Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Faruq Nafiz Çamlıbel (18 may 1898, İstanbul – 8 noyabr 1973, İstanbul) — türk şair, siyasətçi və müəllim. Beş hecaçılar ədəbi cərəyanına mənsub olan şairlərdən biri. TBMM-də VIII, IX, X və XI çağırış İstanbul millət vəkili olaraq fəaliyyət göstərmiş bir siyasətçi. Ən məşhur əsəri "Xan divarları" adlı şeiri olmuşdur.
Faruq Nafiz Çamlıbel | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 may 1898 |
Doğum yeri | |
Vəfat tarixi | 8 noyabr 1973 (75 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | şair, ssenarist, siyasətçi |
Faruq Nafiz Çamlıbel 18 may 1898-ci ildə İstanbulda anadan olub. Atası Süleyman Nazif bəy, anası Fatma Ruhiyə xanım olmuşdur.[1] İbtidai və orta təhsilini Bakırköy Rüşdiyyəsi ilə Hadika məşvərət orta məktəbində alıb.
Faruq Nafiz Çamlıbel şeirə uşaq yaşlarında başlayıb. Yazıçının dediyinə əsasən, ilk şeiri olan "Saat" 1914-cü ildə "Uşaq dünyası" adlı jurnalda çap olunub. Faruq Nafizin ədəbiyyat aləmində tanınması Cəlal Nurinin çıxardığı "Ədəbiyyati-ümumiyyə" məcmuəsində çap olunan əruzla yazdığı "Şərqin sultanları" şeirilə başlanmışdır. Ankara və İstanbulda müəllimlik etdiyi ərəfədə müxtəlif jurnal və qəzetlərdə şeirlər, lətifələr çap etdirdi. Yumoristik jurnallarda "Dəli ozan" və "Bacarıqsız" ləqəbləri ilə yumoristik mənzumələr yazdı.[1] 1924-cü ildə "Çoban çeşməsi", 1928-ci ildə "Suda halqalar" adlı kitabları nəşr olundu.
Faruq Nafiz Çamlıbel ilk şeirlərini əruz vəznində yazıb. Cənap Şəhabəddin və xüsusilə Yəhya Kamalın təsirində olub. Əruz vəznində yazdığı şeirlərini 1918-ci ildə "Şərqin sultanları", 1919-cu ildə "Dinlə neydən" və "Könüldən könülə" adlı kitablarında cəmlədi.[2] Daha sonra ərzu vəznindən uzaqlaşaraq heca vəznində yazmağa, tük dilinin xarici sözlərdən təmizlənməsi fikrini mənimsədi. Faruq Nafizin dili yalın bir türkcəyə, xalqın danışıq dilinə, türk millətinin əsrlər boyu işlədiyi, bütün duyğu və düşüncələri ən incə təfsilatına qədər ifadə edə bilən şəklə saldığı saf bir türkcəyə dayanır. Sənətində hansı dili işlətdiyini "Ana dili" adlı bir dördlüyündə belə dilə gətirir:
Hansı sözlərlə nənəm könlünü açmışsa mənə,
Mən o sözlərlə könül vermədəyəm sevgilimə.
Sözlərim ninni qədər duyğulu olmaq yaraşır,
Bağlıdır çünki dilim könlümə, könlüm dilimə.
Milli ədəbiyyatın formalaşması və inkişafını özünə missiya olaraq seçdi. Beləliklə, Ənis Behiş Koryürək, Xalid Fəxri Ozansoy, Yusif Ziya Ortaç və Orxan Seyfi Orxon ilə birlikdə türk ədəbiyyat tarixində "Beş hecaçılar" cərəyanını formalaşdırdı. Şeirlərində əsas mövzular: sevgi, həsrət, təbiət, ölüm, qəhrəmanlıqdır. 1918–1930-cu illər arasında ədəbiyyat yeganə güclü sevgi şairi olaraq tanınmışdır. Romantik və realist mövzular, eyni zamanda həyatla əlaqəli şeirləri ilə məşhur olmuşdur. Şeirlə yanaşı, sosial gerçəkliyi özündə əks etdirən pyeslər də yazıb. 1933-cü ildə Kayseri liseyində şagirdi Behçet Kamal ilə birlikdə yazdığı sözlərə Camal Rəşid bəy tərəfindən musiqi bəstələndi. Onuncu il şənlikləri üçün təşkil olunan himn yarışmasının qalibi oldu. Yazarın yeganə romanı 1936-cı ildə nəşr olunan "Ulduz yağışı" oldu. Bu romanda şair Şükufə Nihal xanıma sevgisini izhar etdiyi düşünülür.
Faruq Nafiz Çamlıbel bir müddət tibbdə oxuduqdan sonra oradan məzun olmadan ayrıldı və jurnalistikaya başladı. O, 1917–1918-ci illərdə "Ati" qəzetində fəaliyyətə başladı. 1922-ci ildə qəzetin əməkdaşı olaraq Ankaraya getdi. 1922-ci ildə Kayseri məktəbinə ədəbiyyat müəllimi olaraq təyin olundu. Kayseriyə etdiyi səyahəti "Xan divarları" adlı şeirində əks etdirdi. O, şeiri Osmanzadə Həmdi bəyə ithaf edib. Kayseridə qaldığı iki il müddətində Türkiyə İstiqlaliyyət müharibəsinin atmosferini çox yaxından hiss etdi. Gələcəyin məşhur şairi Behçet Kamal onun Kayseri məktəbində şagirdi olub. Şair Kayseri məktəbinin himnini də yazıb.
Faruq Nafiz Çamlıbel 1924-cü ildə Ankara oğlan müəllim məktəbində ədəbiyyat müəllimi kimi fəaliyyət göstərməyə başladı. Daha sonra Ankara qız məktəbində müəllimlik etdi. Ankara qız məktəbi himninin sözlərini yazdı. 1932-ci ilə qədər yaşadığı Ankarada respublikanın qurulmasının şahidi oldu. 1928-ci ildə Təhsil naziri Mustafa Necatinin rəhbərliyi altında "Şərq vilayətlərini tədqiq heyəti"ndə iştirak edərək Sivas, Ərzincan, Gümüşxanə, Trabzon, Ərzurum vilayətlərini və dönüşdə Kastamonu gördü. Bu səfər onun ədəb həyatında dönüş nöqtəsi oldu. Vətənpərvərlik mövzusunda şeirlər yazmağa başladı.
1932–1946-cı illərdə İstanbulda ədəbiyyat müəllimi kimi fəaliyyət göstərməyə başladı. Vəfa, Kabataş liseyi və Amerika qız kollecində dərs dedi. 1933-cü ildə Onuncu il himninin sözlərini Behçet Kamal Çağlar ilə birlikdə yazdı.
Faruq Nafiz Çamlıbel 1946-cı ildə siyasətlə məşğul olmağa başladı və 1946-cı ildən 27 may 1960-cı ilə qədər Demokrat Partiya İstanbul millət vəkili olaraq TBMM-də fəaliyyət göstərdi. 27 may 1960-cı il inqilabının ardından bütün millət vəkillər ilə birlikdə bir müddət Yassıadada, daha sonra da Cəlal Bayar və digər Demokrat Partiya millət vəkilləri ilə birlikdə Kayseri Qapalı Həbsxanasında həbs edildi. On altı ay sonra bəraət qazanaraq azad oldu.[3]
Azadlığa çıxdıqdan sonra yenidən siyasətlə məşğul olmaq istəmədi. Ömrünün son illərini Arnavutköydəki evində keçirdi. Yassıadada dostları ilə birlikdə yaşadığı təzyiqi "Zindan divarları" adlı bir şeirdə əks etdirdi və şeiri kitab olaraq çap etdirdi.
1931-ci ildə Ankara qız məktəbində coğrafiyadan dərs deyən Əzizə xanımla evləndi. Şairin İsmət və Yəliz adlı iki övladı dünyaya gəldi.[2]
Həyat yoldaşının qəfil ölümündən sonra Aralıq dənizinə səfəri ərəfəsində Samsun gəmisində 8 noyabr 1973-cü ildə vəfat etdi. Cənazəsi 11 noyabr 1973-cü ildə Zəncirliquyu qəbiristanlığında dəfn olundu. Müəllimlik etdiyi Kabataş liseyində 2005-ci ildə Faruk Nafiz Çamlıbel adına bir muzey fəalliyyətə başlayıb.[4]