Etibar Etibarlı — şair-publisist, jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Rəsul Rza adına ədəbi mükafatın laureatı, Prezident təqaüdçüsü.[1]
Etibar Etibarlı | |
---|---|
Etibar Zəki oğlu Aslanov | |
Doğum tarixi | |
Doğum yeri | Kürdəmic, Şamaxı rayonu |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | M. F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutu |
Tanınır | yazıçı-publisist |
Mükafatları | "Rəsul Rza" mükafatı |
Etibar Etibarlı 2 aprel 1951-ci ildə Şamaxı rayonunun Kürdəmic kəndində (indiki Əhmədli) anadan olmuşdur. 1968-ci ildə S. M. Qənizadə adına Şamaxı şəhər 1 saylı orta məktəbi bitirmişdir. Bir müddət "Yeni Şirvan" rayon qəzetində işləmiş , sonra isə AzTV-nin "Gənclik" redaksiyasının "Yekun" jurnalında ştatdankənar kiçik redaktor kimi fəaliyyət göstərmişdir. Uşaq yaşlarından şeirə həvəs göstərmişdir. 1974-cü ildə M. F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Slavyan Universiteti) bitirib, rayonda müəllim işləmişdir.[2]
İlk şeirləri hələ məktəbliykən "Göyərçin" jurnalında və rayon qəzetində dərc olunmuşdur. "Ulduz" jurnalının 1969-cu il 10-cu nömrəsində şair Nəbi Xəzri onun haqqında "Uğurlu yol" məqaləsi yazmış, onu ümidverən bir gənc şair kimi ədəbi aləmə təqdim etmiş:
" Qoy, Etibar Etibarlı şeirə və sənətə ikiqat etibarlı olsun!" |
Etibar Etibarlının isə həmin nömrədə iki səhifə həcmində şeirləri çap olunmuşdur. 1975-ci ildə "Molodyoj Azerbaydjana" qəzetinin Şamaxı və Ağsu rayonları üzrə ştatdankənar müxbiri olmuşdur. Sonrakı uzun illər ərzində isə jurnalist kimi rəsmi mətbuat orqanlarında, o cümlədən dəvət aldığı keçmiş "Kommunist" qəzetində, daha sonra "Xalq qəzeti", "Mülkiyyət", "Respublika" kimi rəsmi qəzetlərdə, həmçinin AzərTAc-da (Dövlət İnormasiya Agentliyində) işləmişdir. Bu illər ərzində o, müxtəlif mövzularda müxtəlif səpgili yüzlərlə məqalə, oçerk və felyeton yazmış və yazıçı-publisist kimi də tanınmışdır.[3]
Etibar Etibarlı yüzlərlə şeirin, bir çox poemaların, M. Müşfiq haqqında "Gözdən yaş çıxarmı ürək yanmasa?" pyesinin, həmçinin şeir kitablarının müəllifidir. O, həm də epik-lirik poemalar müəllifi kimi tanınır "Nisgil", "Taleyimdən keçənlər (irihəcmli), "Bir gecənin poeması", "Ağdama gedən yol","Dan üzü ağaranda" (Çanqqala döyüşünün 100 illiyinə həsr olunmuş), "Dünya dağılacaq" (Dialoq-poema) və s. kimi poemaları oxuculara bəllidir. Etibarlı mediada, qəzet və jurnallarda həm də bir şair-tənqidçi kimi mütəmadi olaraq, kəskin ədəbi-tənqidi məqalər yazmış, ədəbi prosesə öz münasibətini bildirmişdir. O, 1-ci qrup əlil idi , buna baxmayaraq fəaliyyətini davam etdirirdi.[4]
Ağır xəstəliklə əlaqədar səkkiz dəfə cərrahi əməliyyata məruz qalsa da, yeddi il çarpayı dustağı olsa da ədəbi yaradıcılığını davam etdirən şair 7 may 2019-cu ildə Bakıda vəfat etmişdir.[1]