya və tibb elmləri, humanitar elmlər və ictimai elmlər bölmələri fəaliyyət göstərir. AMEA-da 10 minə yaxın əməkdaş, o cümlədən 4939 elmi işçi, 664 elmlər doktoru, 2026 fəlsəfə doktoru çalışır. Akademiyanın 72 həqiqi üzvü və 112 müxbir üzvü var[2].
Akademiya alimlərinin 604 kitabı, 4208 məqaləsi çap olunub. Məqalələrin 2427-si impakt faktorlu elmi jurnallarda dərc edilib. AMEA bir çox nüfuzlu beynəlxalq elmi təşkilatların üzvüdür, onun əməkdaşları MDB ölkələri, ABŞ, Yaponiya, İsrail, İsveçrə, İngiltərə, Almaniya, Pakistan, Türkiyə, İran və başqa dövlətlərin aparıcı elm və təhsil müəssisələri ilə birgə proqram çərçivəsində tədqiqatlar aparır, kadr və informasiya mübadilələrində iştirak edirlər[2].
Ölkədə fəaliyyət göstərən elmi müəssisələrin illik elmi hesabatlarını AMEA-ya təqdim etmələri, akademiyada respublika üzrə elmi fəaliyyət sahəsinin ümumiləşmiş hesabatlarının hazırlanması və ildə bir dəfə ümumi yığıncaqda elmi ictimaiyyətin, ali məktəb elmini və sahə elmini təmsil edən alimlərin iştirakı ilə geniş müzakirə olunması Azərbaycan elmində gedən prosesləri, inkişaf meyillərini tam halda izləməyə, dərindən təhlil edib dəyərləndirməyə və istiqamətləndirməyə imkan yaradır. Bu, bütövlükdə ölkə üzrə elmi tədqiqatların ümumiləşdirilmiş geniş mənzərəsini aydın təsəvvür etməyə şərait yaratmaqla yanaşı, qarşıya çıxan problemlərin, mövcud nöqsanların da vaxtında və birlikdə aradan qaldırılmasına təminat verir[2].
Elm və ali təhsil müəssisələrində demək olar ki, elmin bütün sahələri üzrə dissertasiya şuralarında elmi dərəcələrə malik yüksəkixtisaslı mütəxəssislər hazırlanır. Respublikada yüksəkixtisaslı mütəxəssislərə və elmi kadrlara artan tələbatı ödəmək məqsədilə ölkə rəhbərliyinin dəstəyi sayəsində AMEA-da magistratura yaradılıb. Həmçinin doktoranturaya qəbul imtahanları üzrə beynəlxalq standartlara uyğun yeni tələblər müəyyənləşdirilib.
Müstəqillik illərində elm və təhsilin inteqrasiyası sahəsində əldə edilən uğurlardan biri kimi doktorluq təhsilini və elmi tədqiqatların modernləşdirilməsi üzrə həyata keçirilən “Nizami” layihəsini də xüsusi qeyd etmək lazımdır. AMEA-da elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsi, eyni zamanda neft-kimya, kimya və texniki təyinatlı məhsulların istehsalı və satışı üzrə bir sıra texnoparklar, təsərrüfat hesablı müəssisə və zavodlar yaradılıb. Azərbaycanda beynəlxalq standartlara cavab verən impakt faktorlu elmi jurnalların nəşrinə nail olunması son illərin mühüm elmi nailiyyətlərindən biridir. Bu baxımdan Bakı Dövlət Universitetində, AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunda, Xəzər Universitetində çap olunan impakt faktorlu elmi jurnalları qeyd etmək olar[2].