Fatimə Sultan (tatar Fatıymasoltan, Фатыймасолтан, فاطمه سلطان) (vəfatı 1681) — müstəqil xanbikə (kraliça) və 1679-cu ildən 1681-ci ilə qədər Qasım xanlığının son hökmdarı.[1][2]
Fatimə Soltan | |
---|---|
Fatimə Soltan bikəm فاطمه سلطان | |
Əvvəlki | Seyyid Bürhan |
Sonrakı | heç kim |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XVII əsr |
Vəfat tarixi | |
Fəaliyyəti | suveren[d] |
Atası | Ağa Məhəmməd Şah Quli Seyyid |
Həyat yoldaşı | Arslan xan |
Uşağı | Seyyid Bürhan |
Dini | İslam |
1627-ci ildə vəfat edən Arslan xanın yerinə oğlu Seyyid Bürhan keçdi. Uşaq olduğu üçün Seyyid Bürhana anası Fatma Sultan ilə babası Ağ Məhəmməd qəyyum təyin edilmişdilər. Fatma Sultan Qasım xanlığının tanınmış ruhanilərindən və Şah Qul ailəsindən olan Seyyid Ağ Məhəmmədin qızı idi. Çox keçmədi ki, ruslar yeni hiylələr qurdular. Onlar Seyid Bürhanı gələcəkdə çarın qızı ilə evləndirmək üçün əsas şərt kimi onun xristianlığını qəbul etməsini təklif etdilər. Fatma Sultan ağıllı və tədbirli qadın idi. Zahirən hər şeyi xoş qarşıladı, amma Seyyid Bürhahın hələ kiçik olduğunu və bir qərar qəbul edəcək yaşa çatana qədər gözləmək lazım gəldiyini irəli sürərək təklifi rədd etdi.
1633-cü ildə çar Qasım valisinə əmr edərək Seyyid Bürhanı Moskvaya gətirtdi. Çox ehtimal ki, elə o zamandan onu ortodoks kilsə ayinləri ilə tanış etməyə başlamışlar. İyirmi ildən sonra Seyyid Bürhan Adını da dəyişdi, dinini də. İndi o, xristianlığı qəbul etmiş Vasili idi. Bundan sonra onun Qasım xanlığında hökmdar kimi qala bilməsi, xarici siyasətdə Qasım xanlığının Moskva üçün əhəmiyyətini itirdiyini göstərirdi. Ölkədə rus olmayan kütlənin xristianlaşdırılması ruslaşdırma siyasətinin xeyli inkişaf etdiyini təsdiqləyirdi.
Tarixçilərin yazdığına görə, Vasili Arslanoviçin (Seyyid Bürhan) zamanında Qasım xanlığının əsas dayaqları olan islamın və bütpərəstliyin əzilməsi sürətlə davam etdi. Digər bir mənbədə isə tamam başqa faktdan söz açılır: Ryazan baş yeniskopunun müsəlmanları xristianlaşdırmaqda daha çox səy göstərməsi müsəlman türklər tərəfindən böyük üsyanla nəticələndi və keşiş 1656-cı ildə öldürüldü.
Müsəlmanların qarşılaşdıqları bu mənəvi irticanı göstərmək baxımından, Qasımdakı türbələrin birinin üzərindəki ayət çox əhəmiyyətlidir: " O vaxt ki, İsa onların küfrünü anladı, dedi ki, Allaha çatmaq üçün mənə kimlər yoldaş olacaq? Havariyun "bizlər" dedilər. Allaha bizlər inandıq, iman etdik. Bizlərin müsəlman olduğumuza mütləq şahid ol".
Adını, dinini dəyişən, amma sonradan bu hərəkəti üçün mənəvi əzab çəkən Seyyid Bürhanın hökmdarlığı 1679-cu ilə qədər davam edib. Elə həmin il çox yaşlı olmasına baxmayaraq Fatma Sultan Bikə Qasım taxtına əyləşdirildi. Rus hökumətinin bu hərəkəti, oğlunun bütün hüquqlarının anaya verilməsi ona qarşı xüsusi hörmətin nəticəsi kimi düşünmək yanlışlıqdır. Baxmayaraq ki, tarixçilərin əksəriyyəti belə qeyd edirlər. Əksinə müsəlmanların başlarını aldatmaq üçün yeni bir oyun qurulurdu. Çünki bu sonuncu və həm də qadın hökmdar zamanında Qasım xanlığı dövlət kimi heç bir əhəmiyyət kəsb etmədiyinə görə tarixi mənbələrdə onun haqqında məlumata çox nadir halda rast gəlinir.
Rusların Fatma Sultanın hökmdarlığına mane olmamaları və ona müstəqil hökmdar kimi münasibətləri bir tərəfdən də çox güman ki, oğlu Seyyid Bürhanın xristianlığı qəbul etməsilə bağlıdır.
Fatma Sultan onun qızlıq adıdır. Ərə gedəndən sonra hökmdar arvadı olmaq şərəfinə ona "Fatma Sultan Bikə" deyildi. Seyyid nəslindən olduğu üçün ruslar ona "Seyyidovna" deyirdilər. Çox hallarda da "Çariça Sultan Seyidovna" şəklində müraciət edilirdi. Fatma Sultan Bəyimin neçə il hökmdarlıq etdiyi qəti məlum deyil, Ancaq 1681-ci ildən sonra heç bir mənbədə onun adına rast gəlinmir. Əlbəttə, onun çox yaşlı olması , artıq yaşamamasını əsaslandırırdı. Bir rəvayətə görə o, Qasım şəhərində öz adına olan türbədə dəfn edilib. Bu türbənin iki mərtəbə olduğu söylənilir. Zaman, zəlzələ və vəlvələlər isə başqa söz deyir. Əfqan türbəsinin yanında göstərilən həmin türbənin yerində indi daş-kəsək qalmışdır.
Çox mühüm bir məqsəd üçün yaradılmış Qasım xanlığı sonralar rusların türklər əleyhinə istifadə etdikləri bir türk qalası vəziyyətini almışdı. Fatma Sultan Bikənin ölümüylə onun bütün torpaqları rus ərazilərinə qatılmış və 236 illik tarixi olan Qasım xanlığının varlığı sona çatmışdır. Qasım türkləri Moskva Rusiyasının genişlənməsində əhəmiyyətli rol oynamış, bir yandan da bu ətraflarda monqol və türk qəbilələrinin artmalarına səbəb olmuşdur. Qasım türkləri Qazan ləhcəsinə yaxın bir ləhcə ilə türkcə danışırdılar, amma bir fakt inkar edilməzdir ki, türkün ayağı hara dəyibsə orada quruculuq gedib. Türk həmişə yaratmağa meylli olub. İki əsrdən artıq zaman kəsiyində var olan Qasım xanlığının səltənəti süquta uğrasa da izləri silinməzdir.