Fasiya

Fasiya anlayışını geoloji ədəbiyyata ilk dəfə İsveçrə alimi Qressli daxil etmişdir. O, 1846-cı ildə İsveçrənin Yura dağları yamacı boyunca geoloji tədqiqat apararkən eyni yaşlı çöküntülərin öz litoloji tərkiblərini kəskin dəyişdiklərini müşahidə etmişdir. Daha sonra Qressli Portland çöküntülərində müəyyənləşdirdiyi onurğasızların asossasiyası Aralıq dənizinin müasir çöküntülərində də müşahidə etmişdir.

O, həmin tədqiqatlara əsaslanıb eyni yaşlı suxurların sahə boyunca dəyişməsini "eyni horizontun petroqrafik modifikasiyası" adlandırmış, sonra bu anlayışı yığcam şəkildə ifadə edərək, "fasiya" sözü ilə əvəz etmişdi. Latınca Fasiya (facies) üz deməkdir.

"Fasiya" – eyni stratiqrafik, intervalda olan, lakin fiziki- coğrafi əmələgəlmə şəraitlərinə və tərkiblərinə görə bir- birindən ayrılan çöküntü kompleksinə deyilir.

Geoloji ədəbiyyatda fasiyanın aşağıdakı növlərinə, modifikasiyalarına rast gəlinir:

1. Litofasiya 2. ümumi geoloji fasiya 3. Mineroloji fasiya 4. Paleontoloji fasiya 5. Geokimyəvi fasiya

Bunlardan geniş istifadə olunan litoloji və geokimyəvi fasiyalardır.

Litoloji fasiyadan ən çox neftçilər istifadə edir.

Eyni yaşlı suxur qatının müəyyən sahədə dəyişməsi "litofasiya" adlanır. Fasiyanın əmələ gəlməsi fiziki-coğrafi şəraitdən aslıdır. Fiziki-coğrafi şəraitin dəyişməsi hər şeydən əvvəl yer qabığını rəqsi və orogenetik hərəkətləri nəticəsində baş verir. Rəqsi hərəkətlər nəticəsində denudasiya sahələri qalxır, akkumulyasiya sahələri isə enir. Beləliklə, dənizlər yavaş-yavaş quru sahəsini basır, yaxud əksinə, dənizlərin sahəsi dağlıq zonalara çevrilir. Dənizin quruya soxulması nəticəsində litoral fasiya sahələri nerit sahələrə çevrilir. Əgər dənizin qurunu basması güclənərsə, nerit zona batial zonaya çevrilir və nəticədə fasiya dəyişir, miqrasiya edir. Bütün dəyişmələrin əsas səbəbi tektonik hərəkətlərdir. Fasiyanın tektonik hərəkətlərlə əlaqəsini ilk dəfə prof. N. A. Qolovkinski qrafiki şəkildə göstərmişdir. Dəniz səviyyəsinin dəyişməsi nəticəsində fasiya miqrasiya edir, yəni kobud dənəli qravelitli çöküntülər tədricən qumlar və gillərlə əvəz olunur.

Fasiyanın zaman daxilində dəyişməsində başqa amillər də müəyyən rol oynayır. Ancaq tektonik hərəkətlərin rolu burada daha kəskindir. Bəzi hallarda layların növbələşməsində tektonikaya nisbətən iqlimin rolu daha böyükdür. Moskva sineklizi Karbon çöküntülərinin quruluşu V. Xvorova tərəfindən müxtəlif üsullarla hərtərəfli öyrənilmişdir. Kəsilişin əsasından üst hissəsinə getdikcə qumdaşı layları əhəngdaşı layları ilə əvəz olunur. Bunun səbəbi tektonik hərəkətlər yox məhz denudasiya sahəsinin şiddətli yuyulması, peneplenləşməsidir. Bu səbəbdən sedimentasiya hövzəsinə terrigen çöküntüləri az gətirildiyindən hemogen prosesi çöküntü əmələ gəlməsində əsas rol oynamış və hövzədə ancaq hemogen əhəngdaşlaı əmələ gəlmişdir. Odur ki, fasiyanın dəyişməsində bəzən tektonika ikinci dərəcəli əhəmiyyət kəsb edir, yəni denudasiya və akkumulyasiya prosesində əsas rolu iqlim və relyef oynayır.

Fasiyanin dəyişməsində tektonikanın rolu böyükdür. Digər tərəfdən litoloqlar tədqiqqatlar nəticəsində aşkar etmişlərki, qədim çöküntülərin kəsilişinde fasiyanin zaman daxilində dəyişməsi dövrü xarakter daşıyır. Bu dövrü və ritmik laylanma kömürlü qatların kəsilişində özünü daha aydin göstərir. Kömürlü qatların ayrı-ayrı ritmlərdən təşkil olunduğunu ilk dəfə amerikan litoloqu Ueller aşkara çıxarmıs, onun tektonika ilə əlaqəsini sübut etmişdir. Ueller Appalaca dağlarında və Pensilvaniyada kömürlü qatları öyrənərkən göstərmişdir ki, onları təşkil edən ritmlərin aşağı hissəsi kobuddənəli qravelitlərdən qumdaşılardan təşkil olunur, sonra onlar alevritli gillərə keçir, daha sonra üzərlərinə kömür qatları yatır. Ritmin yuxarı hissəsini dəniz faynası ilə zengin giller və əhəngdaşılar teəşkil edir. Sonradan bu təsvir etdiyimiz ardıcıllıq kömürlü qatların kəsilişində bir neçə dəfə təkrar olunur.

SSRİ-də ritmik laylanma nəzəriyyəsini bir sıra litoloqlar, o cümlədən J. A. Jemcujnikov, L. N. Botvinkina, P. P. Timofeyev, A. B. Jablokov kömürlü hövzələrin quruluşunun izahında inkişaf etdirmişlər. Donetskin Karbon yaşlı kömürlü qatları ən xarakter ritmik quruluşa malikdir. J. A. Jemcujnikov burada 250 ritm ve onların içərisinde 60 senaye əhəmiyyətli kömür layı təsvir etmişdir. Bundan başqa, M. C. Svedsov Moskvaalti kömür hissəsinde ilk dəfə bir sıra ritmik quruluşa malik laylar tedqiq etmisdir.

Daha sonra Pecorada, Uralda, Qazağıstanda, Kuznetskdə bütün kömürlü qatların ritmik quruluşa malik olduğu təsdiq edilmişdir. Kömürlü qatlarda ritmik laylanmanın rəqsi hərəkətlərlə əlaqədar olmasının artıq sübuta ehtiyacı yoxdur.

Ümumiyyətlə, çökmə suxur qatlarının ritmik laylanmasi 3 əsas amilin təsiri altında yaranır: 1. Astronomik 2. Tektonika 3. İqlim

Bunlardan tektonika amili dominat rol oynayır. Bir çox litoloqlar Uellerin nəzəriyyəsine göre hər hansı ritmik laylanması ancaq rəqsi hərəkətlərlə izah edirlər. Həqiqətdə isə ritmik laylanma başqa amillərin təsiri altında da ola bilər. Məsələn, kobuddənəli layların meydana çıxması kontinentdə qalxma ilə alevritli gillərin əmələ gəlməsi, terrigen materialların gətirilməsinin zəifləməsi ile, terrigen suxurların karbonat suxurlarına keçməsi ise iqlimin kəskin deyişmesi ilə əlaqədar ola bilər. Ümumiyyətlə, ritmik laylanmaya bir çox amillər təsir etdiyindən onların araşdırılması kompleks tədqiqat üsulları aparılmasını tələb edir.

Sovet tədqiqatçıları nəinki kömürlü qatlarda hətta dəniz çöküntülərində ritmik laylanmanın geniş yayıldığını aşkar etmişlər. Məsələn, İ. B. Xvorova Moskva sineklizində Üst Karbon çöküntülərinin ritmik quruluşa malik olduğunu aşkar etmişdir. Hər bir ritmin qalinliği 1–10 m olub, bir neçə elementdən ibarətdir. Ritmin alt hissəsi terrigen suxurlardır (qravelitlər, qumlar və s. ). Ritmin üst hissəsi isə karbonat suxurların paragenezisi-əhangdaşılar, mergellər və gillərin növbələşməsi ilə tamamlanır.

İ. V. Xvorova karbon çöküntülərinin belə ritmik quruluşunu ancaq ritmik hərəkətlərlə izah edir. Qafqazda ilk dəfə flişin ritmik quruluşa malik olduğunun N. V. Vassoyeviç 1951-ci ildə göstərmişdir.

Qafqazın cənub şərq hissəsinin alt və üst təbaşir çöküntüləri çox xarakterik ritmik quruluşa malikdir.

Bunlar tipik fliş çöküntüləridir. Onları təşkil edən ritmlərin qalınlığı 10- 15 sm-dir. Hər bir fliş ritmi 3 elementdən təşkil olunmuşdur: 1. Qırıntı əhəngdaşları 2. Mergellər yaxud pelitamorf əhəhngdaşları 3. Gil suxurları

Belə ritmik quruluşu fliş çöküntülərini N. V. Vassoyeviçlə birlikdə N. V. Kudrin və N. V. Lazarenko Karpat dağlarının Eosen çöküntülərində öyrənmişlər. Ritmik quruluşu dəniz çöküntülərinin, daha doğrusu, flişin əmələ gəlməsini N. V. Vassoyeviç geoloji dövrlərin aktiv tektonik zonalarda onların inkişafının müəyyən mərhələsində dar uzun hövzələrin, fliş troqlarının yaranması ilə izah edir.

Fliş çöküntülərinin əmələ gəlməsi geosinklinal zonaların müəyyən inkişaf mərhələsinə uyğundur. Fliş əmələgəlmə haqqında təkmil nəzəriyyə indiyə qədər irəli sürülməmişdir. Məlumdur ki, yer qabığı əsas iki tip strukturdan: sabit (platformalar, kratonlar) və mütəhərrik strukturlarda (geosinklinallardan) ibarətdir. Bundan başqa, platformalardan geosinklinallara keçid təşkil edən strukturlara kənar çökəkliklər deyilir. Müsbət strukturlarda çökmə suxur qatlarının qalınlığı kəskin azalır və onlar iri, kobud dənəli çöküntülərdən təşkil olunur. Fasiya baxımından müsbət strukturların çöküntüləri kontinental, subkontinental və litoral mənşəlidir. Mənfi strukturlarda isə (sinekliz, sinklinori, dağarası çökəkliklər və s. ) çökmə suxur qatlarının qalınlığı xeyli artır; çökmə suxur örtüyünün şaquli kəsilişində stratiqrafik vahidlər arasındaki ardıcıllıq daha müntəzəm olur. Suxur qatlarının qranulometrik spektrləri- xırdadənəli suxurlardan (alevrolitlər, gillər, karbonat suxurlarından) təşkil olunur. Onlar mənşələrinə görə subkontinental və dəniz çöküntüləri fasial qruplarına aid ola bilərlər.