Eltac Hümbətov

Eltac Hümbətov (azərb. Eltac Ədalət oğlu Hümbətov‎; (14 fevral 1996, Bakı, Azərbaycan) — Azərbaycan idmançısı. Kyokusinkay karate növü üzrə Avropa çempionu (2015).

Eltac Hümbətov
Eltac Ədalət oğlu Hümbətov
Şəxsi məlumatlar
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (27 yaş)
Doğum yeri Bakı, Azərbaycan)
İdman növü Kyokusinkay

Həyatı[redaktə | mənbəni redaktə et]

Eltac Hümbətov 14 fevral 1996-cı ildə Bakı şəhərində anadan olub. Əslən Laçın rayonunun Şamkənd kəndindəndir. 2002-ci ildə 45 saylı məktəbdə orta təhsil almağa başlayıb, 2012-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib. Hələ 11 yaşından Lokomotiv idman klubunda cüdo məşqlərinə başlayaraq 1 il müddətində xırda klublar arasında müəyyən yerlər tutub. Sonra isə atasının və qardaşlarının məşğul olduğu Kyokusinkay idmanına daha çox həvəs göstərdiyindən, atası Ədalət Hümbətovun məşqçiliyi altında kyokuşinka ilə məşğul olmağa başlayıb. Müəyyən vaxtdan sonra “Kyokuşin karate”də uğurlar əldə edib. Tam 4 ay məşğul olandan sonra 1-ci klublararası turnirdə 45 kq çəki dərəcəsində Eltac Hümbətov 3 rəqibini məğlub edərək, 1-ci yerə layiq görülür. Eltac bu kimi bir çox yarışlarda birincilik qazanıb, ən pis halda belə qaliblər pilləsində olub.14 yaşında Eltac Bakı çempionatında iştirak edib və 4 döyüşdə də qalib gələrək 1-ci yerin qalibi olub. 2010-cu il respublika çempionatında yenidən 4 rəqibini məğlub edərək çempion olub. Eltacın döyüşlərinə kənardan nəzər yetirən rəhbərlər onu 2011-ci il 3-4 dekabrda “Kyokuşin karate” üzrə yeniyetmə və uşaqlararası 1-ci dünya çempionatında ölkəmizi təmsil edən döyüşçülər arasında görməyə qərar verirlər. Həmin çempionatda Eltac holland və rus döyüşçülərini məğlub edərək yarımfinala cıxış mərhələsində yaponiyalı döyüşçü ilə qarşılaşır. 1 raundluq döyüşdə verilən qərara əsasən aktivliyi zəif göründüyü səbəbindən məğlub olur. Həmin ilin sonunda (28-29 dekabr) keçirilən respublika çempionatında 2-ci yerə layiq görülür və vaxtından əvvəl, 15 yaşında ikən, yığma komandanın məşqlərinə çağırılır.

Bir müddət davam edən məşqlərdən sonra Eltac Hümbətov yoldaşlarından seçilməyə can atır və əziyyətlərinin bəhrəsini görür.

2012-2013-cü illər Azərbaycan çempionatlarında 65-70 kq çəki dərəcəsində 2 il ard-arda respublika çempionu olur.

2014-cü il may ayının 30-31-də Bakıda keçirilən Avropa çempionatında 28 ölkədən qatılan 500-dən çox döyüşçü arasında Eltac və komanda yoldaşları da vardı. Həmin çempionatda 70 kq çəki dərəcəsində litvalı və polşalı rəqiblərini məğlub edən Eltac yarımfinal mərhələsində bolqar idmançısı ilə qarşı-qarşıya çıxır. Döyüş zamanı ona edilən bəzi haqsızlıqları nəzərə almadan, əzmkarlıqla qalibiyyət haqqında düşünən Eltac Hümbətov qabırğasından aldığı zədələrdən qaynaqlanan ağrılar səbəbindən yarışı başa çatdıra bilmir və 3-cü yerlə kifayətlənir.

2014-cü ilin 8-9 noyabrında Litvanın Kaunas şəhərində keçirilən Avropa çempionatında 2-ci olur. O, bu yarışda da 4 rəqibinin 3-nü vaxtından tez, 1-ni isə 3-cü raundun 8-ci dəqiqəsində məğlub edir (Rumıniya, Litva, Polşa, İsveç).

Final mərhələsində həmyerlimiz Eminlə qarşılaşan Eltac qabırğasından aldığı zədəyə görə bu yarışmada da 2-ci yeri tutur.[1]

22 dekabr 2014-cü ildə 18-35 yaşlı döyüşçülər arasında keçirilən Açıq Azərbaycan Çempionatı bu yaş qrupunda Eltacın ilk yarışması idi. Qazanacağına əmin olan Eltac 4 rəqibinə qalib gəlir. Final döyüşündə isə yenidən Avropa çempionatında məğlub olduğu həmyerlimiz Emin İsmayıllı ilə qarşılaşır və bu dəfə qalib gələrək birincilik qazanır.[2]

2015-ci ilin sentyabrında Tibilisidə 18-35 yaşlılar arasında keçirilən Qafqaz çempionatında komanda hesabı ilə 1-ci yeri qazanaraq Qafqaz kubokunun sahibi olmuşdur.

2015-ci ilin dekabr ayında Polşanın Bıtom şəhərində 22 yaşadək idmançılar arasında Kyokusinkay karate üzrə Avropa çempionatında Azərbaycan millisinin tərkibində 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Eltac Hümbətov bütün rəqiblərinə qalib gələrək Avropa Çempionu olub.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "ikinci yerin sahibi isə Eltac Hümbətov olub". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-26.
  2. Kyokuşin karate üzrə Bakı şəhər açıq birinciliyi[ölü keçid]
  3. [ http://karabakhmedia.az/main/1811-azerbaycan-millisi-shinkyokushinkay-karate-uzre-avropa-chempionatinda-uch-medal-qazanib.html%7C[ölü keçid] Eltac Hümbətov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.]