FDR magistralı (ing. FDR Drive, rəsmi şəkildə: Franklin D. Roosevelt East River Drive) — Nyu-York şəhərinin Manhetten borosunun şərqində yerləşən avtomobil yolu. Magistral yolun uzunluğu 15,19 km-dir. Yol Saut və Brod küçələrində olan Beterri Park tunelindən başlayır, İst River boğazının sahil xətti boyunca uzanır və Harlem River Drayv magistralına keçərək 125-ci küçədəki Trayboro körpüsü tərəfində bitir.
Avtomobil yolu | |
Franklin D. Roosevelt East River Drive | |
---|---|
Ölkə | ABŞ |
Region | |
Yol nömrəsi | FDR |
Uzunluğu | 15,19 km |
Başlayır | NY 9A / Vest Sayd Hayvey, Betteri Park |
Bitir | Harlem River Drayv, Trayboro körpüsü |
Örtüyü | asfalt |
İstismara verilib | 1955 |
İstismarçı | NYSDOT, NYCDOT |
Vikianbarda əlaqəli mediafayllar |
Magistral hər istiqamətdə üç zolaqdan ibarətdir, Bruklin körpüsünün altındakı kiçik bir hissə istisna olmaqla, orada o, cənubdan iki və şimaldan bir zolağa qədər daralır, eyni hal həmçinin Kuinsboro körpüsü ilə 61-ci küçə arasındakı hissədə yaranır, orda da iki zolağa qədər daralır. Maşınların maksimal kütləsi 23-cü küçədən Harlem River Drayva qədər olan ərazidə 3600 kq ilə məhdudlaşır. Ayrıca bu yolda avtobus hərəkəti qadağan olunub. Magistral boyunca kommersiya nəqliyyatı (yükdaşıma daxil olmaqla) qadağandır[1].
Magistral əvvəlcə İst River Drayv (ing. East River Drive) adlanırdı. Sonradan ABŞ prezidenti Franklin Delano Ruzveltin şərəfinə adlandırıldı[2]. Magistral yolun layihəsi Robert Mozes tərəfindən tərtib edilmişdir. 1934-cü ildə çəkilmiş 92 ilə 125-ci küçələr arasındakı yol sahənin təməlini qoydu. 92-ci küçə ilə Beterri Park arasındakı hissə (42-ci və 49-cu küçələr arasındakı hissə istisna olmaqla) isə qalan küçələr ilə eyni səviyyədə bir prospekt olaraq quruldu. 1966-cı ilə qədər magistral müasir görkəmini alana qədər müxtəlif yenidənqurmalardan keçirdi[3]. 23-cü və 34-cü küçələr arasındakı hissə, II Dünya Müharibəsi illərində Böyük Britaniyadan gəmilərlə gətirilən daş hörgüsü üzərində quruldu. İngilis şəhərləri Lüftvaffe tərəfindən ağır şəkildə bombardman edilirdilər və Britaniyaya silah-sursat verən Amerika gəmiləri qayıdarkən ballast kimi dağıdılmış evlərin daş hörgüləri ilə yüklənirdilər[4][5].