Finkenşteyn müqaviləsi — Qacarlar dövləti ilə Fransa arasında bağlanmış saziş.
Fransa İngiltərənin Hindistandakı mövqelərinə zərbə vurmaq üçün İranda möhkəmlənməyə çalışırdı. 1796-cı ilin iyulunda Fransanın nümayəndələri Olivye və Brüger Tehrana gəldi. Onlar 1708 və 1715-ci illər Fransa-Səfəvi müqavilələrinin yenidən təsdiqinə nail olmaq və İran-Rusiya münasibətlərinin kəskinləşdirilməsinə çalışırdılar. Lakin bütövlükdə bu missiyanın diplomatik kəşfiyyat xarakteri daşıdığı bildirilir. Fransanın İranda möhkəmlənməsinə yol vermək istəməyən İngiltərə diplomatik fəallığı artırdı və siyasi və ticarət müqavilələri imzalamağa nail oldu. Lakin İngiltərə 1804-cü ildə İranla-Rusiya arasında başlanan müharibənin gedişində üzərinə götürdüyü təəhhüdləri yerinə yetirməkdə ardıcıllıq göstərmədi. Belə bir vəziyyətdə Fransa ilə İran arasında münasibətlər yenidən canlandı. Fətəli şah (1797–1834) 1804-cü ildə I Napoleona məktubla müraciət etdi. Məktub növbəti ilin yanvarında Parisə çatdı. I Napoleon tərcüməçi Joberi, onun ardınca mayor Romyeri Tehrana göndərdi. Müəyyən çətinliklərdən sonra Tehrana ilk çatan (1805, oktyabr) Romyer oldu, lakin tezliklə burada öldü. Jober isə 1806-cı ilin iyununda Tehrana gəldi. Elçilər I Napoleondan iki məktub (1805, 16 fevral və 30 mart) gətirmişdilər. 1805–1807-ci illərdə bir-birinin ardınca Bontan, Juannena, de Lablanş, Ruman və Pontenkulanın missiyaları Tehrana gəldi. Eylan döyüşündən sonra I Napoleon 1807-ci ilin yanvarında şaha müraciət etdi, onu Gürcüstan üzərinə yürüşə inandırmağa çalışdı. Fətəli şah elçi Məhəmməd Rzanı I Napoleonun yanına göndərdi. 1807-ci il 4 mayda Finkenşteyndə Fransa-İran müqaviləsi imzalandı.
Müqavilənin I maddəsi ilə Fransa imperatoru və İran şahı arasında sülh, dostluq və ittifaq təntənə ilə elan olunurdu. I və II maddələrlə I Napoleon İrana "onun indiki ərazisinin toxunulmazlığına" zəmanət verir və Gürcüstanın şaha "qanuni məxsusluğunu" tanıyırdı. IV maddə ilə Fransa Rusiyanı Gürcüstandan və digər Cənubi Qafqaz vilayətlərindən evakuasiyaya (təhliyyəyə) məcbur etməyi öhdəsinə götürürdü. VI–VII maddələrdə I Napoleon İran]]a zəruri miqdarda top və tüfənglər verməyi və şahın sərəncamına istehkamlar tikmək və İran ordusunu "Avropa hərb sənəti prinsiplərinə uyğun" olaraq, yenidən təşkil etmək üçün müxtəlif qoşun növləri zabitləri göndərməyi vəd edirdi. VIII maddə ilə İran şahı İngiltərə ilə bütün siyasi və ticarət münasibətlərini kəsməyi, ona müharibə elan etməyi, İran səfirini Bombeydən geri çağırmağı və hər hansı ingilis nümayəndəsini və ya agentini İrana buraxmamağı öhdəsinə götürürdü. X maddəyə əsasən şah öz qoşunlarını Hindistandakı ingilis mülklərinə hücum üçün Əfqanıstan vasitəsilə sərbəst keçidini təmin etməyi öhdəsinə götürürdü. XIII maddəyə görə şah Hindistana yönəldiyi halda İran ərazisindən fransız ordusunu buraxmağı öhdəsinə götürürdü. XV maddə ilə İran və Fransa arasında yeni ticarət müqaviləsi bağlamaq haqqında danışıqlar aparmaq nəzərdə tutulurdu. Müqavilə Qardanın Tehran missiyası zamanı Karek adasının fransızlara güzəşt edilməsi, onlara Qombur və Buşirdə faktoriyalar yaratmaq hüququ verən əlavə maddə ilə ratifikasiya olunmuşdu. Müqavilə antiingilis və antirus xarakteri daşıyırdı.
Napoleon Finkenşteyn müqaviləsinin imzalanmasından sonra İrana hərbi yardım göstərilməsi üçün tədbirlər görülməyə başladı. Fətəli şaha 1807-ci il 20 aprel məktubunda kavaleriya generalı Qardanın İrana göndərilməsi bildirilirdi. Aprelin 22-də İrana yola salınması nəzərdə tutulan hərbi qüvvənin dairəsi müəyyənləşdirilmişdi. Qardana missiyası ilə əlaqədar verilmiş 10 may təlimatında İranın İngiltərə və Rusiya ilə düşmənçilik münasibətlərinin qızışdırılması, İran ordusunun yenidən qurulması, 40–50000-lik qüvvə ilə Hindistana təcavüz planının hazırlanması və s. nəzərdə tutulurdu. Qardanın missiyası dekabrın 24-də Tehrana gəldi. Qardan İrana gəldikdən sonra qarşıya qoyulmuş diplomatik-hərbi tədbirləri həyata keçirməyə başladı. İran ordusu yenidən qurulmağa başladı və s. Məhz bu dövrdə Qardanla İranın birinci vəziri Mirzə Şəfi arasında Tehranda ticarət müqaviləsi imzalandı. 23 maddədən ibarət olan müqavilədə şah Sultan Hüseynin 1708 və 1715-ci illər müqavilələri üzrə Fransaya verilmiş kapitulyasiya hüququ təzələnir və inkişaf etdirilirdi. III maddədə göstərilirdi ki, "madam ki, Fransa imperatoru bütün xristian monarxların qalibi və başçısıdır" Fransa səfirləri, konsulları və tacirləri digər ölkələrin səfirləri, konsulları və tacirlərilə müqayisədə üstünlüyə malikdir. VIII və IX maddələrdə qeyd olunurdu ki, Fransa tacirləri İrandan istənilən malı maneəsiz aparmaq imkanı əldə edir. Onlar üç illiyə İrana mallar, həmçinin qızıl, gümüş və cəvahirat gətirmək və aparmaq üçün gömrük ödəməkdən azad olunurlar. Üç il keçdikdən sonra yalnız birdəfəlik gömrük alınır və malların dəyərinin 3%-dən çox olmur. XI maddə ilə Fransa İranın istənilən şəhər və limanlarında ən geniş səlahiyyətlər verilmiş konsulluqlara malik ola bilərdi. Yalnız onların Fransa təbəələri arasında konflikt əmələ gəldiyi halda onları mühakimə etmək hüququ var idi. İran hökumətinin fransız konsullarının iştirakı olmadan fransız və İran təbəələri arasındakı mülki və cinayət işlərini və mübahisələri ayırd etmək hüququ yox idi. XV maddədə yazılmışdır ki, katolik ruhaniləri İran hökumətindən yalnız maneəsiz olaraq dini mərasimləri icra etmək deyil, bütün xristian əhalisi içərisində azad təbliğat aparmağa da icazə alır. İran hökuməti katolik keşişlərinə münasibətində "sayğısızlıq" göstərmiş müsəlmanları, həmçinin xristian təbəələri (erməni və avropalıları) ciddi cəzalandırmağı öhdəsinə götürür. XVII maddədə deyilirdi ki, "madam ki, fransız sarayı nümayəndələri orada ticarət kontoru təsis etmək üçün İran sarayının bəxşiş üçün Xarq adasının onlara verilməsi arzusunu bildirdilər, qərara alındı ki, İran sarayı bu adanı iki ölkə arasında bağlanmış ittifaq haqqında müqavilənin (Finkenşteyn müqaviləsi – Ə. Ç.) şərtlərinə uyğun olaraq rusların Gürcüstandan və bütün İran əyalətlərindən çıxarılmasından sonra fransızlara verəcək ki, onlar orada möhkəmlənsinlər və o, bundan sonra və həmişəlik onların mülkiyyəti olsun…". XVIII maddə ilə Fransa ticarət və hərb gəmilərinə Fars körfəzi limanlarına sərbəst daxil olmaq hüququ verilirdi. XXIII maddə Fransa konsulları, tacirləri və təbəələrinə torpaq icarəyə götürüb evlər və digər binalar tikmək hüququ verirdi. Həm məhkəmə, həm də mülki İran vəzifəli şəxslərinin Fransa təbəələrinin evlərinə onların razılığı olmadan daxil olma hüququ yox idi. 1807-ci ilin iyulunda Fransa ilə Rusiya arasında Tilzit sülh müqaviləsi imzalandıqdan sonra Fransa ilə İran arasındakı münasibətlərdə soyuqlaşma başladı. Qardan sonuncu dəfə 1809-cu il fevralın 12-də şahın görüşündə oldu və 16-da Tehranı tərk etdi. Yenidən İngiltərə-İran yaxınlaşması başlandı.