Fikrət İsmayılov

Fikrət İsmayılov — (31 yanvar 1935 və ya 3 yanvar 1935, Naxçıvan31 mart 2015, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı[1], 91-lərin üzvü.

Fikrət İsmayılov
Şəxsi məlumatlar
Doğum tarixi 31 yanvar 1935(1935-01-31) və ya 3 yanvar 1935(1935-01-03)
Doğum yeri
Vəfat tarixi 31 mart 2015(2015-03-31) (80 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti fizik
Elmi fəaliyyəti
Elm sahəsi fizika
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı professor

Təltifləri "Şöhrət" ordeni

Fikrət İsmayılov 1935-ci il yanvarın 3-də Naxçıvan şəhərində müəllim ailəsində anadan olmuşdur.[2] Üzeyir Hacıbəyov adına Naxçıvan şəhər 1 saylı oğlan orta məktəbini, daha sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat və istehsalat əsasları ixtisası üzrə bitirib. 1960-cı ilin noyabr ayından AMEA Fizika İnstitutunda laborant, baş laborant, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. O, 1969–1971-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasında, 1979–1980-ci illərdə isə Mixail Lomonosov adına Moskva Zərif Kimya Texnologiyaları İnstitutunun kosmik materialşünaslıq və texnologiya ixtisası üzrə xüsusi fakültəsində oxumuşdur.

Əmək fəaliyyətinə 1960-cı ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda başlayan Fikrət İsmayılov burada müxtəlif vəzifələrdə çalışmışdır. 1973-cü ildə o, SSRİ Hərbi Sənaye Nazirliyi nəzdində yaradılmış Moskva Elmi Tədqiqat Tətbiqi Fizika İnstitutunun Bakı filialına keçirilərək baş elmi işçi və şöbə rəisi vəzifələrini tutmuş, sonralar taleyini yenidən Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlayaraq, Fizika İnstitutunda uzun illər laboratoriya müdiri işləmişdir.

Fikrət İsmayılov yarımkeçiricilər və dielektriklər fizikası üzrə 1971-ci ildə namizədlik, 1995-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Azərbaycanda fizika elmi sahəsində Fikrət İsmayılovun fəaliyyəti səmərəli olmuşdur. Xüsusi təyinatlı və mühüm əhəmiyyətə malik, çox sayda elmi tədqiqat və mühəndis-konstruktor işləri onun rəhbərliyi ilə yerinə yetirilmişdir. Kosmosda mürəkkəb tərkibli kristalların və xəlitələrin alınma texnologiyası, çəkisizlik şəraitində müxtəlif təcrübələrin keçirilməsi, elektron cihazların istehsalı və konstruksiyasının elmi əsaslarının işlənib hazırlanması alimin araşdırmalarının əsas istiqamətlərini təşkil edirdi. Fikrət İsmayılov 150-yə yaxın elmi əsərin, 30-dək elmi ixtira və səmərələşdirici təklifin müəllifi idi. Onun rəhbərliyi altında neçə tədqiqatçı dissertasiya müdafiə etmişdir. Ölkədə və onun hüdudlarından kənarda alimin müxtəlif simpozium və konfranslardakı çıxışları mütəxəssislərin marağına səbəb olmuşdur.

Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edən Fikrət İsmayılov 1995-ci ildə birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Üzərinə düşən bütün vəzifələrə dərin məsuliyyətlə yanaşmaqla o, çalışdığı sahələrdə göstərilən etimadı həmişə layiqincə doğrultmuşdur. 1990-cı illərin əvvəllərində respublikada baş verən mürəkkəb siyasi proseslər zamanı Fikrət İsmayılov öz həqiqi vətəndaşlıq borcunu yerinə yetirərək milli mənafelərə sədaqət nümayiş etdirmişdir.1993-cü il fevralın 20-dən ömrünün sonuna qədər YAP Yasamal rayon təşkilatına rəhbərlik etmişdir.[2] Elmi və ictimai fəaliyyəti yüksək qiymətləndirilən Fikrət İsmayılov bir sıra təltiflərə, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından "Şöhrət" ordeninə layiq görülmüşdür.

Tanınmış ictimai xadim və alim, respublika Dövlət mükafatı laureatı, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, fizika-riyaziyyat elmləri doktoru Fikrət İsmayıl oğlu İsmayılov 2015-ci il martın 31-i ömrünün 81-ci ilində vəfat etmişdir..[2]

Təltif və mükafatlar

[redaktə | mənbəni redaktə et]