Fərhad Məmməd oğlu Məmmədov (2 iyul 1981, Bakı) — Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru.
Fərhad Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 iyul 1981 (43 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Məmmədov Fərhad Məmməd oğlu 2 iyun 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə 53 nömrəli məktəbi fərqlənmə attestatı ilə bitirmiş, Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 2001-ci ildə bakalavr pilləsini, 2003-cü ildə isə Tarix fakültəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Təhsil müddətində XX-ci əsrin 20–50-ci illərində Azərbaycan SSRİ-də sosial-siyasi proseslər mövzusunda 2 buraxılış işi yazmışdır.
Rus və ingilis dillərini bilir. Evlidir.
2003-cü ilin dekabrında AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantura pilləsinə daxil olmuş və 2006-cı ildə oranı müvəffəqiyyətlə bitirmişdir. "Qloballaşmanın mənəvi etik əsasları və onların Azərbaycan fəlsəfə və etikasında dərki" mövzusunda elmi işinin müdafiəsini hazırlamışdır. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Təhsil, ictimai fəaliyyət və dövlət qulluğu ərzində 20 elmi və 130-a qədər publisist məqalələr dərc etmişdir. Azərbaycan və ingilis dillərində çap edilmiş "Azərbaycanda siyasi partiyalar: seçkidən seçkiyə" kitabının həmmüəllifidir.
Fərhad Məmmədov 2003-cü ilədək Azərbaycan Milli İstiqlal Partiyası üzvü olmuşdur.[1] İşgüzar karyerası 2000-ci ildən etibarən "İmpuls" konsaltinq qrupundan başlamışdır. Vəzifəsi siyasi və sosioloji araşdırmaların və yerli seçkiqabağı kompaniyaların təşkilindən ibarət olmuşdur. 2001– 2003-cü illərdə "Xəzər-3" MMC-də xarici əlaqələr üzrə menecer vəzifəsində işləmişdir.
2004-cü il Milli Strateji Təşəbbüs Mərkəzi qeyri-hökumət təşkilatının təsisçisi və icraçı direktoru olmuşdur. Milli Strateji Təşəbbüs Mərkəzində fəaliyyəti zamanı Azərbaycanın siyasi strukturları arasında debatlar təşkil etmiş, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş İnternet resursu yaratmış, Azərbaycanın siyasi həyatında baş verən aktual mövzularda televiziya debatlarının təşkilində iştirak etmişdir.
2005-ci ildə yaranmış Ümumrespublika Gənclər Hərəkatı "İRƏLİ" İctimai Birliyinin 6 təsisçisindən biri olmuşdur. 2007-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müşaviri vəzifəsinə dəvət almışdır.
8 fevral 2008-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və İnformasiya təminatı şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində işləmişdir. 2011-ci il 1 iyun tarixindən həmin şöbənin Analitik təhlil və proqnozlaşdırma sektorunun müdiri vəzifəsinə təyin olunmuşdur.
İlham Əliyevin 2012-ci il 31 may tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru təyin olunmuşdur[2].
Azərbaycan Prezidenti İlham Əliyevin 14 yanvar 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilmişdir.