Qonkur mükafatı

Edmon və Jül Qonkur

Qonkur mükafatı (fr. Prix Goncourt) — ən yaxşı roman üçün Qonkur qardaşlarının adını daşıyan Fransanın ən nüfuzlu ədəbi mükafatı. 1903-cü ildən etibarən hər il Qonkur akademiyası üzvlərinin səsverməsi əsasında Parisdəki "Druan" (Drouant) restoranında təşkil edilən xüsusi şam yeməyi zamanı təqdim edilir. Mükafatın məbləği simvolikdir (hazırda on avro), lakin bir qayda olaraq, mükafatın verilməsi qalib romanın satışını əhəmiyyətli dərəcədə artırır və onun müəllifini fransız ədəbiyyatında ön sıralara çıxarır.

Qonkur akademiyasına ildə 60 frank nominal qonorar alan Fransanın ən məşhur on yazıçısı daxildir. Akademiyanın hər bir üzvü yalnız bir səsə malikdir və yalnız bir kitaba səs verə bilər. Səslər bərabər olduqda, sədrin səsinin verildiyi əsərə üstünlük verilir. Müxtəlif dövrlərdə Qonkur akademiyasının üzvləri yazıçılar Alfons Dode, Jül Renar, böyük Roni, Filip Eria, Erve Bazen, Lui Araqon və başqaları olmuşlar.

Qonkur mükafatının əsasnaməsinə görə, bu mükafat müəllifə ömür boyu yalnız bir dəfə verilə bilər. Yeganə istisna yazıçı Romen Qaridir. O, ilk dəfə 1956-cı ildə laureat olmuşdu və 19 il sonra Emil Ajar adı ilə yenidən mükafata layiq görüldü. Qarinin ədəbi hiyləsi Ajarın mükafata layiq görülməsindən sonra üzə çıxdı.

Əsas mükafat və paralel Qonkur liseyçilər mükafatı ilə yanaşı, Qonkur akademiyası debüt romanı, poeziya, novella və bioqrafik əsərlər üçün də mükafat verir. Son illərdə Fransa İnstitutu frankofoniya proqramı çərçivəsində Şərqin (Livan) və Avropanın bir sıra ölkələrinin (İtaliya, Polşa, Rumıniya, Serbiya) seçimi əsasında fransız yazıçıları üçün Qonkur mükafatlarını da təsis etmişdir.

Populyar mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

1951-ci ildə fransız yazıçısı Pyer Qamarra "Qatilə – Qonkur mükafatı" detektiv hekayəsini yazır. Mükafatın nüfuzunu qəsdən aşağı salmağa dair ittihamların qarşısını almaq üçün romanın mətnindən əvvəl bildiriş yerləşdirilmişdi: "Bu romanın bütün faktları və personajları uydurmadır. Qonkur mükafatı yalnız bütün ədəbi mükafatların ən məşhuru olduğuna görə götürülüb, lakin onu hər hansı digər mükafatla əvəz etmək olar."

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Goncourt Academy-nin rəsmi saytı  (fr.) )
  • Луков, Владимир Андреевич. "Гонкуровская премия". Электронная энциклопедия «Современная французская литература». 2011. 2012-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-16.