Fərrux bəy Əlikişi oğlu Ağakişibəyov (1879, Şuşa – 1956, Bakı) — Azərbaycanın əməkdar həkimi (1942), Ağdam MRX-nin həkim-terapevti.
Fərrux bəy Ağakişibəyov | |
---|---|
Fərrux bəy Əlikişi oğlu Ağakişibəyov | |
Doğum tarixi | 1879 |
Doğum yeri | |
Vəfat tarixi | 1956 |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | həkim |
Fərrux bəy Əlikişi oğlu Ağakişibəyov 1879-cu ildə Şuşa qəzasının Pərioğlular (indiki Ağdam rayonunun Pərioğlular kəndi) kəndində anadan olmuşdur. 1899-cu ildə İrəvan Müəllimlər Seminariyasını bitirmişdir.[1]
Fərruxbəy Ağakişibəyov Zəngəzur qəzasının Lənbəran, Qarıqışlaq, Minkənd kənd məktəblərində, Gəncə şəhər məktəbində dərs demişdir.
Fərruxbəy Ağakişibəyov 1909–1914 illərdə Odessa Universitetinin tibb fakültəsində ali təhsil almışdır.[2] Odessa qəzasında həkim, Odessa-Poltava cəbhəsində həkim işləmişdir. 1915-ci ildə Odessa cərrahi qospitalına ordinator qəbul edilmişdir.
Fərrux bəy Ağakişibəyov 1918-ci ildə Azərbaycana qayıtmış, Vətənində adlı-sanlı cərrah olaraq tanınmışdır. Ağdamda həkim işləmək istəsə də, orada xəstəxana olmadığından Şuşa xəstəxanasında cərrah işləmişdir. Azərbaycan müstəqilliyini itirdikdən sonra 1920-ci ildə Şuşa səhiyyə şöbəsinin müdiri işləmişdir.
Fərrux bəy Ağakişibəyovun təşkilatçılığı ilə 1922-ci ildə Ağdamda xəstəxana, ambulatoriya yaradılmış, əhaliyə cərrahi yardımın təməli qoyulmuşdur. Onun təşəbbüsü ilə 1925-ci ildə Ağdamda üçkorpuslu xəstəxana və yardımçı binalar tikilmişdir. Ağdamda tibb məktəbinin 1936-cı ildə yaranması Fərrux bəy Ağakişibəyovun adı ilə bağlıdır. O, 1941–1945 illərdə Ağdam hərbi komissarlığı tibb komissiyasının sədri olmuşdur.
Fərrux bəy Ağakişibəyov 1925-ci ildə sahə həkimlərinin Moskvada keçirilən birinci Ümumittifaq qurultayına nümayəndə seçilmişdir. Ona 1942-ci ildə Azərbaycan SSR-nin əməkdar həkimi fəxri adı verilmişdir.
Fərrux bəy Ağakişibəyov 1956-cı ildə Bakıda vəfat etmişdir.[3]