Fəthi Xoşginabi

Xoşginabi Fəthi Həmzə oğlu (22 mart 1922, Xoşginab — 1989, Moskva) — yazıçı.[1][2]

Fəthi Xoşginabi
Doğum tarixi
Doğum yeri İran, Xoşginab
Vəfat tarixi
Vəfat yeri Rusiya, Moskva
Dəfn yeri Azərbaycan, Bakı
Atası Həmzə Əli Xoşginabi
Fəaliyyəti yazıçı
Janr realist üslub

Fəthi Xoşginabi 22 mart 1922-ci ildə Cənubi Azərbaycanın Xoşginab kəndində anadan olub[3]. İlk təhsilini elə doğulduğu kənddəki mədrəsədə alan Xoşginabi məktəbdə cəmi bir il təhsil ala bilmişdir. O, ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, işləmək üçün İranın bəzi şəhərkəndlərinə gedərək orada fəhləlik etmişdir.[1][2]

Fəthi Xoşginabi XX əsrin 40-cı illərində siyasi hərəkata qoşulmuşdur. Yazıçı 1946-cı il dekabrın 12-də siyasi mühacir kimi Sovet Azərbaycanına gəlmişdir. O, 1946–1956-cı illərdə dövlətin rəsmi mətbuat orqanı olan "Azərbaycan" qəzeti redaksiyasında ədəbi işçi, məsul redaktor kimi işləmişdir.[1][2]

Eyni zamanda Xoşginabi 1967–1969-cu illərdə Tacikistan Maarif Nazirliyində məmur, SSRİ EA Şərqşünaslıq İnstitutunda böyük elmi işçi vəzifələrində çalışmışdır. 1956–1958-ci illərdə Moskvada ali ədəbiyyat kursunu bitirmişdir. 1961–1964-cü illərdə Bolqarıstanın Sofiya şəhərində ideoloji işdə çalışmışdır.[1][2]

Fəthi Xoşginabi 1964–1967-ci illərdə İctimai Elmlər Akademiyasının aspiranturasını bitirmişdir. Yazıçı 1979-cu il İran inqilabından sonra Təbrizə köçərək, orada Azərbaycann şairlər və yazıçılar cəmiyyətini yaratmış və 1979–1980-ci illərdə onun sədri kimi fəaliyyət göstərmişdir. Xoşginabi həmin cəmiyyətin orqanı kimi "Ülkər" dərgisini təsis etmişdir. Bir il sonra təkrar Moskvaya dönərək ömrünün sonuna qədər burada yaşamışdır.[1][2]

Ədəbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Fəthi Xoşginabi ədəbi fəaliyyətə orta məktəb illərində, on beş yaşında ikən fars dilində yazdığı miniatür şeirlər və nəsr əsərləri ilə başlamışdır. Onun əsərləri Cənubi Azərbaycanın həyatından bəhs edir. 1941-ci ildən etibarən yazıçının şeir, hekayə və məqalələri mütəmadi olaraq mətbuat orqanlarında işıq üzü görmüşdür. Xoşginabi 1945-ci ildən sonra Azərbaycan türkcəsində yazıb-yaratmışdır. O, eyni zamanda, tərcümə fəaliyyəti ilə də məşğul olmuşdur.[1][2]

Fəthi Xoşginabinin yaradıcılığında 1945–1946-cı illərdəki Milli demokratik hərəkatı yeni bir mərhələnin başlanğıcı olmuşdur. Kəskin siyasi, ictimai mövzulu məqalələri, satirik şeir və yazıları bu dövrün məhsuludur. "Zeynəb", "Züleyxa", "Məsum və Məsumə", "Mehri", "İbrahim" kimi hekayələri, ilk irihəcmli əsəri olan "Eşq və müharibə" povesti də bu illərin yeni tərz, realist və demokratik ruhlu bədii nəsrinin və ədəbi-populist nəsrin təməlini təşkil etmişdir.[1][2]

Fəthi Xoşginabi siyasi mühacirətdə olduğu zaman yazıçı kimi fəaliyyətinə Quzey Azərbaycanda davam etmişdir. "Ata" (1959), "İki qardaş" (1959), romanları və "İki dost" (1951), "Son bayraqdar" (1956), "Hekayələr" (1956), "Məhəbbət və nifrət" (1965) adlı hekayələrdən ibarət kitabları bu dövrdə nəşr edilmişdir.[1][2]

Xoşginabi mühacirət illərində dram əsərlərinin müəllifi kimi də şöhrət qazanmışdır. Onun farsca yazdığı "Siyavuş", "Bijen və Menijə" adlı pyesləri Tacikistanda Düşənbə teatrlarının səhnələrində uğurla səhnələşdirilmişdir.[1][2]

Fəthi Xoşginabi 1989-cu ildə Moskvada vəfat etmiş, Bakıda dəfn edilmişdir.[1][2]

  1. 1 2 3 4 5 6 7 8 9 10 Vaqif Sultanlı, İrəc İsmayıl. "Güney Azərbaycan nəsri" (PDF) (Azərbaycan). anl.az. 30.10. 2017 tarixində arxivləşdirilib (PDF).
  2. 1 2 3 4 5 6 7 8 9 10 "Əlamətdar və tarixi günlər təqvimi" (PDF) (Azərbaycan). anl.az. 25.12.2020 tarixində arxivləşdirilib (PDF).
  3. Cənubi Azərbaycan Ədəbiyyati Antologiyası. III. Bakı: Elm nəşriyyatı. 1988. səh. 439. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]