Firudin Məmməd Əli oğlu Haşımzadə (7 dekabr 1935, Bakı – 28 sentyabr 2018) — Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü (2001).[1][2]
Firudin Haşımzadə | |
---|---|
Doğum tarixi | 7 dekabr 1935 |
Doğum yeri | |
Vəfat tarixi | 28 sentyabr 2018 (82 yaşında) |
Milliyyəti | Azərbaycanlı |
Elm sahələri |
Nəzəri fizika Yarımkeçiricilər və dielektriklər fizikası |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Firudin Məmməd Əli oğlu Haşımzadə 1935-ci il dekabrın 7-də Bakı şəhərində, Azərbaycanın ilk fiziklərindən biri olan Məmməd Əli Uğur oğlu Haşımzadənin ailəsində anadan olmuşdur.
1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirmişdir.
F. M. Haşımzadə 1962-ci ildə fizika-riyaziyyat elmləri namizədi və 1972-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1974-cü ildə isə professor elmi adını almışdır, 1980-ci ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.
F. M. Haşımzadə elmi işə Leninqrad (hazırda Sankt-Peterburq) Fizika-Texnika İnstitutunda başlamışdır (1957–1963). 1963-cü ildən ömrünün sonuna qədər AMEA Fizika İnstitutunda işləyib. Aspiranturanı (1957–1960) bitirdikdən sonra kiçik elmi işçi (1961–1963), böyük elmi işçi (1963–1968), "Yarımkeçiricilərin nəzəriyyəsi" laboratoriyasının müdiri (1968–1993), Fizika İnstitutunun direktoru vəzifəsini icra etmiş (1993–2000), "Aşağı ölçülü və nizamsız sistemlər fizikası" probleminin rəhbəri (2002-ci ildən) vəzifəsində çalışmışdır. Baş elmi işçidir.
F. M. Haşımzadə "Fizika elmi" jurnalının yaradıcısıdır və bu periodik məcmuənin təşəkkül tapması, yayılması və təkmilləşməsi üçün daim fəaliyyət göstərir. Elmi fəaliyyəti ilə yanaşı o, 30 ildən artıq müddətdə Bakı Dövlət Universitetində nəzəri fizikanın və bərk cisim nəzəriyyəsinin müasir problemlərindən bəhs edən mühazirələr oxumuşdur.
F. M. Haşımzadə bərk cismin nəzəriyyəsi sahəsində tanınmış alimdir. O, Keyn tipli yarımkeçiricilərin və yarımmetalların kinetik, optik və maqnit xassələrinin ardıcıl nəzəriyyəsini yaratmış, onların volt-amper xarakteristikasının qeyri-xəttiliyinin yeni mexanizmini aşkar etmiş, həmin tip yarımkeçiricilərin anomal maqnit xassələrinə malik olmasını göstərmişdir.
F. M. Haşımzadə psevdopotensial metodu ilə yarımkeçirici birləşmələrin zona quruluşunu və rəqs spektrlərini ilkin prinsiplərdən hesablamışdır. O, aşağı ölçülü kvant sistemlərində yükdaşıyıcıların enerji spektrini müəyyənləşdirmiş, parabolik potensiallı yarımkeçirici kvant çuxurunda elektrik keçiriciliyinin, termoelektrik, qalvanomaqnit və termomaqnit effektlərin nəzəriyyəsini qurmuş, mənfi maqnitomüqavimətin əmələ gəlməsinin yeni mexanizmini aşkar etmişdir.
Laylı və zəncirvarı quruluşa malik yarımkeçirici kristalların zona quruluşunun hesablanması, onlarda faza keçidlərinin nəzəriyyəsinin qurulması da onun əsas elmi nəticələrindəndir.
11 fizika-riyaziyyat elmləri doktoru və 22 elmlər namizədi hazırlamışdır.