Fluvioqlasial düzənliklər — Bu düzənliklərin əmələ gəlməsi əsasən dördüncü dövr buzlaqlarının əriməsi ilə əlaqədar olaraq,suyu daha da artmış dağ çaylarının dağıdıcı fəaliyyəti ilə izah edilir. Həmin çay sularının gətirdiyi çöküntülər ətraf sahələrə yayılaraq, geniş fluvioqlasial düzənliklər yaradır. Bu çöküntülər fluvioqlasial çöküntülər, həmin düzənliklər isə fluvioqlasial düzənliklər adlanır. Belə düzənliklər dördüncü dövr buzlaşma dövründə Qərbi Avropanın şimalında Almaniya və Polşa ərazisində əmələ gəlmişdir. Dördüncü dövr buzlaşmasının təsirinə məruz qalan dağətəyi düzənliklərin bir qismi də fluvioqlasial düzənlik kimi formalaşmışdır. Belə düzənliklərə Azərbaycanda Qusar maili düzənliyini,Almaniyada Münxen düzənliyini və s.düzənlikləri misal göstərmək olar.[1]