Farneze saat kitabı (it. Libro d'ore Farnese, ing. The Farnese Hours) — Romada intibah rəssamı Culio Klovio tərəfindən kardinal Alessandro Farneze üçün hazırlanmış miniatürlü əlyazmadır. Vazarinin sözlərinə görə, kitabın hazırlanmasına rəssam doqquz il sərf etmişdir. Neopolitan muzeyində saxlanan kitab, 1903-cü ildə C.P. Moqran tərəfindən alınmışdır.[2]
Farneze saat kitabı | ||
---|---|---|
| ||
Rəssam | Culio Klovio | |
Tarixi | 1546 | |
Texnikası | yağlı boya | |
Ölçüləri | 173 mm[1] × 103 mm[1] | |
Saxlanıldığı yer | Morqan kitabxanası və muzeyi | |
Saytı | themorgan.org/manuscript… | |
İnventar nömrəsi | MS M.69[1] | |
Vikianbarda əlaqəli mediafayllar |
Əlyazma, kitab miniatürü incəsənətinin ən son nümunələrindən biri olmaqla, intibah dövrünün ən məşhur müvafiq sənət əsəridir.[3] Kitabın unikallığı ondadır ki, o, orta əsrlər yox, manyerizm dövrünə aiddir və kitab nəşri dövründə hazırlandığına görə, faktiki olaraq anaxronizmdir.
Əlyazmanın müəllifi olan Culio Klovio, 1530-cu illərin sonlarından kardinalın xidmətində olmuş və növbəti qırx il ərzində yalnız onun üçün çalışmışdır. XVI əsrin ortalarında, əsərin sifarişçisi Alessandro Farneze ən böyük sənət kolleksiyaçısı və messenat olmuşdur.
Əlyazma kardinal Farnezenin vəsiyyətnaməsində ayrıca qeyd edilmiş iki sənət əsərindən biridir: o, əlyazmanın həmişə ailədə saxlanmasını və heç vaxt Farneze sarayından çıxarılmamasını istəmişdir. 1731-ci ildə sülalənin başa çatmasına kimi, əlyazma Farneze ailəsinə aid olmuş, daha sonra isə Neapolun yeni hakimləri və Farnezelərin qadın xətti ilə varisləri olan ispan (Siciliya) Burbonlarının əlinə keçmişdir.
Kardinal Alessandro Farnezedən sonra əlyazma, onun nəvəsi, kardinal Odoardo Farnezeyə, daha sonra isə, Odoardo Farneze adlı Parma hersoquna məxsus olmuşdur. Vərasətin birinci şərtini pozmuş (əlyazmanı Farneze sarayından Parmaya, hersoq qalereyası kabinetinə gətirmişdi) VII Parma hersoqu Françesko Farnezenin XVII əsrdə ölməsindən sonra, kitab, İspaniya kralı V Filippin kraliçası İzabella Farnezenin əlinə keçmişdir; anasından əlyazmanı miras alan İspaniya kralı III Karlos, əlyazmanı, Hər iki Siciliyanın kralı olan üçüncü oğlu I Ferdinanda bağışlamışdır. Daha sonra, kitab Siciliya kralı I Fransisk və qovularaq taxtını itirmiş son Siciliya kralı II Fransisk əldə etmişdir.
Onun varisi və qardaşı Alfons de Burbon, kitabı, Vyanada, məşhur ABŞ milyonçusu C.P.Morqanın “J.&S.Goldschmidt” adlı Frankfurt firmasına, 1903-cü ildə £22,500[4] qiymətinə satmış, bundan sonra, Nyu-Yorka gətirilmiş əlyazma Morqan tərəfindən əsası qoyulmuş kitabxana və muzeyin kolleksiyasına qatılmışdır.
Əlyazma 114 səhifədən ibarətdir və latın dilində yazılmışdır. 37 səhifə kiçik təsvirlərlə bəzədilmiş mətnli, 26 səhifə isə mətnsiz böyük miniatürlərə malikdir.
26 böyük miniatür, intibah və manyerist elementlərinin unikal kamilliyini nümayiş etdirir. Rəssam incə qızılı element və parlaq rənglərdən istifadə etmişdir. Bütün miniatürlər oxşar tipologiya üzrə işlənmiş, Əhdi-Ətiqdən olan səhnə Əhdi-Cədiddən olan səhnə ilə üzbəüz yerləşdirilmişdir. Səhnələr, çılpaq fiqurlar, rənglər və maskalarla bəzədilmiş zəngin memarlıq səkiləri ilə çərçivələnmişdir.
Saat kitabının 37 yazılı səhnəsi landşaft ornamentləri və təsvirləri, natrümotlar və portretlər, həmçinin qrotesklərlə bəzədilmişdir. Əlyazmanın kalliqrafik mətni, kardinalın atası[4] Pyer Luici Farnezenin katibi Françesko Monterçi tərəfindən kursiv cancelleresca formata şrifti ilə yazılmışdır.
Orta əsr əlyazmalarına xas olan səhifə sıralamasından fərqli olaraq, Farneze saat kitabında mətn və illüstrasiyalar bir-biri ilə birbaşa əlaqəli deyildir. Əksinə, miniatürlər öz çərçivələrində ayrıca rəsmlər kimi şərh edilirlər. Ehtimal ki, əlyazma üzərində işləyən Klovio, Mikelancelo və Rafaelin yaradıcılığından ilhamlanmış, buna görə də onun əlyazmada çəkdiyi çılpaq fiqurlar, Mikelancelonun Sikstin kapellasında çəkdiyi çılpaq fiqurları xatırladır. Klovionun yaradıcılıq üslubu isə, Culio Romanodan təsirlənməklə, daha çox Parmicaninonun manerasına yaxındır.
Klovionun əlyazma üzərində işə başlamazdan əvvəl çəkdiyi, hazırlıq xarakterli, qrafik təsvirli bir neçə səhifə də dövrümüzə çatmışdır.[5]
Saat kitabı Klovionun şah əsəri hesab edilir. Öz miniatürləri ilə ustadlığın zirvəsinə yüksəlmiş Klovio, müasirləri tərəfindən “yeni Mikelancelo” və “miniatürün Rafaeli” adlandırılmışdır.
Əlyazma tamamlandıqdan sonra yüksək qiymətləndirilmişdir. Vazari əlyazmadan bəhs edərkən, onun Romanın şah əsərlərindən biri olduğunu qeyd edir və bildirir ki, Klovio əsəri görmək istəyənlərə göstərərək, ahıl yaşında zövq alır. Bundan başqa, Vazari əlyazmanın nəinki insani, daha çox ilahi əsər olmasını (che ella pare cosa divina e non umana) qeyd edir.
Sonrakı illərdə, əsas əsərləri şəxsi kolleksiyalarda saxlanan və ictimai baxış üçün açıq olmayan Klovionun özü kimi, əlyazmanın da aqibəti məşhurluqdan uzaq olmuşdur.