Fəlsəfi antropologiya

Fəlsəfi antropologiya — geniş mənada — insanın təbiəti və mahiyyəti haqda fəlsəfi təlim, dar mənada — XX əsrin birinci yarısında Qərbi Avropa, xüsusilə alman fəlsəfəsində yaranmış istiqamət.[1] Bu istiqamət Dilteyin həyat fəlsəsi, Qusserlin fenomenologiya ideyalarından irəli gələn, müxtəlif elmlərin — psixologiya, biologiya, etologiya, sosiologiya, həmçinin dinin və başqa sahələrin insan haqda məlumatlarının istifadəsinə əsaslanır.[1]

XX əsrin birinci yarısında Qərb fəlsəfəsi diqqətini insana doğru çevirdi. İnsan problemi ilə bu və ya digər dərəcədə məşğul olan, həmin problemi əks etdirən çoxsaylı fəlsəfi konsepsiyalar ümumi fəlsəfəyə antropologiya adı altında birləşir. Bu terminin əsas mənası fəlsəfi fikrin insanın təbiətini və imkanlarını dərindən anlamaqla əlaqədardır. Hələ 1929– cu ildə Martin Haydegger "Kant və metafizika problemləri" adlı əsərində Kantın məşhur "Mən nəyi bilirəm?", "Mən nə etməliyəm?" və "Mən nəyə güvənə bilərəm?" fikirlərinin yeni yozumunu verməyə çalışmışdır. Öz məcmusuna görə, "insan nədir" ümumiləşdirici fikrinə aparıb çıxarırdı. Əslində, fəlsəfi antropologiya üçün başlıca vəzifə insan idrakının, fəaliyyətinin və etiqadının predmetinə yeni traktovka ilə yanaşmaqdır. Müasir şəraitdə vacib olan odur ki, biz necə dərk edirik, necə fəaliyyət göstərir və necə etiqad edirik?

Fəlsəfi antropologiya tərəfindən tədqiq olunan konsepsiyalar şərti olaraq iki qrupa bölünür — subyektiv–antropoloji və obyektiv–ontoloji.

Birinci qrupa, insanın və dünyanın varlığını insanın özündən, subyektiv "Mən"dən asılı edən təlimlər daxildir. Bu zaman insana avtonom bir canlı kimi, obyektiv şərait və normalardan asılı olmayan varlıq kimi baxılır. Bu konsepsiyaya görə, insan azadlığının həqiqi əsasları kimi əqli– idraki fəaliyyətin daxili səbəblərdən törəyən ruhani–mənəvi qüvvələr, təhtəlşüur–irrasional və iradi impulslar başlıca amillərdir.

İkinci qrupa, varlığın mənasını, obyektin özündən, dünyadan çıxararaq dərk edən təlimlər daxildir. Bu zaman insan kosmosun, dünya əqlinin, ilahinin, mütləq ruhun ciddi determinasiya edilmiş sistemində mövcud olan bir varlıq kimi özünü göstərir. Onun real təbiəti zəruri olaraq fatalist xarakter daşıyır. Sosial–tarixi qanunauyğunluqları yaradır. Bununla yanaşı mahiyyətcə öz–özlüyündən varlığın öyrənilməsi deyil, onun faktiki möcudluğunun qanunları deyil, varlığın özünün mənasının izahı və aydınlaşdırılması təklif olunur. Belə bir fikir irəli sürülür ki, sırf subyektivlik hər cür obyektivliyin fəaliyyət göstərən əsasıdır, insanın əsl varlığı rolunda isə onun yaradıcılıq fəaliyyəti çıxış edir. Bu fəaliyyətin çıxış məqamı insan fəallığının məzmununu müəyyən edən dünyasıdır. İnsan dünyaya özünün həqiqiliyini əldə etməyə kömək göstərən, qarşısına qoyduğu vəzifələrin həyata keçməsinə yardım edən bir vasitə kimi münasibət bəsləyir. Nəticədə insan mənəvi və s. dəyərlərin məcmusu kimi dünyanı yaradır. Çünki bunsuz onun həyatının mənası, demək olar ki, yoxdur.

Fəlsəfi antropoloqlar

[redaktə | mənbəni redaktə et]

Öz fikirləri, müddəaları və prinsiplərinə görə fəlsəfi antropologiya cərəyanının nümayəndələri fizikalistlərə, sosiobioloqlara və strukturalistlərə bölünür.

Birincilərin baxışlarının əsasını dünyanın fizika mənzərəsi, fiziki inkişaf qanunlarının dərk edilməsinə oriyentasiya təşkil edir (U.Kuayn, C.C.Smart, C.Armstronq). Sosiobioloq­lar insanın davranışı haqqında təsəvvürləri bioloji qanunlarla əlaqələndirirlər (K.Lorens, Vilson, R.Qrivers, R.Aleksander). Struk­turalistlərin fikrincə, həqiqi mənada tarix yoxdur. İctimai həyat və insanın özü müvafiq bütövlüyün ancaq konkret ifadəsidi. Ona görə də insan azadlığı yoxdur. Bu azadlıq rol və funksiyalarla əvəz olunmuşdur (K. Levi–Stross, M.Fuk, J.Derrida). 1970–ci illərdə fəlsəfi antropologiya problematikasının dəyişilməsi müşahidə edilir. Bu da özlüyündə insanın fəlsəfi–antropoloji izahının konkret elmi bazasının genişləndirilməsi ilə əlaqədar idi.

İnsan təbiətinin təbii–elmi təhlilinin dairəsinə ruh və mədəniyyət haqqında elmlər də cəlb edilir. Daha doğrusu "yeni antropologiya" haqqında söhbət başlanır. Bu dalğanın nümayəndələri M.Şeler və Q.Plesner idi. M.Şeler "İnsanın kosmosda vəziyyəti" əsərində (1828) fəlsəfi antropologiyanın mahiyyəti haqqında əsas elm kimi təqdim edir. Bu elm insanın varlığını bütövlükdə, müxtəlif sahələri ilə birlikdə konkret elmi və praktiki cəhətdən öyrənilməsini birləşdirməlidir. Q.Plesnerin "Üzviliyin pillələri və insan" (1928) adlı böyük əsərində insanın mahiyyətinin bəzi aspektləri heyvanlar və bitkilər aləminə münasibət baxımından araşdırılmışdır.

Fəlsəfi antropologiya üçün başlıca vəzifə insan idrakının, fəaliyyətinin və etiqadının predmetinə yeni traktovka ilə yanaşmaqdır. Müasir şəraitdə vacib olan odur ki, biz necə dərk edirik, necə fəaliyyət göstərir və necə etiqad edirik.

Tədqiqat obyekti

[redaktə | mənbəni redaktə et]

Fəlsəfi antropologiya emosiya, instinkt, ehtiras sahələrini tədqiq etməyə cəhd edir, insanın daxili aləmindəki bu cəhətləri mütləqləşdirir, zehni (intellektual) başlanğıcın rolunu kiçildir.

  1. 1 2 Məcidova, Nərgiz. "Müasir fəlsəfi-antropoloji konsepsiyaların komparativ təhlili" (PDF). Metafizika Jurnalı (rus). 5 (4). 2022-12-15: 22–37. eISSN 2617-751X. ISSN 2616-6879. OCLC 1117709579. 2023-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-15.