Romen Qari (əsl adı Roman Katsev (Roman Kacew), təxəllüsü Emil Ajar (Émile Ajar); 21 may 1914[1][2], Vilnüs, Rusiya imperiyası – 2 dekabr 1980[3][4][…], VII arondisman, Fransa[5]) — yəhudi əsilli fransız yazıçısı, kinorejissor, ssenarist və diplomat. İkinci dünya müharibəsi dövründə hərbi pilot olmuşdur. İki dəfə Qonkur mükafatı laureatı olan yeganə şəxsdir (1956, 1975).
Romen Qari | |
---|---|
fr. Romain Gary | |
Doğum adı | Roman Kacew |
Təxəllüsləri | Emil Ajar, Fosko Sinibaldi, Şatan Boqat |
Doğum tarixi | |
Doğum yeri | Vilna, Rusiya imperiyası |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Vəfat səbəbi | güllə yarası[d] |
Vətəndaşlığı | Fransa |
Milliyyəti | litva əsilli fransız |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, kinorejissor, ssenarist, diplomat |
Fəaliyyət illəri | 1945-1980 |
Əsərlərinin dili | Fransız dili |
İstiqamət | Postmodernizm |
İlk əsəri | Avropa təhsili (Education européenne) |
Vikianbarda əlaqəli mediafayllar |
Əsl adı Roman Katsev olan yazıçı 8 may 1914-cü ildə Rusiya imperiyasının Vilna şəhərində (indiki Vilnüs, Litva), yəhudi ailəsində dünyaya gəlmişdir. Üç yaşında ikən ailəsi ilə birlikdə Varşavaya köçür. Atası Arye-Leyb Katsev 1925-ci ildə ailəni tərk edir və yenidən evlənir. Bu vaxtdan etibarən Roman anası Nina Ovçinski tərəfindən tərbiyə olunur. 1928-ci ildə o, anası ilə Fransaya, Nitsa şəhərinə köçür. Bu dövrdə Eks-an-Provans və Paris şəhərlərində hüquq təhsili alır və eyni zamanda hərbi pilot olmağa hazırlaşır.
İkinci dünya müharibəsi dövründə Roman Böyük Britaniyaya gedir və Şarl de Qoll tərəfindən yaradılan müqavimət hərəkatına qoşulur. Pilot kimi Avropa və Afrikadakı döyüşlərdə iştirak edir. O, 65 saatdan artıq uçaraq, 25-dən artıq uğurlu hücumda iştirak etmişdi. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə çox sayda şərəf nişanı və medallarla mükafatlandırılmışdı.
Müharibədən sonra diplomatik xidmətdə qulluq etməyə başlayır və eyni zamanda 1945-ci ildə özünün ilk hekayəsini yayımlayır. Tezliklə Romen Qari bəzilərini Emil Ajar təxəllüsü ilə yazacağı 30-dan artıq roman, hekayə və memuarla Fransanın ən məhsuldar və məşhur yazıçılarından birinə çevrilir. Bundan əlavə o, Fosko Sinibaldi və Şatan Boqat təxəllüslərinin hər biri ilə bir roman yayımlamışdır.
1952-ci ildə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı, 1955-də isə Londondakı mərkəzində fransız nümayəndəliyinin katibi, 1956-cı ildə Fransanın Los-Ancelesdə baş konsulu təyin olunur.
İlk həyat yoldaşı Britanyalı yazıçı, jurnalist və "Vogue" jurnalının redaktoru Lesli Blanş olmuşdur. Bu evlilik 1944-cü ildən 1961-ci ilədək davam etmişdir.
1962–1970-ci illər arasında məşhur amerikalı aktrisa Cin Siberqlə ailə həyatı yaşayır. Romen Qarinin bu evlilikdən Aleksandr Dieqo Qari adlı bir oğlu vardır.
1956-cı ildə yazıçı "Səmanın kökləri" (Les racines du ciel) əsərinə görə Fransanın ən yüksək ədəbi mükafatı olan Qonkur mükafatına layiq görülür. O, həm də hər yazıçıya yalnız bir dəfə verilən bu mükafatı iki dəfə almış yeganə şəxsdir. Birinci dəfə Romen Qari adı ilə, ikinci dəfə isə 1975-ci ildə Emil Ajar təxəllüsü ilə yazdığı "Həyat irəlidədir" (La vie devant soi) əsərinə görə.
Romen Qari 1980-ci il dekabrın 2-də tapançadan açdığı atəşlə intihar edir. Cin Siberqlə ayrıldıqdan sonra sarsılan Qarinin intiharında Siberqin 1979-cu ildəki müəmmalı ölümündən sonra girdiyi böhranın böyük təsiri olduğu güman edilir. Ölümqabağı məktubunda o, yazır:
"Bunu əsəb gərginliyi ilə izah etmək olar, amma onu da nəzərə almaq lazımdır ki, bu, mən yetkin insan olduğum andan başlayıb və məhz o, mənə ədəbiyyatla layiqincə məşğul olmağa yardım edib."