Frederik Renal (fr. Frédérick Raynal; 15 mart 1966, Briv-la-Qayard[d]) — Fransa geymdizayneri və proqramçısı. O, "Infogrames", "Adeline Software International" və "No Cliché" şirkətlərindəki fəaliyyəti ilə tanınır, videooyun sənayesində 1990-cı və 2000-ci illərin öncül şəxslərindən biri hesab edilir.[1] Renal "İncəsənət və Ədəbiyyat" ordeninin kavaleridir.
Frederik Renal | |
---|---|
fr. Frédérick Raynal | |
Doğum tarixi | 15 mart 1966 (58 yaş) |
Doğum yeri |
|
Fəaliyyəti | video oyun dizayneri[d], proqramçı, rejissor |
ludoid.fr | |
Vikianbarda əlaqəli mediafayllar |
Renal proqramlaşdırma karyerasına 1980-ci illərin axırlarında start vermiş, ancaq 1992-ci ildə "Infogrames" tərəfindən satışa çıxarılan "Alone in the Dark" survival horror videooyununun rejissoru olduqdan sonra populyarlaşmışdır. Renal "Infogrames" şirkətindən ayrılandan sonra "Adeline Software International" studiyasında çalışmış, "Little Big Adventure" (1994), "Little Big Adventure 2" (1997), və "Time Commando" (1997) kimi videooyunların üzərində işləmişdir. "Adeline" studiyası "Sega" korporasiyası tərəfindən satın alındıqdan sonra onun adı "No Cliché" olaraq dəyişdirilmişdir, ancaq studiya 2004-cü ildə bağlanmışdır. Renal videooyun sənayesinə geri dönmüş və müxtəlif studiyalarla çalışmışdır. Onun üzərində işlədəyi axırıncı layihə "2Dark" (2017) videooyunudur.
Frederik Rünal 15 mart 1966-cı il tarixində Fransanın Briv-la-Qayard şəhərində anadan olmuşdur. Renal uşaqlıq illərində digərləri ilə əlaqə qurmaqdan qaçınardı.[2] Renalın maraqlarını nəzərə alan atası onu 1979-cu ildə proqramlaşdırma kursuna yazdırır. Renalın kompüterlərə olan marağı getdikcə artıq və o, 1981-ci ildə "Sinclair ZX81" kompüterini satın alır. Buna baxmayaraq, Renal satıcı olaraq işləyirdi. O, 1982–1983-cü illərdə video kaset mağazası işlətmişdir.[3] Renalın uşaqlıq və gənclik illərində izlədiyi qorxu filmləri onun gələcəkdə məhz bu janr üzrə ixtisaslaşmasına səbəb olmuşdur.[4]
Frederik Renalın əsərləri mövzu baxımdan eklektikdir, lakin rejissor əsasən döyüş-macəra oyunları üzrə ixtisaslaşmışdır.[5] Onun iştirakı ilə istehsal edilmiş videooyunların hədəflədiyi auditoriyaları fərqlidir. Geymdizayner cizgi filminə bənzəyən "Little Big Adventure" videooyunundan tutmuş,[6] ağır zorakılıq və uşaqların öldürülməsini təsvir edən "2Dark" videooyununa qədər müxtəlif layihələr üzərində işləmişdir.[7] Renalın iştirakı ilə istehsal edilmiş videooyunların estetikası, az poliqonlu "Alone in the Dark" videooyunundan tutmuş[8] pikselli "2Dark" videooyununa qədər cürbəcürdür.[9] Onun işləri "dəlisov ideyalardan məhrum edilməmiş"[10] və "qeyri-real"[11] kimi təsvir edilmişdir. Baxmayaraq ki, Renal "Alone in the Dark" sayəsində məşhur oldu, o, yaradanı hesab edildiyi survival horror janrından uzaq qalmağa çalışmışdır. Renal yüksək qiymətləndirilən işlərindən nifrət edir,[12] onun iştirakı olmadan istehsal edilən sikvelləri "nəcis" adlandırır.[13]
Fransa Mədəniyyət və Rabitə naziri Reno Donnedye de Vabr 13 mart 2006-cı il tarixində Frederik Renal, Şiqeru Miyamoto və Mişel Anseli "İncəsənət və Ədəbiyyat" ordeni ilə təltifləndirmişdir. Bu, videooyun istehsalçılarının bu fərqlənmə ilə ilk dəfə mükafatlandırılması idi.[14]