Erkən Pliosen (Balaxanı əsri) epoxası

Erkən Pliosen (Balaxanı əsri) epoxası

[redaktə | mənbəni redaktə et]

Erkən pliosen (Balaxanı və ya Məhsuldar qat əsri) epoxası Azərbaycan Respublikası relyefinin inkişafında mühüm mərhələ olmuşdur. Belə ki, bu dövrdə dənizin reqressiyası zamanı onun səviyyəsi indikindən xeyli aşağı düşmüş və transqressiv fazasında isə Qusar-Dəvəçi, Ceyrankeçməz və Aşağı Kür çökəkliklərini örtmüşdür. B.Ə. Budaqova görə (1969, 1976) Şahdağ və Bazardüzü-Tufan massivlərinin hündürlüyü yüksək dağlığın səviyyəssinə çatmış və buzlaşmaya məruz qalmışdır. Kür çökəkliyinin relyefi balaxanı əsrində dənizin transqressiya (əsrin əvvəli və ortasının sonu) və reqressiyaları (əsrin ortasının əvvəli və əsrin sonu) ilə əlaqədar olaraq dəyişikliklərə məruz qalmışdır. Transqressiyalar zamanı çökəkliyin quru sahələri azalmış və hövzə akkumulyasiya sahəsini təcəssüm etdirmişdir. Reqressiyalar zamanı isə dəniz Aşağı Kür çökəkliyində saxlanılmış və akkumulyativ düzənliklərin sahəsi genişlənmişdir. Kiçik Qafqazın relyefinin inkişafında Balaxanı əsri mühüm rol oynamışdır. Bu zaman kontinental şəraitdə inkişaf edən Qazax çökəkliyində diskonform inversion və ya çevrilmiş morfostrukturların formalaşması və onların ekzogen parçalanması davam edir. Balaxanı əsrində Respublika ərazisi relyefinin inkişafının ümumi təmayülünə uyğun olaraq Lənkəran bölgəsində də Talış və Burovar horst-antiklinor, Peştəsər monoklinal və Qızılqaya diaklinal silsilələri qalxmaqda davam edir və mövcud düzəlmə səthləri, deformasiyaya məruz qalır. YardımlıLerik depressiyaları relyefdə nisbətən dayaz çökəkliklər şəklində əks olunurlar. Talışın Astara sahəsində Hamarat, Göldərə tektonik-maqmatik və Borzov gümbəzvari qalxmalarının, Bilər qraben-sinklinal çökəkliyinin, Çayrud və Daşdatük horst-sinklinal platolarının da bünövrəsi məhz bu zaman qoyulur.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikasının coğrafiyası. Fiziki coğrafiya. I cild, Bakı-2015